Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:52

Havanın temperaturu 41 dərəcəyə çatarsa, iş dayandırılmalıdır


Sabah Azərbaycanda havanın temperaturu 41 dərəcəni keçəcək
Sabah Azərbaycanda havanın temperaturu 41 dərəcəni keçəcək
İyulun 14-də Azərbaycanda havanın temperaturu 41 dərəcəni keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən deyirlər ki, ən isti hava Mərkəzi Aran rayonlarında və Naxçıvanda müşahidə olunacaq. Paytaxtda isə havanın temperaturu 40 dərəcəyə çatacaq.

NAZİRLƏR KABİNETİ QƏRAR VERMİR

Əmək Məcəlləsinə edilən yeni dəyişikliyə görə, havanın temperaturu 41 dərəcəyə çatarsa, iş dayandırılmalıdır. Nazirlər Kabineti bu barədə qərar verəcəkmi?

Nazirlər Kabinetinin sözçüsü Akif Əli «Azadlıq» radiosuna deyir ki, bu barədə qərar yoxdur, amma harda havanın temperaturu 41 dərəcəni keçərsə, o yerlərdə iş dayanmalıdır:

«Bu, açıq hava şəraitində işləyənlər üçün nəzərdə tutulur – tikintidə, tarlada işləyənlər işlərinə fasilə verməlidirlər».

Nazirlər Kabinetinin qərarı yoxdursa, işi kim dayandıra bilər?

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, sahibkarlar işçilərinin qayğısına qalmalıdırlar:

«Əgər işçini itirmək istəmirlərsə, mütləq Əmək Məcəlləsinə əməl etməlidirlər. İşçi özü də işi dayandıra bilər və onun bu hüququ qanunla qorunur».

Əmək Məcəlləsində isə göstərilir: «Havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir».

BƏS İSTİ HAVADAN NECƏ QORUNMALI?

Əvvəlcə onu deyək ki, ürək, qan-damar xəstəlikləri olan, şəkərdən əziyyət çəkənlər, infeksiyaya tutulanlar, azyaşlı uşaqlar və yaşlı adamlar qızmar gün altında qalmaqdan çəkinməlidirlər.

Xüsusilə gündüz saat 11-12-dən axşam saat 5-6-ya qədər sərin yerdə qalmaq məsləhət görülür.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev bildirir ki, bu saatlarda gün altında qalmağa məcbur olan adamlar mütləq başlarını örtməlidirlər:

«Açıq havada işləyənlər tez-tez işlərinə fasilə verməlidirlər. Bir də çoxlu sərin su içməlidirlər».

Əgər yanınızda kimisə gün vursa, həkim məsləhəti dadınıza çata bilər. Rauf Nağıyev: «Dərhal günvuran adamı gölgəyə çəkmək, onun alnına, qollarına, sinəsinə sərin kompress qoymaq lazımdır.Mütləq həkim də çağırılmalıdır».

R.Nağıyev isti havada çimərliklərə üz tutanlara da məsləhət görür ki, gündüz saat 11-dən axşam saat 5-ə qədər günəş vannası qəbul etməkdən çəkinsinlər.
XS
SM
MD
LG