Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:20

Goranboyda XIII əsrə aid monqol hərbi düşərgəsi aşkar edilib


İyunun 30-dan başlanılan arxeoloji qazıntıların iyulun sonunda yekunlaşması planlaşdırılır

İyunun 30-dan başlanılan arxeoloji qazıntıların iyulun sonunda yekunlaşması planlaşdırılır

1230-cu illərdə monqol ordusunun Gəncəyə hücumu ərəfəsində məhz burada hərbi təlim keçdiyi və sursat hazırladığı ehtimal edilir.

Bu barədə «Azadlıq» radiosuna Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Gəncə Arxeoloji Ekspedisiyasının rəhbəri, professor Arif Məmmədov məlumat verib.

O qeyd edib ki, Gəncə şəhərindən 20 kilometr qərbdə, Goranboydakı tarixi Şutur Qalasından 20 kilometr şərqdə, Gürlzalılar kəndi yaxınlığında yerləşən bu ərazi hərbi düşərgə üçün olduqca əlverişli bir məkan sayıla bilər. Dörd tərəfi dağlarla əhatə olan 6-7 hektarlıq ərazidə yerləşən bu mühüm mövqedə XIII əsrdə Gəncəyə hücum ərəfəsində monqol döyüşçülərinə hərbi təlimlər keçilməklə bərabər, ordunun təchizatı məsələləri də həll olunurmuş.

Qazıntılar zamanı dağın yamaclarında müxtəlif ölçülü ağır daş mərmilər aşkar edilib. Yonma üsulu ilə düzəlmiş bu yumru iri daşlar o dövrün mancanaq tipli döyüş silahlarının mərmiləridir.

Arif Məmmədov dağın ətəyində iri, ortasında bir qədər kiçik, dağın başında isə daha kiçik ölçülü mərmilərin olduqca maraqlı şəkildə yerləşdirilməsinin də burada hərbi təlimlərin keçirilməsini sübut etdiyini bildirdi. Professor düşərgədə kül izlərinin, dəmir qırıntılarının olduğu emalatxananın da aşkar edildiyini bildirdi. Ehtimal olunur ki, burada qılınc, xəncər və digər döyüş ləvazimatları da hazırlanıb.

A.Məmmədov sursatların yerli materiallardan elə buradaca hazırlandığını bu işdə yerli sənətkarların əməyindən istifadə edildiyini ehtimal edir.

Alim onu da deyir ki, torpaq qatının kül rəngində olması bu qalanı aldıqdan sonra monqolların Şutur şəhərini tamamilə yandırdıqlarından xəbər verir. Məhz buranı aldıqdan sonra monqol qoşunları Gəncə şəhərinə doğru hərəkət ediblər.

Sözügedən ərazidə iyunun 30-dan başlanılan arxeoloji qazıntıların iyulun sonunda yekunlaşması planlaşdırılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG