Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:04

«İnsanlar çox yordu məni bu sənət aləmində»


Nəzakət Teymurova
Nəzakət Teymurova
Xalq artisti Nəzakət Teymurova deyir ki, əksəriyyəti Azərbaycanda qəbul olunmayanlar xaricdə sonuncu çıxış etmək üstündə dava salırlar

- İlk növbədə çox təşəkkür edirəm ki, vaxt ayırıb studiyamıza gəldiniz. İşləriniz necədir?

Nəzakət Teymurova
  • Asəf Zeynallı adına Musiqi Texnikumunu və Bakı Musiqi Akademiyasını bitirib. 1995-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. İlk dəfə Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasında Leyli rolu ilə səhnədə debüt edib. O, indi bir çox muğam operalarında aparıcı partiyaları ustalıqla ifa etməklə yanaşı, həm də xalq və bəstəkar mahnılarının da peşəkar ifaçısıdır. 2005-ci ildə Azərbaycanın Xalq Artisti adına layiq görülüb. Prezident mükafatçısıdır.
- Şükür Allaha, pis deyil. Artıq mövsüm başa çatır. İstirahətə gedirik. Payızda yeni enerji ilə tamaşaçıların qarşısına çıxacağıq. Bilirsiniz ki, mənim əsas iş yerim Opera Teatrıdır. Ona görə də həmişə çalışıram ki, daim ünsiyyətdə olduğum tamaşaçıların qarşısına hər baxımdan hazırlıqlı çıxım ki, onlar işimdən zövq ala bilsinlər.

- İstirahətə belə həvəslə getmək nədəndir - çox işləyib yorulmaqdan, ya ona bir meyl var Sizdə?

- Ümumiyyətlə, yay ayları gələndə mən elə bil depressiyaya düşürəm. Çünki işlərim az olur. Düzdü, mən operadan əlavə konservatoriyada və kollecdə də işləyirəm. Amma mən daha çox işimdən zövq alanda istirahət edirəm. Bekar qalanda elə bil özümü heç kimə, heç nəyə lazım olmayan insan kimi hiss edirəm. Ona görə də yay aylarını o qədər də sevmirəm.

- Qorxmursunuz nə vaxtsa lazımsız olmaqdan?

- Qorxuram (Gülür). Gənc vaxtlarımda məsələn 50 yaşlı sənətkarlara baxıb düşünürdüm ki, bu sənətdən nə istəyir görəsən. Bəs deyilmi? Amma bu sahəyə gələndən sonra gördüm ki, sən demə, xanəndə getdikcə – yaş artdıqca kamilləşir. Onun dünyası dəyişir, şeylərə adi insanlar kimi baxmır. Məsələn mən 20 yaşımda oxuduğum «Şahnaz»ı, «Mirzəhüseyn»i indi hiss edib oxuyuram. Gənclikdə səs var, təravət var. Amma kamilləşmə, sənəti dərk etmə 30 yaşdan sonra başlayır. Ona görə düşünürəm ki, nə vaxtsa mən də sırf müəllimliklə məşğul olacam.

- Mahnınızla kimisə öldürdüyünüz olub, oxuyub can alasınız?

- (Gülür) ...Yox, amma diriltdiyim olub. 4-5 ildir Naxçıvandan bir nəfər gəlir yanıma. Əli qardaş. Hər dəfə gələndə də deyir ki, elə bil mən səni ziyarət edirəm. Özünün dediyinə görə, mənim səsim onu həyata qaytarıb. Bəlkə də bu barədə danışmağım yaxşı çıxmır. Amma deyir səhhəti yaxşı deyilmiş, ayağı işləmirmiş. Sonradan hiss edib ki, hissiyyatı ayağına qayıdıb. Deyir ölmüşdüm, məni dünyaya, övladlarıma sənin səsin qaytardı. Bütün konsertlərimə gəlir. Deyir sən mənim bacımsan, göydən enən mələksən mənimçün. Allaha qurban olum, ömrü verən də odur, alan da. Mən kiməm ki. Amma görünür, mənim səsimi çox istəməsindən hansısa bir duyğu ona kömək olub.

- Yox, öldürmək də olur. Məsələn, Sizin ifanızda o «Qal sənə qurban» mahnısı hər dəfə dinləyəndə məni öldürür. Və bu ölmə prosesi mənimçün çox maraqlıdır. Bəs Sizdən ötrü özünü öldürən olubmu? Yəni canını fəda eləmək istəyən. Hər halda olmamış olmaz.


- Vallah, onu bilmirəm. Hər halda öldürmək yox. İstək ola bilər. Mən həmişə kiminsə istəyinə hörmətlə yanaşmışam. Çünki bu, insanın özündən asılı məsələ deyil. Bu, hisslə yaxınlaşan olanda mən yumşaq şəkildə onu qiymətləndirib sakitcə yola verirəm gedir. O dərəcədə mən ailəmi, uşağımı çox istəyirəm.

- Sənətkar kimi uğurlu sənətkarsınız. Bunu böyük ustadlar deyir. Amma bəs həyatın özü necə, bu dərəcədə uğurlu oldumu Sizin üçün?

- Mən özümü həmişə Allaha yaxın hiss eləmişəm. Onun mənə nə qisməti var - istər pisi, istərsə yaxşısı - hamısını qəbul edən bir insanam. Tanrım mənə nə yazıbsa, acılı-şirinli hamısını qəbul etmişəm və edəcəm. Ona görə heç vaxt da naşükür olmamışam. Gənc yaşlarımdan qayğı hiss etmişəm. Asəf Zeynallı adına Musiqi Kollecini bitirəndən opera səhnəsindəyəm. Əksər ölkələrdə olmuşam. Çalışmışam muğamlarımızı Azərbaycanımıza layiq çatdırım tamaşaçılara.

- Daha çox xalq artisti Mənsum İbrahimli ilə tərəf müqabili olmusunuz Leyli Məcnunda?


- Əksər tamaşalarımı Mənsum İbrahimli ilə oynamışım. Opera səhnəsinə gələndən (1996-cı ildən) indiyədək həm Azərbaycanda, həm də xaricdə tamaşaları onunla oynamışam.

- Fransadan, Amerikadan tutmuş Yaponiyayadək gedib çıxmısınız. Bəs hara gedə bilməmisiniz?

- Avstraliyaya getmək istərdim. Orada olmamışam.

-Amma Ağdama gedə bilmirsiniz.

- Yox. Burdan bura öz vətənimizə gedə bilmirik məlum səbəbdən. Amma inanın ki, hər gün olmasa da, tez-tez gündüzlər heç təsəvvürümə gətirə bilmədiyim yerləri gecələr yuxumda görürəm. Hər dəfə də belə yuxulardan sonra deyirəm ki, Ağdam alınanda mən ora qayıdacam. Bəlkə də orada fəaliyyətimi davam etdirdim. Lap burnumun ucu göynəyir ordan ötrü. Çox darıxıram Ağdam üçün.

-Çatışmayan bir şey var ümumiyyətlə?


- Həyat o qədər qəlizdir ki, çatışan şeylər olduğu kimi, çatışmayanları da olur. Bizimki də adi bir insanın həyatı kimi çatışan və çatışmayan şeylərlə doludur.

- Çoxlu tədbirlərdə iştirak edirsiniz. Dövlət tədbirləri də olur, el şənlikləri də. Hansı Sizin üçün daha çox darıxdırıcıdır?

- Hansında daha çox gözləməli oluramsa, o da darıxdırıcı olur mənimçün. Mən ümumiyyətlə, gözləməyi sevmirəm. Ona görə özüm də kimisə gözlətməyi xoşlamıram. Tədbirlərin də əksəriyyətində çox gözləməli olursan. Onda mənim fiziki durumuma da, səsimə də təsir edir.

- Amma adam var, istəyir ki, axıra qalıb konserti özü yekunlaşdırsın.

- (Gülür)… O da olur.

- Konserti özünüzün bağlamağınız ürəyinizdən keçmir?

-Yox. Əksinə acığım gəlir belə şeylərdən. Bir də görürsən hansısa dövlətdə Azərbaycanı təmsil etməyə gedənlər sonuncu çıxış etmək üstündə dava salırlar. Biri ağlayır, o birisi barışdırmağa çalışır ki, yaxşı, gəl oxu…. Belə şeyləri mən sevmirəm. Getmisən ora, çalış vətənini layiqincə təmsil eləyəsən. Özü də əksəriyyəti Azərbaycanda qəbul olunmayanlardır.

-Haranın dinləyiciləri, tamaşaçıları daha yaxşıdır?

- Azərbaycanda elə adi, sıravi dinləyicilər, tamaşaçılar var ki, onlar muğamı, onun keçidlərini bir çox sənətkarlardan yaxşı bilirlər. Amma dinləyici kimi, mən həmişə demişəm ki, Fransa xalqı muğamlarımıza çox böyük qiymət verir.

- Nəyi bacarmaq istəyərdiniz?

- Mənim ürəyimdə çox şeylər var. Elə şeylər var ki, həyatda onu mən edə bilmərəm və arzu kimi ürəyimdə ölə bilər. Adam var ki, nəyəsə çatmaq üçün müxtəlif yollara əl atır. Amma mən belə deyiləm. Allaha qurban olum. Olarsa olsun. Amma həyata keçmirsə, deməli rəva bilmir.

-Məişət işlərindən nə bacarırsınız?

-Çox şey. Ailəmiz böyük olub. 10 uşaq olmuşuq. Bacılarım edib hər şeyi. Amma hər şey əlimdən gəlir. Mənim evimdə özgəsinin gördüyü iş ürəyimə yatmır. Təmizliyi də özüm edirəm ki, arxayın olum. Adamlar var ki, üst-başları çox təmiz olur, amma evlərinə baxmırlar, təmiz saxlamırlar. Anlaya bilmirəm o cür adamları.

- Nə xoşunuza gəlmir adamlarda?

- İnsanlarda o qədər şeylər xoşuma gəlmir ki. Qeyri-səmimi insanları heç sevmirəm. İnsan gərək səmimi olsun. Ola bilər ki, mən beləsini tanımayıb yanında olam bir müddət. Amma iç üzünə bələd olandan sonra heç nə demədən sakitcə uzaqlaşıram ondan. Sonra izah da eləmirəm səbəbini. Deyirəm bəlkə özü başa düşər. İnsan gərək pislikləri daxilinə yaxın buraxmasın. Mən ziyarətdə olmuşam və həmişə də Allaha üz tutub demişəm ki, pislikləri, paxıllıqları məndən uzaq elə. Daxilimə sevgidən başqa heç nə rəva bilmə. Hər dəfə gecə yatanda da belə deyirəm.

- Çox aldadıblar Sizi?

- (Gülür) ...Ümumiyyətlə həyat qəribədir. İnsan gərək ətrafındakı insanları içinə çox buraxmasın.

-Çox əziyyət çəkirsiniz belə qırılmalar olanda?

- Bilmirəm mənfi, ya müsbət cəhətimdir, amma mən çox insanlarla ünsiyyət saxlaya bilmirəm. Həyatda içimdəkiləri deyə biləcək bir rəfiqəm var - Məlahət xanım. Birdən 2-3 ay danışmaq imkanımız da olmur. Amma birdən görürsən ki, təb gəlir, yalnız onu axtarırsan dərdləşmək üçün.

- Birdən o Məlahət xanım da (keçsin günahımdan) başqa cür çıxdı. Onda nə baş verər?

-Onda day bilmirəm nə olar.

-Xasiyyətinizdə nə narahat edir Sizi?

- İnsanların arasında özümü çox narahat hiss edirəm. Mənfi auralar boğur məni.

- Bu belə olmasa yaxşı olardı, yoxsa…?

- Yox, elə belə olsa yaxşıdır. Sonra sadəliyim məni çox yorur. Birinə səliqəli formada, yumşaq cavab verirəm, insanlığımı göstərirəm, qarşımdakı başqa cür anlayır.

-Belə çıxmırmı ki, Siz daha çox tənhalığa meylli adamsınız?

- Tənhalıq deyəndə ki, ola bilsin, müəyyən bir saatda ətrafımdakı insanlardan kiminləsə görüşüb söhbət edə bilərəm. Amma əsas öz uşağım, ailəmlə bir yerdə olmağa üstünlük verirəm. Yayda da öz bağımıza çəkilirəm. Çox yorulmuşam insanlardan.

-Tez deyilmi?

- Hərdən düşünürəm ki, elə bil artıq mən bu dünyaya gəlib və getmişəm. Belə hisslər olur məndə. İnsanlar çox yordu məni bu sənət aləmində. Yoruldum.

- Bəlkə Siz öz mühitinizi tapmamısınız?

- O da ola bilər. Nə bilim.

- Elə bir cəmiyyət ola bilərmi ki, Sizi cəlb etsin, can atasınız ora?

-Onu hələ tapmamışam.

-Bəlkə pis axtarırsınız?

-Nə bilim.

-Bəlkə heç axtarmırsınız?

- Heç axtarmıram da (Gülür).

- Rübabə Muradovanın səsinə oxşadırlar Sizin səsinizi. Oxşayır, ya yox?

- Hərdən deyirlər sənətkarlar. Rübabə xanım muğamlarımızı dəsgah formasında mükəmməl oxumağına və yanıqlı səsinə görə həqiqətən də seçilib. Ümumiyyətlə, daxilində hansısa bir hiss, duyğu səni yandırmasa, biganə oxuyarsan. Gərək yanasan ki, yandıra biləsən.

- Uşaq vaxtı daha çox nə ilə oynayırdınız?

- Ailəmizdə uşaq çox olduğu üçün çox vaxtı oyuncaqlarımız olmurdu. Gəlincikləri özümüz ağacdan düzəldirdik. Oynadırdıq onları, yatırdırdıq. Daşdan evcik düzəldirdik. Hər bir uşaq kimi.

- Darıxırsınız, bir gün bəlkə yenə ağacdan gəlincik düzəldib yoxlayasınız?

- (Gülür)… Yox. Uşaqlıq artıq çoxdan keçib. Bu, gözəl hisslərlə yaşanılan bir dövrdür. Heç nə başa düşmürsən. Gələcəkdə həyatında nələr olacağını bilmirsən. Amma sonra əzablar başlayır.

- Amma məncə, elə bu əzabların içində də insan yenə uşaqdır. Məsələn Siz də böyük bir uşaqsınız. Hə?

- Nə bilim …

- Nə mane olur, bir otağa çəkilib, qapını içəridən bağlayıb yerdə oturaraq ağacdan gəlincik düzəldib oynamağa? Yoxlamaq olar?

- Yox. Mən evdə balaca olsam da, xasiyyətcə yaşımdan böyük olmuşam. Yəni o şeylər mənimçün elə bil qurtarıb. Gündəlik problemlər məni elə bil müdrikləşdirib. Bilmirəm.

- Mən bir dəfə taksiyə əyləşdim. Sürücü tələsdiyimi görüb dedi ki, «bacıoğlu, ürəyin hara istəyir de, aparım səni». Dedim doğrudan, dedi «bu, nə sözdür». «Onda sür mənim uşaqlıq illərimə», – dedim. «Mən həyətimizdəki tut ağacının altında qumla oynayaram, sən də bir samovar çayı içərsən qayıdarıq. Sözsüz ki, o bunu edə bilmədi. Bax, birdən Sizin qarşınıza hara istəsəniz maşını ora sürə biləcək adam çıxdı, hara deyərdiniz sürsün?

- Real olmayan şeyi mən necə deyə bilərəm.

- İndi o mən idim, ağlım elə kəsdi. Siz real olanı deyin.


- Yox, heç yerə, yenə ailəmin, uşağımın yanına.

- Mən Sizi onsuzda çox istəyirdim, indi lap çox istədim.

- Sağ olun.

Buna da bax:

XS
SM
MD
LG