Keçid linkləri

Təcili xəbərlər

Ayhi…& Milli


Ayhi cavanlıqda
Ayhi cavanlıqda
Ayhi - Çuvaş Milli şairi Gennadinin soyadıdır. Mən istər verilişlərdə, istərsə də adi söhbətlərdə, yeri düşdükcə, bu böyük çuvaş şairini tez-tez anıram... Yeri, təəssüf ki, yaman tez-tez düşür:

- «Gündəlik Azərbaycan» qəzeti bağlananda,
- Eynulla Fətullayev tutulanda,
- bir qrup jurnalist vətəndən köç etmək fikrinə düşəndə,
- Qənimət Zahid «xuliqanlıqla» damlananda,
- Mahal İsmayıloğlu şərlənəndə,
- «Azadlıq» radiosu FM tezliyindən atılanda,
- Azad söz hər dəfə boğulanda…Ayhini, daha doğrusu, onun məşhur misralarını xatırlayıram:

Yalnızlıqlamı qorxudursunuz?
Yanımızda yüzlərcə yalan söyləndiyi bir zamanda,
Biri də yalan söyləməsin… Baş əyməsin.
Sonra o birisi də tapılar!...

…Son günlər iki Vətən övladı damlanandan mən yenə Ayhini düşünməyə başladım. O üzdən ki,

Ayhinin dedikləri Emin Millinin və Adnan Hacızadənin etdiklərinə bənzəyirdi

Gennadi Ayhi 1934-cü il fevralın 24-də Çuvaşıstanın Batır bölgəsinin Senyal (Yeniköy) köyündə müəllim ailəsində doğulmuşdu. Atası müharibədən qayıtmadı. Gennadi əvvəlcə pedaqoji məktəb bitirdi, sonra Moskvaya gedib Ədəbiyyat İnstitutuna daxil oldu. Ayhi gör kimlərlə bərabər oxudu—Mixail Svetlov, Yevgeni Yevtuşenko, Bella Axmadulina sonralar dünyaca ünlü şairlərə çevriləcəkdilər. Boris Pasternakla dostluq isə Ayhinin bütün həyatını dəyişdi. Ayhi çuvaşca sosializm realizminə uymayan modern şeirlər yazmağa başladı.

Onu komsomoldan və institutdan çıxarırlar. Çuvaşıstanda ona və ailəsinə basqı olduğu üçün Moskvada yaşamağa məcbur olur. Bu arada Moskvada yaşayan ünlü türk şairi Nazim Hikmətlə tanış olur. Nazim Hikmət və dostu Pasternak ona rusca şeir yazmağı məsləhət görürlər. Ayhinin modern şeirləri Avropaya ayaq açır, Yaponiyada, Türkiyədə nəşr olunur, ABŞ-da məşhurlaşır …

Nə vətəndə, nə SSRİ deyilən ölkədə Ayhini tanıyan vardı

Ayhinin şeirləri ancaq 90-cı illərdən Rusiyada yayılmağa başlayır. Uzun illər heç yerə çıxa bilməyən şair elə o illərdən dünyanın şeir şölənlərinə qatılmağa başlayır. Ən böyük mükafatlara layiq görülür, hətta Nobel mükafatına namizəd göstərilir. Ayhi Çuvaşıstanın simvoluna çevrilir…Deyilənə görə, onun hətta rusca yazdığı şeirlərdə belə çuvaş milli motivləri duyulurdu. Sizə haqqında danışdığım şeiri isə Ayhi 1958-ci ildə Ədəbiyyat İnstitutundan qovulanda çuvaşca yazmışdı.

Şeirin adı «Cavab», yəni «Hurav» idi

Emin Milli
Peccenlehpe-I haratatar?
Sumra ser sin suyat pulsan,
Peri an suytar. Pus an taytar.
Tepri te tupane kayran!

Gülmə! Mən qəsdən, sənin çuvaş türkcəsində heç nə anlamadığını bilə-bilə bu şeiri yazıldığı dildə çatdırmaq istədim.
Yadda saxla! Hansı dildə deyilməyindən asılı olmayaraq, Şəri cavablamaq, Şərə qarşı çıxmaq hər zaman tarixin yaddaşında yaşayır!
Tarix sinəsində əyriləri yox, doğruları yaşadır.
Tarix əyrilərlə yox, doğrularla öyünür.
Unutma!

Emini son dəfə yanvarın 27-də görmüşdüm


«Can Bakı» proqramının qonağı olmuşdu. ABŞ-dan təzə gəlmişdi. BMT-nin mənzil qərargahının qarşısında ilk etiraz aksiyası (18 mart referendumuna qarşı) keçirmişdilər. Emin və dostları daha sonra Avropa ölkələrinə üz tutmuşdular. Piketlər orada da təşkil olunmuşdu. 1 saat boyunca «Gənclər Azərbaycanın gələcəyini necə görürlər?» mövzusunda müzakirə açdıq. Mən bir daha Eminin «Azad, ədalətli, hüquqi cəmiyyət necə qurulur» sualına aydın cavablarının şahidi oldum. Və sadəcə onunla qürur duydum.

Adnanı verilişə çağırsaq da, gələ bilməmişdi

Vacib işi çıxmışdı. Ancaq Adnanın ata-anasını yaxşı tanıdığımdan, özünü görməsəm də, ən azı valideynlərindən haqqında eşitmişdim. Sonra dostlarından da duydum. Qürur duyulası oğullardan olduğunu anladım. Gələcəkdə onunla həmsöhbət olacağıma əminəm.

Vəssalam! İki vətən övladına dəstək olmaq üçün yazdıqlarım sona çatır. Hə, yadımdaykən onu da deyim ki, Gennadi Ayhi 2006-cı il fevralın 21-də, 72 yaşında Moskvada dünyayla vidalaşdı. Çoxlu şeirləri qaldı. Ancaq elə KQB basqılarına qarşı yazdığı «Cavab» şeiri onu tarixdə əbədiləşdirməyə yetərdi. O şeirin axırına bir də diqqət edin:

Yalnızlıqlamı qorxudursunuz?
Yanımızda yüzlərcə yalan söyləndiyi bir zamanda,
Biri də yalan söyləməsin… Baş əyməsin.
Sonra o birisi də tapılar!...

Sonra o birisi də tapılar! Bax, bütün zamanlarda Şəri qorxudan da elə budur!

Gənclərin həbsi ilə bağlı şərhiniz varsa Forumda iştirak edə bilərsiniz

Ən son yazılan

XS
SM
MD
LG