Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:13

«Hər ay rayonumuza əsgər meyiti gəlir. Bu dəfə növbə mənə çatdı»


19 yaşlı Əsgərov Şəhriyar Vaqif oğlu iyulun 4-də axşam saatlarında Astara şəhərində dəfn edilib
«Ermənilərlə atəşkəs rejimində yaşayırıq. Buna baxmayaraq hər ay rayonumuza əsgər balalarımızın meyitləri gətirilir. Bu dəfə növbə mənə çatdı»-, bunu Astara şəhər sakini Vaqif Əsgərov söyləyir.

Onun oğlu Şəhriyar Əsgərov bu ilin əvvəlində Astara Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Bakı şəhərində N saylı hərbi hissədə xidmət edirdi. İyulun 2-də növbədə olarkən güllə yarası alaraq ölüb. İki gündən sonra bu barədə valideynlərinə məlumat verilib. 19 yaşlı Əsgərov Şəhriyar Vaqif oğlu iyulun 4-də axşam saatlarında Astara şəhərində dəfn edilib.

Dəfn mərasimində nə hərbiçilər, nə də rayonun icra orqanların nümayəndələri iştirak ediblər. Meyiti Bakıdan gətirərkən onlara deyiblər ki, Şəhriyar Əsgərov özü özünü vurub. Atası Vaqif Əsgərov isə buna inanmır. O deyir ki, Şəhriyar əsgəri xidmətdə olarkən heç nədən şikayət etməyib: «Şikayət etməyi xoşlamazdı. Qardaşı hər həftə ona baş çəkirdi. Onunla telefonda danışmışdıq. Mən inanıram ki, uşağım özünə qəsd edən deyil. Ölüsünü gətirib verdilər bizə. Heç bir məlumat verilməyib. Nə səbəbdən öldürüldüyü bildirilmir».

Valideyn deyir ki, martın 22-də bayramla bağlı uşağının yanında olanda paltarlarında bitlər görüb: «Ona ürək-dirək vermək üçün demişəm ki, insan özü bit yeyir». Vaqif Əsgərov deyir ki, paytaxtdakı hərbi hissədə bit olması ona pis təsir edib. «Mən ondan vəziyyəti soruşdum. O dedi ki, 20 gün köhnə əsgərlərlə qalıb. Köhnə əsgərlər hərbi xidmətə təzə gələnləri döyürmüşlər».

Şəhriyar Əsgərovun böyük qardaşı Anarın sözlərinə görə, hadisəyə bir həftə qalmış onun yanında olub. «Heç bir şikayəti yox idi. İyulun 22-də evə məzuniyyətə gələcəkdi. İyulun 2-də saat 10.30-da isə bu hadisə baş verib».

Həlak olmuş Şəhriyar Əsgərovun atası Astara rayon sakini Vaqif Əsgərov oğlunun dəfn mərasimində
Mərhumun yaxın dostu Samir Məmmədovun dediyinə görə, Şəhriyar yaxşı idmançı olub: «Yarışlarda həmişə öncül yerləri tutardı. Güləşməyi ondan öyrənirdik. Heç inandırıcı deyil ki, o özünə qəsd edib».

Astara Rayon Hərbi Komissarlığından Şəhriyar Əsgərovun ölümü ilə bağlı onlarda heç bir rəsmi məlumat olmadığını bildilər. Onu da bildirdilər ki, hərbi prokurorluq ölüm hadisəsi ilə bağlı cinayət işi açıb.

Oxşar hadisə Astara rayonun Pensər kənd sakini Səbail Ağayevin də başına gəlib. O Qazax rayonun N saylı hərbi hissədə xidmət edərkən naməlum şəraitdə vəfat edib. Hərbi hissənin araşdırmasına görə buna səbəb əsgərin silahla ehtiyatsız davranması olub. Səbail Ağayevin atası Ruhab Ağayev isə iddia edir ki, oğlunu döyüb öldürüblər. Çünki onun bədənində zədə yerləri var imiş.

Vaqif Əsgərov deyir ki, müəmmalı şəkildə ölən əsgərlər adətən çənə hissəsindən güllə yarası alırlar. Bunu ona görə edirlər ki, intihar faktı öz təsdiqini tapsın.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG