Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:25

Kinorejissor Elçin Musaoğlu «40-cı qapı» qarşısında nəyi seçir?


Elçin Musaoğlu
Adətən filmlər sona çatanda ekranda onun yaradılmasında iştirak edənlərin adları yazılır. Yüzlərlə adamın və şirkətlərin adlarından ibarət titrlər bəzən 15-20 dəqiqə ekrandan itmir.

«40-cı qapı» bu festivalda bəlkə də ən qısa sonluq titrləri olan film idi. Cəmi 1 dəqiqə çəkdi.

Belə bir kiçik heyətlə belə bir dolğun film yaratmış Elçin Musaoğlu ilə müsahibə.

- Film nə vaxt yarandı?


- Filmin çəkilişi 2007-ci ildə başladı, 2008-də film artıq hazır idi. Film 14 yaşlı uşağın başına gələnlərdən bəhs edir. Olmuş hadisələrdi, mən ssenarini bizim qəhrəmanın danışdıqları əsasında yazdım.

- Bəs filmin adı, «40-cı qapı» niyə?

- Adətən nağıllarda belə bir məfhum var - «40-cı qapı». Nağılların qəhrəmanı divlə 3 gün, 3 gecə mübarizə aparandan sonra ona qalib gəlir və onun qəsrindəki qapıları bir-bir acmağa başlayır. Bir qapı arxasından şahzadə qızı, başqasından heyvanları və sair taparaq onları azad edir. Sonuncu, 40 qapı adətən heç vaxt açılmır, çünki bu, sirr qapısıdır. Bu qapı qarşısında qəhrəman düşünür.

Mənim üçün 40-cı qapı obraz kimi bir seçim deməkdir. Biz hər birimiz həyatda istər-istəməz bu «40-cı qapı» qarşısında dayanırıq və seçim eləməli oluruq: «Açaqmı bu qapını?», «Bizi onun arxasında xeyirmi gözləyir, yoxsa - şər. Biz bunlardan hansını seçəcəyik?» – Bax mənim üçün bu seçim vacib idi.

Filmin qəhrəmanı isə bu seçimi 14 yaşında eləməli olur. Və mənim qəhrəmanım xeyri seçir.

(müsahibə videonun altında davam edir)

44-cü festivalın 40-cı qapısı
Gözlə

No media source currently available

0:00 0:04:25 0:00
Direct-ə keçid



- Bəs «40-cı qapı» hazır olandan sonra filmin aqibəti necə oldu?


- Bizim film bu ilin aprel ayında Beynəlxalq Hyuston festivalında iştirak etdi və ən yaxşı xarici film nominasiyasının qalibi oldu. Karlovı Varı bizim ikinci festivalımızdır. Bu festival A kateqoriyalı festivaldır və özünə görə hörməti olan bir tədbirdir. Digər festivallara da dəvət var.

- A kateqoriyalı festivala dəvət almağın özü artıq Azərbaycan filmi üçün uğur sayıla bilər?

- Vallah, belə deyirlər. Dünyada cəmi 9 A kateqoriyalı film festivalı var və bu festivallarda iştirakın özü prestij sayılır.

- Sizin film hansı kateqoriya üzrə keçir?

- Festivalın mükafat verilən iki şöbəsi var. Qalan şöbələr sərgi formatındadır, sadəcə kommersiya məqsədi ilə nümayişlər keçirilir, amma mükafat verilmir. Filmlər burada iştirak etməklə kino biznesinə yol acmağa çalışır.

Mükafatlı şöbələr rəsmi müsabiqə və «Şərqin qərbi» şöbələridir ki, hər birində 14 film təqdim olunub. «40-cı qapı»nın iştirak etdiyi müsabiqə «Şərqin qərbi» şöbəsidir. Burada da əsas şöbədəki kimi qalib gələn pul mükafatı alır.

- Bəs iştirak etdiyiniz şöbədəki filmlərlə sizin film rəqabət aparmaq gücündədirmi, qalib gəlmək şansı nə qədərdir?

- Elə şeylər var ki, onu ancaq Allah bilir. Amma festivalın proqram direktoru, Eva Zavralovanın münasibəti mənə maraqlı gəldi. Dedi ki, filmi çox bəyəndi və hətta soruşdu ki, filmin qəhrəmanını niyə gətirməmişik.

- Doğrudan da, filmin əsas qəhrəmanı niyə burada yoxdur?


- (Gülür) Bu çox uzun məsələdir. Təbii hər şeyin başında maddiyyət durur. Bizim sponsorlarımız yox idi ki, bir az geniş təmsil olunaq, əllərimiz-qollarımız açılsın. Təbii ki, çox istərdim həmin o şirin-şəkər bala bizimlə olsun və bizim eşitdiyimiz tərifləri onun özünə desinlər. Amma düşünürəm ki, nə vaxtsa hansısa festivala aparacam onu özümlə.

- Bu festival tezliklə geridə qalacaq. Amma siz kino sahəsindəsiniz. Bundan sonra rejissor kimi sizi nə gözləyir, filmi nə gözləyir, 14 yaşlı aktyoru nə gözləyir və ümumiyyətlə Azərbaycan kinosunu gözləyir?

- Mən düşünürəm ki, indi ölkə səviyyəsində kinoya olan münasibət düzgündür və indi qurulan strategiya gələcəkdə daha çox Azərbaycan filmlərinin festivallarda iştirakına gətirəcək.

Mənim planlarım isə, təbii ki, ancaq kino çəkməkdir. İdeya var, amma, düzü, onu necə reallaşdıracağam, hələ tapmamışam. Sadəcə çox maraqlı bir ideyam var və onun üzərində işləyirəm.

Bir şeyi demək lazımdır ki, bizim kino öyrəşib ki, sinemaya dövlət səviyyəsində kömək olunsun. Amma bütün dünyada prodüserlər məktəbi işləyir. Prodüserlər pul tapırlar və bu prodüserlər şəbəkəsi kinonun inkişafına daha çox kömək edir. Bizdə, bu baxımdan vəziyyət hələ zəifdir.

- Amma axı Azərbaycanda tamaşaçı mədəniyyəti də fərqlidir. Prodüserlər şəbəkəsinin işlədiyi Qərb ölkələrində çəkilən filmlərinin kassa gəlirləri olur. Geniş kinoteatrlar şəbəkəsi var və «kinoya getmək» bu ölkələrdəki adamların həyat tərzinin üzvi bir hissəsidir.


- Əslində, bizim yaralı yerlərimizdən biri Bakıda sinema prokatının olmamasıdır. Bakıda indi müasir tələblərə cavab verən ancaq bir kinoteatr var. Deyilənə görə indi təmir olunan «Nizami» kinoteatrında 5-6 müasir kinozal olacaq. Amma istənilən halda bu azdır. Film çəkilməli, ekranlarda nümayiş etdirilərək gəlir gətirməli və bu gəlirin bir qismi növbəti filmin çəkilişinə sərf olunmalıdır – inkişaf yalnız bu yolla ola bilər.

Başqa yol da var ki, biz xarici bazar üçün işləməli, növbəti filmi çəkmək üçün Avropada pul tapmalıyıq. Bu da uzun prosesdir. Yəni, gəldin göstərdin – yalnız bununla iş bitmir. Distributor şirkətləri ilə əlaqəyə girmək lazımdır, onları maraqlandırmaq lazımdır. Bu uzun bir prosesdir. Biz bu festivalda buna cəhd edirik.

Azərbaycanda isə 15 ildir sinema mədəniyyəti yox dərəcəsindədir. Kinodan uzaq düşən yalnız film yaradıcıları olmadı. Tamaşaçı da uzaq düşdü kinodan. Bütöv bir nəsil yetişir ki, hələ indiyə qədər sinemaya ayaq basmayıb.

Amma bizim dövrümüzdə sinemaya getmək çörək yemək kimi təbii bir hal sayılırdı (və bəlkə də kinoya olan məhəbbətimiz buradan qaynaqlanır). İndi isə DVD götürüb evdə baxırlar.

- Azərbaycanda belə problemlər çoxdur. Sizin «40-cı qapı» filmində hansısa sosial protest varmı, hansısa konkret problemi qaldırmağa çalışırsınızmı?

- Mən bilmirəm hansı problemi qaldırıram. Biz sadəcə göstəririk. Məsələn, bizim qəhrəmanın həyatı sovetlərin dağıldığı dövrə təsadüf edir və onun yaşamaq üçün necə çapalamağı – bir sosial problem kimi bu bizim filmdə var.

- Dediniz ki, «40-cı qapı» sirli bir qapıdır. Filmin qəhrəmanı finalda əlində bıçaq öz qurbanını qovur. Hamı gözləyir ki, uşağın əlindən xata çıxacaq. Lakin gözlənilmədən o öz qurbanını əfv edir. Onu bıçaqlamır.

- Bəli, filmin qəhrəmanı xeyri seçir. Bu mənim mesajımdır - xeyri seçin. Və düşünürəm ki, bu az deyil. Çünki bu gün Şər çox güclüdür. Məsələn Amerikada bir qadın filmdən sonra yaxınlaşıb mənə dedi: «Mən sizə təşəkkür edirəm, ona görə ki, biz burada artıq bezmişik qan tökülən filmlərə baxmağa. Hamı bir-birini qırır, hamı bir-birini kəsir. Amma sizdə hətta imkan olanda belə uşaq bunu eləmir». Bəli, Rüstəm (filmin qəhrəmanı) öldürmür, xeyri seçir, içində olan hansısa bir qüvvə onu saxlayır ki, bu düz deyil, bunu etmək olmaz. Bu yol heç nəyə, boşluğa aparır.
XS
SM
MD
LG