Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:33

Bakının üç rayonu susuz qalıb


«Əlimizdə su daşımalıyıq»
«Əlimizdə su daşımalıyıq»
«HƏR BİR-İKİ AYDAN BAŞIMIZA BU OYUNU GƏTİRİRLƏR»

«Səhər tezdən su gəlmir. Yayın bu günündə əlimizi yumağa da su tapmırıq...»

Bakı sakini Teymur Balaşov belə deyir. O bildirir ki, bu gün səhərdən yaşadığı Nəsimi rayonu ərazisində su kəsildiyindən ətraf ərazilərdə su axtarışına çıxıb:

«Heç olmasa ətrafdakı həyət evlərindən 2 vedrə su tapmalıyam».

Bu gün həmçinin şəhərin ən böyük rayonlarından olan Səbail və Yasamalda da su kəsilib. Yasamal rayonunun sakinləri də ümumi həyət evlərinə üz tutacaqlarını deyirlər:

- Su yoxdur, hər bir-iki aydan başımıza bu oyunu gətirirlər.

- Əlimizdə su daşımalıyıq.

- Gərək suyu maşınla alaq, bunlara inanmaq olmaz, bir də gördün bir neçə gün çəkdi.

«BİR GÜN ƏVVƏLDƏN ƏHALİYƏ MƏLUMAT ÇATDIRMIŞIQ VƏ ÜZR DƏ İSTƏMİŞİK»

«Azərsu» Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Aqşin Rüstəmov isə deyir ki, suyun kəsilməsi yeni metro tunellərinin tikintisi ilə bağlıdır. Bu gün axşama işlər başa çatdırılmalıdır:

- Söhbət üç rayondan gedir. Axşama işi qurtarmalıdırlar. Bakı Metropoliteninin üçüncü növbəsinin şimal sahəsinə daxil olan Azadlıq prospekti ilə «Müşfiq» stansiyası arasında tunellərin tikintisi ilə əlaqədar «Azərsu» Səhmdar Cəmiyyətinə məxsus su borularının köçürülməsi nəzərdə tutulur. Bir gün əvvəldən əhaliyə məlumat çatdırmışıq və üzr də istəmişik. Bu, obyektiv səbəbdir.

«ÜZR İSTƏMƏKLƏ İŞ BİTMİR»

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər komissiyasının sədri Ələkbər Ağasıyev isə deyir ki, üzr istəməklə iş bitmir. Belə vəziyyətdə suyu kəsilənlər üçün müvəqqəti təchizat qurulmalıydı:

- Belə hallarda müvəqqəti təchizat nəzərdə tutulur ki, adamlar əlavə itkiyə məruz qalmasınlar. Yayın günü susuzluğun nə demək olduğunu hamı yaxşı bilir. Camaata suyun verilməsi başqa sxemlə həyata keçirilməliydi. «Azərsu» təchizatçı kimi bunu yerinə yetirməliydi. Ancaq söhbət təkcə suda deyil, işıq, qaz kəsiləndə də belə sivil metodlardan istifadə olunmur. Bu da istehlakçının hüququnun pozulması deməkdir.

«Azərsu» Səhmdar Cəmiyyətindənsə deyirlər ki, belə vəziyyətlərdə suyun verilməsiylə bağlı başqa yolları yoxdur. Günün axırında su veriləcək. İstehlakçıya isə yalnız dözmək qalır.
XS
SM
MD
LG