Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:02

Böyük səkkizlikdən kiçik gözləntilər


Obama Berluskoni ilə G8-in sammiti çərçivəsində gürüşür - 8 iyul 2009
Obama Berluskoni ilə G8-in sammiti çərçivəsində gürüşür - 8 iyul 2009
«Oh, bu G8» - «New York Times» redaksiya məqaləsinə belə ad qoyub. Qəzet yazır ki, ev sahibi olan İtaliya sammit üçün güclü bir iş planı hazırlamayıb, dünyanın da həllini bu gün tələb edən problemi yoxdur.

Ona görə sammiti aparsa, Barak Obama qabağa aparacaq. Almaniyaya təkid edəcək ki, iqtisadiyyatı dirçəltməyə daha çox pul ayırsın və ayrılan pulu banklar biznesmenə versinlər.

Aprel ayında G20-nin sammitində Obama bunu Almaniyaya dedi, ancaq təkidli şəkildə yox. Məlum olduğu kimi, Almaniya bankları Amerika banklarından fərqli olaraq ayrılan pulları öz bildikləri kimi istifadə edirlər, nəyi sərfəli bilirlərsə, ona pul verirlər, şirkətlərə kredit vermək əsas şərt deyil.

Obama hərənin yorğanı öz tərəfinə çəkməsinin də yolverilməz olduğunu deyəcək. Çünki proteksionizm, öz iqtisadiyyatını qorumaq cəhdi, səyləri parçalayır.

G8 ölkələri zəlzələdən dağılan L’Aquila şəhərində dünya maliyyə zəlzələsindən necə qurtulmağın yollarını arayırlar.

Böyük 8-liyin İtaliyada bu gün başlanan 3 günlük sammitinin sonunda onlara Hindistan, Çin, Misir, Türkiyə və Braziliya liderləri də qoşulacaq. Bunu da belə yozurlar ki, G8 artıq təkbaşına dünyanın iqtisadi problemlərini həll edə bilmir, hərçənd mühüm rol oynayır.

RUSİYA G8-in İRANI PİSLƏMƏSİNƏ RAZI OLMAYIB


G8-in müzakirə edəcəyi digər məsələ İranda prezident seçkilərindən sonrakı zorakılığa necə reaksiya verməkdir. Çoxlarının fikrincə, sammitin İran bəyanatı Barak Obama ilə Dmitri Medvedevin görüşündə gəlinən nəticədən asılıdır.

«Azadlıq» radiosunun İran xidmətinin sammitdə olan müxbiri Əhməd Rəfat deyir:

«L’Aquilada hamı gözləyir ki, görsün Moskvada danışıqlar nə ilə nəticələnib. Çünki Rusiya G8-ə daxil olan yeganə ölkədir ki, İranda seçkidən sonrakı vəziyyətə görə hakimiyyəti pisləmək istəmir və İranı müdafiə edir. Baş nazir Berluskoniyə yaxın olan İtaliya rəsmilərinin dediyinə görə, Moskvada Obama-Medvedev danışıqları istənilən nəticəni verməyib. Rusiya yekun bəyanatda İran hakimiyyətini kəskin tənqid etməyə razı olmayıb».

Sammitdə müzakirə olunan üçüncü məsələ qlobal istiləşmədir. Ancaq Sincanda uyğur etirazları ilə bağlı Çin lideri Hu Cintao sammiti tezliklə tərk edib geri qayıdacaq.

Çinsiz isə qlobal istiləşmə problemində hər hansı bir yekun sənədin imzalanacağı gözlənilmir. Çünki dünyada havaya ən çox istixana qazı buraxan ölkə Çin hesab olunur.
XS
SM
MD
LG