Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:21

Milli Müqavimət Hərəkatı yarana bilər


Mirmahmud Mirəloğlu deyir ki, münaqişənin Madrid prinsiplərinə uyğun həll edilməsi Azərbaycanın mənafeyinə tam cavab vermir

Mirmahmud Mirəloğlu deyir ki, münaqişənin Madrid prinsiplərinə uyğun həll edilməsi Azərbaycanın mənafeyinə tam cavab vermir

Qarabağ münaqişəsi ilə bağlı sülh sazişinin imzalanacağının gözlənməsi Azərbaycandakı müxalifət partiyalarını da hərəkətə gətirib. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Milli Müqavimət Hərəkatının (MMH) yaradılması təklifini gündəliyə gətirib. Bu partiyanın sədri Mirmahmud Mirəlioğlu deyir ki, artıq ölkədə fəaliyyət göstərən aparıcı siyasi qüvvələrə bu ideyanın gerçəkləşməsi istiqamətində müraciətlər də edilib. Ancaq onun sözlərinə görə, bəzi partiya sədrlərinin astagəlliyi üzündən prosesi intensivləşdirmək mümkün olmayıb.

MMH YARANMASINA HANSI ZƏRURƏT VAR?

Mirmahmud Mirəloğlu deyir ki, münaqişənin Madrid prinsiplərinə uyğun həll edilməsi Azərbaycanın mənafeyinə tam cavab vermir. Çünki bu prinsiplərlə həm Azərbaycanın işğal edilmiş bütün əraziləri tam geri qaytarılmır, həm də Qarabağın statusunun referendum yolu ilə həll edilməsi gündəliyə gətirilir:

- Belə olan halda millətin müqavimət gücünü ortalığa qoyan Milli Müqavimət Hərəkatı olmalıdır. Mütləq olmalıdır.

«Azadlıq» siyasi blokunun həmsədrlərindən Lalə Şövkət də deyir ki, müxalifətin birgə fəaliyyət göstərməsinə çox böyük ehtiyac var. O, Milli Müqavimət Hərəkatının yaradılması ideyasına da müsbət yanaşır.
Lalə Şövkət
Ancaq Lalə Şövkət deyir ki, bu təklif hələ ki, «Azadlıq» blokunda müzakirə edilməyib. Onun fikrincə, hakimiyyətin Qarabağın itirilməsi ilə nəticələnə biləcək bir referenduma indilikdə gedəcəyi inandırıcı deyil. Üstəlik, MMH əsl müxalif qüvvələr arasında yaradılsa effekt verə bilər:

- Mən əsl müxalifət deyəndə, öz mövqeyini ortalığa qoyan qüvvələri nəzərdə tuturam. Yəni taleyüklü məsələlərə mövqeyini bildirən qüvvələri. Referendum kimi. Referendum bizi çox geri atdı. Artıq Azərbaycanı geridə qalmış Afrika ölkələrinə bənzədirlər.

QARABAĞ ÇƏTİRİNDƏ HAKİMİYYƏT SEVDASI?

Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc isə Milli Müqavimət Hərəkatı ideyasının gerçəkləşəcəyinə şübhə ilə yanaşır. O deyir ki, ölkə başçısı Qarabağ danışıqlarında Azərbaycanın mənafeyinin qorunmasında ən sərt mövqeyin tərəfdarıdır. Z.Orucun fikrincə, Madrid prinsipləri hələ razılaşdırılmış vahid prinsiplər anlamına gəlmir. O deyir ki, bəzi detallar danışıqların gedişində dəyişə bilər və bu dəyişiklik çox prinsipial əhəmiyyət daşıya bilər. Bununla belə, o, ümummilli məqsədlər baxımından müxalifətdən istifadəyə mümkün baxır:

Zahid Oruc
- Yaxşı mənada. Çünki bəzən hakimiyyətin daşıya bilmədiyi sərt mövqeyi müxalifətin dili ilə çatdırmaq, beynəlxalq aləmə təqdim etmək olar. Nəticədə də ölkənin maraqlarını bu vasitə ilə reallaşdırmaq olar.

Ancaq Zahid Oruc düşünür ki, indi Milli Müqavimət Hərəkatı ideyasının arxasında bəzi siyasi qüvvələr öz varlıqlarını sübut etmək istəyirlər. Onların məqsədi Qarabağ çətiri altında birləşib siyasi maraqlarını reallaşdırmaqdır.

Əslində, Milli Müqavimət Hərəkatının yaradılması təşəbbüsünə bundan əvvəl də bir neçə dəfə cəhdlər edilib. İlik dəfə bu ideya 1994-cü ildə «Bişkek» sazişi imzalanan vaxtı meydana çıxdı. Daha sonra isə 1998-ci ildə bir sıra müxalifət partiyaları yenidən bu ideyanı gündəliyə gətirdilər. Ancaq o vaxt Qarabağ münaqişəsi ilə bağlı sülh sazişi bağlanmadığından bu ideya tədricən aktuallığını itirdi.

Şərhləri göstər

XS
SM
MD
LG