Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:27

Naxçıvanın kassaları aeroportda, Gəncənin təyyarəsi isə «anqar»da


İndi Gəncəyə uçuşlar dayandırılıb
Yazı dinləyicilərin şikayətləri əsasında hazırlanıb.

QƏBUL PROBLEMİ

Xaçmaz şəhərinin Arzu qəsəbəsinin sabiq icra nümayəndəsi Cəmil Bədəlov Prezident Aparatının şöbə müdiri Zeynal Nağdəliyevin qəbuluna düşmək istəyirmiş, amma cəhdləri alınmırmış. Cəmil Bədəlovun görüş istəməsinə səbəb var. Özünün dediyinə görə, bir neçə il əvvəl onu işindən qanunsuz çıxarıblar. İndi sular durulub, aydın olub ki, kimlərinsə onunla qərəzliyi varmış. O da fikirləşib ki, həqiqəti Zeynal Nağdəliyevə danışsa, şöbə müdiri ona inanar. Amma onu işdən çıxaranların əli uzunmuş, Cəmil Bədəlovu qəbul otağından qaytarırmışlar:

«Uzaq yoldu, Zeynal müəllimin də qəbulu ayda bir gün olur. Hər dəfə gəlirəm rayona, qəzet alıb qəbul günlərini öyrənirəm. Sonra da qəbul günü Bakıya gəlirəm, amma məni qəbula yazmırlar».

Cəmil Bələlovun istəyi-xahişi qəbula düşməyinə imkan yaradılmasıydı. Biz də Prezident Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılova üz tutub Cəmil Bədəlovun problemini ona danışdıq. Şöbə müdiri təəccübləndi ki, adətən, qəbula düşmək istəyənlər üçün problemsiz şərait yaradılır. O, Cəmil Bədəlovun adını yazıb götürdü və söz verdi ki, onun qəbula düşməsiylə bağlı çətinliyi olmayacaq.

GƏNCƏ-BAKI AVTOBUSUNDA BİLET 8 MANATADIR

«Qaynar xətt»ə daha bir şikayət də Gəncədən gəlib. Dürdanə Həsənova iyunun 9-da Bakıya gəlmək üçün biletə 6 manat yox, 8 manat verməli olub, daha doğrusu, pulu birbaşa sürücüyə ödəyib. Deyir ki, ali məktəblərə qəbul ərəfəsində sürücülər qiyməti qaldırıb. Halbuki, onun gəldiyi gün heç qəbul günüylə də üst-üstə düşməyib, hətta avtobus da boş olub:

«Mən avtovağzala girəndə, avtobusa minik başlamışdı. Ona görə də kassaya yaxınlaşmadım, elə sürücüdən bilet istədim. Yanımda 2 yaşlı uşaq da vardı. Mənə dedi ki, 16 manat ver. Soruşdum ki, niyə? Dedi, adamın biri 8 manatdır. Məcbur oldum ki, bir yer götürüm. Amma avtobusun içi boş idi. Bir də Yevlaxda adamın birini 7 manatdan götürdü».

Gəncədə şəhərlərarası sərnişin daşımada qiymət artıb? «Gəncə Avtovağzal» Açıq Səhmdar Cəmiyyətinin müdiri Namiq Həsənov bunu təkzib edir, deyir ki, biletlər Tarif Şurasının təyin etdiyi qiymətlərlə satılır. Kassalara ciddi nəzarət var, artıq qiymətə bilet satıla bilməz. Amma Namiq Həsənov onu da deyir ki, hər sürücünün başının üstünü kəsdirə bilməzlər:

- Sürücü bəlkə avtobusun içində alıb ondan? Niyə şikayət eləməyiblər? Gəlib kassadan niyə almırlar? Onsuz da bilet satışımız azdır, avtobuslar boş gedir.

- Özbaşına qiymət qaldıran sürücüləri cəzalandırmaq vasitəniz varmı?

- Biz onların rəhbərliyinə deyə bilərik. Amma mütləq sərnişinlər bizə, dispetçerlərə belə hallarla bağlı şikayət eləsinlər, məlumat versinlər. Ölçü götürək.

NAXÇIVANIN KASSALARI AEROPORTDA, GƏNCƏNİN TƏYYARƏSİ İSƏ «ANQAR»DA

Gəncədə sərnişinlər biletin qiymətinin artmasından gileylənir, təyyarəylə Naxçıvana uçmaq istəyənlər isə kassaların hava limanına köçürülməsindən narazıdır. Adlarını söyləməyən dinləyicilərimiz bunun səbəbini öyrənmək istəyirlər:

«Bu boyda şəhərdə bir yer tapılmadı, kassaları aparıb aeroporta köçürdülər?»

Bu boyda şəhərdə yermi tapılmadı, yoxsa..? Hər halda, bizə üz tutanların sualını «AzAL»ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərliyə çatdırdıq. Cənab Səfərli dedi ki, onlar Naxçıvana getmək istəyən vətəndaşlar üçün beynəlxalq standartlara uyğun şərait yaratmağa çalışıblar. Elə bir şərait ki, daha heç tanışlıqla da bilet almaq mümkün deyil. Naxçıvana uçmaq istəyən hər bir kəs telefonla bilet sifariş verə bilər. Amma bir əmma var ki, gərək uçuş vaxtından 3 saat əvvəl aeroporta getsin, pulunu ödəyib biletini alsın.

- Sərnişinlərimizə rahat şərait yaratmışıq. Telefonla zəng eləyib sifariş verə bilərlər. Daha bundan artıq nə istəyirlər? İstənilən tarixə, istənilən reysə sifariş verirlər. 493 4004 və ya 493 71 21 nömrəli telefonlarla sifariş verə bilərlər. Bütün dünyada belədir, biz də belə işləmək istəyirik.

- Bu qayda Azərbaycanın təyyarə uçan bütün bölgələrinə aiddir? Məsələn, Gəncəyə?

- Hamısına aiddir. Amma indi Gəncəyə uçuşlar dayandırılıb.

- Niyə? Gəncədə aeroportun yenidən qurulması üçün külli miqdarda pul xərcləndi, beynəlxalq hava limanı statusu aldı…

- Sərnişinlər uçmaq istəmir. Yəqin biletin qiyməti onları qane etmir, ona görə.

- Bilet 50 manatdan yuxarıdır. Qiyməti endirməyi fikirləşirsizmi?


- Siz bu sualı Tarif Şurasına verin. Biz qiymətləri təyin etmirik.

- Amma hər halda siz Tarif Şurasına müraciət eləyə bilərsiz ki, qiymətə yenidən baxsınlar. Axı, bu qiymət sizə problem yaradır, sərnişinlər bu qiymətə uçmaq istəmir.

- Biz lazım olanda müraciət eləyirik. Təklif veririk. Hər təklif də o dəqiqə müzakirəyə çıxarılmır ki.

- Hazırda qiymətlərin endirilməsiylə bağlı təklifiniz varmı?

- Düşünürük ki, təklif verək.

Naxçıvana bilet sifariş vermək üçün telefon xidmətindən istifadə etsəniz, rəyinizi bizimlə də bölüşün. Elə həm rəyiniz, həm şikayətiniz, həm də təklifiniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng edin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.

Buna da bax:

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG