Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:20

Qəzadan sağ çıxan mexanikin dedikləri


Adil Əzimov
Adil Əzimov
«Arxa tərəfdən nə isə səs eşidilməyə başladı. Komandir bu səsin nə olduğunu soruşdu. Biz elə istəyirdik ki, öyrənək görək nə olub, birdən vertolyot dənizə düşdü».

İyulun 12-də Xəzər dənizinə düşən vertolyotun sağ qalan gəmi mexaniki Adil Əzimov belə deyir. O, hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunur. Qəza nəticəsində başından, sinəsindən və ayağından zədələr alıb. Amma buna baxmayaraq, xilasedicilər gələnə qədər özü üzərək xilas olub.

Adil Əzimov deyir ki, 32 ildir uçuşlar edirlər, onun da 10 ildən çoxunu qəzaya uğrayan vertolyotda çalışıb. Onun sözlərinə görə, həmin vertolyotlar sovet dövründən qalsa da, daim texniki baxışdan keçib, hətta bir-iki dəfə əsaslı təmir də olunub. Bundan başqa, hər uçuşdan əvvəl vertolyot yoxlanılırmış, elə sonuncu uçuşdan əvvəl də vertolyotda hər hansı texniki nasazlıq üzə çıxmayıb. Gəmi mexaniki vertolyotun uçuş meydançasındakı platformaya ilişməsilə bağlı məlumatları əsasız sayır. Onun sözlərinə görə, artıq vertolyot platformadan bir qədər kənarlaşandan sonra arxa tərəfdə mühərrikdə səs eşidilməyə başlayıb. Adil Əzimova görə, hər şey vertolyotun qara qutusu oxunandan sonra aydın olacaq.

DƏNİZƏ DÜŞƏN VERTOLYOT HƏLƏ ÜÇ İL DƏ UÇA BİLƏRMİŞ

Adil Əzimov deyir ki, onların istifadəsində olan vertolyot sovet dövründən qalma, amma işlək olub, hər hansı problemi olmayıb:

«Bu vertolyot işlək vəziyyətdə olub. Mühəndislər hər dəfə ona baxıblar, nəzarət olub».

«Azal» Hava Yolları Dövlət Konserninin mətbuat katibi Məhərrəm Səfərli də deyir ki, qəzaya uğrayan vertolyotun uçuş müddəti bitməyib, vertolyot 1992-ci ildə Rusiyada istehsal olunub və elə həmin il də Azərbaycana gətirilib. Vertolyotun istismar müddətinin 25 il olduğunu deyən cənab Səfərliyə görə, onun son istifadə müddətinə 8 il qalıbmış. Sonuncu dəfə iki il əvvəl isə Rusiyada Engels adına aviatəmir zavodunda təmir edilib və sertifikat verilib. Bu sənədə görə, təmirdən sonra həmin vertolyot üç il yarım uça bilərmiş. Məhərrəm Səfərliyə görə, hazırda «Azal»ın aviaparkında bu vertolyotdan daha bir neçəsi var.

İKİ İL ƏVVƏL DƏ BİR VERTOLYOT DƏNİZƏ DÜŞMÜŞDÜ

İyulun 12-də Xəzər dənizində qəzaya uğrayan Mİ-8 vertolyotu iki il ərzində «Azal»ın qəzaya uğrayan ikinci vertolyotudur. 2007-ci ilin oktyabrın 12-də «Azal»a məxsus Mİ-8 vertolyotunun qəzaya uğraması nəticəsində 4 ekipaj üzvü və Azərbaycan Dövlət Neft Şirkətinin 2 əməkdaşı həlak olmuşdu. Həmin vaxt Mİ-8 vertolyotu ilə səhhətində problem yaranan neftçi sahilə xəstəxanaya gətirilərkən havaya qalxandan bir az sonra qəzaya uğramışdı.

ÇIXIŞ YOLU YENİ VERTOLYOTLAR ALMAQDADIR


Hərbi ekspert Üzeyir Cəfərovsa əmindir ki, Mİ-8 vertolyotları Azərbaycanın aviasiya parkından çıxarılmalıdır. Ekspert sual edir ki, bütün dünyaya neft-qaz satan bir ölkənin neftçiləri niyə köhnə vertolyotlarda uçmalıdırlar? Üzeyir Cəfərova görə, bu nəsil vertolyotlar təkcə «Azal»da deyil, Müdafiə Nazirliyi və sərhəd qoşunlarında da var. Ekspert hesab edir ki, nə qədər ki, digər sahələrdə də belə bədbəxt hadisələr baş verməyib, Azərbaycan bu vertolyotları öz aviasiya parkından çıxarmalıdır:

«Bizim buna imkanlarımız da var, bu park yenilənməlidir. O qədər köhnə vertolyotu saxlamaqdansa, bir neçə müasir vertolyot saxlamaq daha sərfəli və daha təhlükəsizdir».

Mİ-8 1960-cı illərin əvvəllərindən istehsal olunmağa başlayıb. Həmin vaxtdan bəri iki mühərrikli bu vertolyotdan mülki və hərbi tapşırıqların yerinə yetirilməsində geniş istifadə olunur. Mİ-8 1967-ci ildə Sovet Hərbi Hava Qüvvələrinin tərkibinə daxil edilib. Dünyanın 50-dən artıq ölkəsində istifadə edilir.
XS
SM
MD
LG