Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:20

13 dollarıq qələmə görə 5 illik cəza


Bu qələmlər xarici ölkələrdə açıq satışdadır

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı xəbərə görə, ölkəyə qanunsuz olaraq videokameralı qələmlər, qulaqasma qurğuları gətirdiyi üçün 4 Azərbaycan vətəndaşı haqqında cinayət işi qaldırılıb. Faktla bağlı 83 nəfər istintaqa cəlb olunub. DİN-in mətbuat üçün açıqlamasında bildirilir ki, ölkəyə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan malların gətirilməsi prezidentin 2005-ci ildə imzaladığı fərmanla qadağandır.

QƏLƏM-KAMERALAR KEYFİYYƏTSİZDİR

Şərti adı Fərman Məmmədov olan sahibkar da Çindən Bakıya 1 ədəd videokameralı qələm gətirərkən hava limanında saxlanıb:

- Martın 17-də 1 ədəd videokameralı qələm gətirmişdim Çindən. Hava limanında gömrükçülər müsadirə elədilər. Sonra pasportumu alıb özümü sərbəst buraxdılar. Dedilər ki, səhəri çağıracağıq. Səhəri gün çağıranda elə bildim geri qaytaracaqlar. Ancaq mənə dedilər ki, haqqımda cinayət işi açılacaq. Məni 5 ilə qədər həbs gözləyə bilər. Mən də bildirdim ki, bu, adi qələmdir. Mənim heç bir gizli, qanunsuz məqsədim yoxdur.

- O qələmlərin keyfiyyəti necədir?

- Çox aşağı. Satışda belə normal işləyəni tapmaq olmur. Onu sadəcə maraq üçün gətirirlər. Gizli çəkilişə qalsa, mobil telefonla istədiyini çəkə bilərsən.

Sahibkarın sözlərinə görə, bu qələmlər 13 dollaradır və xarici ölkələrdə açıq satışdadır. Bakının ticarət mərkəzlərində də bu qələmlər bir müddət açıq satışda olub. Qiyməti də təxminən 25-30 manata. Ancaq bu ilin martında gömrük orqanları bu qələmlərin kütləvi müsadirəsinə başlayıb.

QANUN KAMERALARLA BAĞLI NƏ DEYİR?

Dövlət Gömrük Komitəsindən «Azadlıq» radiosuna bildiriblər ki, bu tip əşyalarla insanların özəl həyatına müdaxilə edilə, onların ictimaiyyətə açıqlanmasını istəmədikləri informasiyalar yayıla bilər. Həm də bu vasitələrlə əldə edilmiş görüntülərdən şantaj kimi istifadə edilə bilər. Ona görə də ölkəyə gətirilməsi qadağandır.

Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, qanun ölkəyə videokamera gətirilməsini qadağan etmir:

- Azərbaycana nə qələmin, nə də videokameranın gətirilməsi üçün heç bir məhdudiyyət yoxdur. Telefonlarda, fotoaparatlarda kameralar var - onlar ölkəyə sərbəst gətirilir. Söhbət yalnız qələmlərdəki videokameralardan gedirsə, bunun qadağan olunması absurddur. Gizli çəkilişin qadağan edilməsinin isə bu məsələyə heç bir bağlılığı yoxdur. Gizli çəkilişi leqal videokamera ilə də aparmaq olar. Bütün hallarda gömrük gələcəkdə ehtimal ediləcək cinayətlərin qarşısını almaq üçün önləyici tədbirlər görən dövlət orqanı deyil.

SAHİBKARLAR KONFEDERASİYASI ƏRİZƏ GÖZLƏYİR

Sahibkarlar Konfederasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fərid Orucov isə deyir ki, baş verənlərdən mətbuat vasitəsilə xəbər tutublar:

- Xəbərdə bildirilir ki, qələmlərin ölkəyə gətirilməsi qanunsuzdur. Bu məsələnin nə qədər dəqiq olduğunu bilmirəm. Ancaq bütün hallarda sahibkarlara imkanlarımız daxilində yardım göstərməyə hazırıq.

- Ancaq özünüz belə bir təşəbbüs göstərmək fikrində deyilsiniz?

- Bunun üçün konfederasiyaya mütləq sahibkarlardan ərizələr daxil olmalıdır.

Daxili İşlər Nazirliyindən onu da bildirirlər ki, indi sahibkarlardan müsadirə olunan qələmlər Milli Təhlükəsizlik Nazirliyinə göndərilib. Burada onların qanuniliyi yoxlanacaq.

Saxlanan sahibkarlar haqqında isə Cinayət Məcəlləsinin 233.1.1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) maddəsi ilə cinayət işi açılıb. Onların təqsiri sübuta yetirilsə, 5 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Şərhləri göstər

XS
SM
MD
LG