Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:28

Bir Azərbaycan, iki Heydər Əliyev: biri kommunist, o biri azad


Heydər Əliyev və İlham Əliyev, 21 mart 2003

Heydər Əliyev və İlham Əliyev, 21 mart 2003

14 iyul axşamı Bakıda atəşfəşanlıqdır. Mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 illiyi təmtəraqla qeyd olunur, ölkənin dörd bir yanında çal-çağırdır, rəsmi televiziyalar isə onunla bağlı filmlər, verilişlər yayımlayır. Bu filmlərdə Heydər Əliyev hələ 40 il öncə müstəqilliyə gedən yolun təməlini qoyan ümummilli lider kimi təqdim edilir.

Filosof Niyazi Mehdi deyir ki, Heydər Əliyevi sevənlərin əlində imkan var və bu günü bayram edirlər. Və buna sadəcə, ideologiya kimi yanaşmaq lazımdır. Amma o başqa sualdır ki:

«Əhalinin neçə faizi bu təmtəraqlı bayramdan ləzzət alacaq? Bu sualın cavabı açıq qalır».

«40 İLDƏ VURDUĞU ZİYANLARI HESABLAYANDA…»

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə bu təbliğat haqda belə düşünür:

«Rəsmi mətbuat çox nağıllar danışa bilər. Mən düşünmürəm ki, ağlı başında olan kimsə bu nağıla qulaq asa, inanmaqdan isə söhbət belə gedə bilməz. 1969-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibinin dəyişməsi Moskva siyasətinin prosedur hadisəsiydi. Aydındır ki, Azərbaycandakı strukturlar müstəqil deyildilər. Moskva da katibin birini çıxarıb, başqasını qoyurdu. Son 40 ildə Heydər Əliyevin Azərbaycana vurduğu ziyanları hesablayanda, onun bir fayda gətirmədiyi üzə çıxır».

İsa Qəmbər deyir ki, Əliyevin 1969-1982-ci illərdəki fəaliyyət dövrünü bəlkə də başa düşmək olar, sovet dövrüydü, imkanlar məhdud idi. Amma 1993-2003-cü illərdə dövlət başçısı kimi məsuliyyəti və imkanları böyük idi:

«Bu 10 ili itirilmiş sayıram. Nə torpaqların azad olunması yönündə irəliləyiş oldu, nə iqtisadiyyatın inkişafı ilə bağlı gərəkən addımlar atıldı, nə də azadlıqlar artırılıb».

«ƏLİYEV MÜSTƏQİLLİYƏ GEDƏN YOLDA İRƏLİLƏYİŞ ETDİ»


Şair Zəlimxan Yaqub isə bu fikirdədir ki, 1969-cu ildə Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda milli dəyərlərə qayıdış gücləndi, milli təfəkkürdə, ədəbiyyatda, incəsənətdə güclü dəyişiklik oldu:

«Bu 40 ili dərindən təhlil edəndə görürük ki, Azərbaycan dövləti, dövlətçiliyi dünyada böyük nüfuz qazanıb. Baxmayaraq ki, Əliyevin hakimiyyətinin bir hissəsi Rusiya imperiyası dövrünə düşürdü. Amma onun tarixi qəhrəmanlığı nəticəsində Azərbaycan onda da güclü inkişaf etdi. Bu günkü müstəqilliyə gələn yolda böyük irəliləyiş yarandı».

Zəlimxan Yaquba görə, Azərbaycanda milli ordunun güclənməsi, xalqın maddi rifahının yaxşılaşması Heydər Əliyevlə bağlıdır.

«ƏT YOXDU, SÜD-QATIQ Kİ, VAR…»

Evdar xanım Rəfiqə Hüseynovanın yadında isə Əliyevin hakimiyyəti qıtlıq dövrü kimi qalıb. Deyir ki, ötən əsrin 70-ci illərində Əhmədli qəsəbəsinə gələn birinci katib sakinlərin vəziyyəti ilə maraqlanır. Bu zaman bir nəfər deyir ki, yoldaş Əliyev, mağazada ət-yağ tapılmır. Katibin cavabı belə olur:

«Ət-yağ yoxdur, süd-qatıq ki var…Ət yeməsəniz də olar».
Şair Zəlimxan Yaquba görəsə, o zamankı qıtlığı Heydər Əliyevin adına yazmaq günah olar, bu dövrdəki çətinliklər bütünlükdə Brejnev hakimiyyətinə xasıydı.

İKİ HEYDƏR ƏLİYEV: KOMMUNİST VƏ AZAD

Politoloq Toğrul Cuvarlı isə həmin 40 ilə bütöv bir dövr kimi yanaşmanı doğru saymır. Onun qənaətincə, Əliyevin hakimiyyəti iki hissəyə bölünməlidir: sovet və müstəqillik dönəminə.

Politoloqa görə, sovetlər dönəmindəki Əliyev bir başqaydı, müstəqillik dönəmindəki Əliyev tamam başqa. Toğrul Cuvarlı deyir ki, düzdür, sovet dövründə də o, qəbul olunan və enerjili partiya lideriydi. Amma Əliyev həm də Kommunist Partiyasının qayda-qanunlarına tabe idi. Üstəlik, politoloq bir məqamla da razılaşmır – rəsmi təbliğatda Heydər Əliyevin sovet dönəmində böyük quruculuq işlərinə vüsət verən lider kimi təqdim olunmasıyla:

«Ən azından o proses bütün respublikalarda gedirdi. Bu, bir adamın təşəbbüsü deyildi».

O ki qaldı müstəqil Azərbaycanın lideri Heydər Əliyevə, Toğrul Cuvarlıya görə, bu dövrdə o, daha sərbəstiydi. Səriştə və bacarığını işə salmışdı. Bu imkanlar isə təkcə Qərblə Rusiya arasında münasibətləri tənzimləməyə, xaricdən gələn təhlükəni önləməyə yox, həm də bəzən ölkədəki siyasi rəqiblərini küncə sıxışdırmağa yönəlirdi. Hərçənd Toğrul Cuvarlı eks-prezidentin bu xüsusiyyətini mühakimə etmək istəmir. O, həmin dövrün mənzərəsinin yetərincə mürəkkəb olduğunu xatırlayır:

«Belə deyək də, püxtələşmiş siyasətçi təxminən bu addımları atmalıydı. Məndən ötrü təəccüblü deyildi ki, prezident köməkçisi işləmiş Eldar Namazov deyirdi ki, 1998-ci ilə kimi Heydər Əliyevin bütün addımları təxminən düzgün idi və bu addımları başa düşmək olardı. Yeni dövlətçilik qurulurdu».

Amma Toğrul Cuvarlı sonrakı 5 il haqda bu cür düşünmür:

«Həmin dövrdə tarazlıq pozuldu. Hakimiyyəti gücləndikcə kök atan Əliyevin yeni iddiaları ortaya çıxdı və problemlər də elə bundan sonra yarandı».

Şərhləri göstər

XS
SM
MD
LG