Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:08

«Azəriqaz» kimdir ki, qazın qiymətini qaldıra»


Əvvəllər 1000 kubmetri 47 manat 20 qəpik olan qaz indi vətəndaşlara 100 manata satılır
Əvvəllər 1000 kubmetri 47 manat 20 qəpik olan qaz indi vətəndaşlara 100 manata satılır
Əhaliyə satılan təbii qazın qiyməti iki dəfə qaldırıldı. Əvvəllər 1000 kubmetri 47 manat 20 qəpik olan qaz indi vətəndaşlara 100 manata satılır. Qiymətlərin artımı əsasən qaz israfçılığına yol verilməsilə əsaslandırılır. Amma «Azəriqaz» bu israfçılığın miqdarını açıqlamır.

«Azəriqaz»ın Qaz sayğaclarının istismarına nəzarət şöbəsinin rəisi Nüsrət Qasımov «Azadlıq» radiosuna bundan sonra qaz oğurluğunun daha da artacağını deyir:

- Nüsrət müəllim, qazın qiymətinin əsasən israfçılığın qarşısının alınmasına görə qaldırıldığı bildirilir. Deyə bilərsinizmi ki, bir ildə nə qədər qaz oğurlanır, nə qədər israfçılığa yol verilir?

- Bu rəqəm bizdə yoxdur, amma israfçılıq çoxdur. Bu yaxınlarda Qubaya getmişdik. Orda xeyli üsullarla qaz oğurlayırlar - sayğacın başını aşağı edirlər, əlavə xəttlər çəkirlər, sayğacların ekranlarını iynə ilə deşirlər və s. Bu, bütün ölkə üzrə kütləvi hal alıb. Belə hallar yüzlərlədir. Deyir «dədəm bicdir kündələri sayır, nənəm də bicdir kündələri kəsir». Qiymətdən narazı olanlar digər tərəfdən də oğurluq edirlər. İsrafçılıqla bağlı rəqəmləri açıqlamaq çətindir. İsrafçılıq bağlı qapıların, divarların arxasında gedir. İçəridə itlər, adamlar da ki, «zloy». Bu baxımdan israfçılığın qeydiyyatını aparmaq mümkün deyil. Müxalifət-iqtidar qəzetləri təbliğat aparmalıdırlar ki, qaz oğurluğu olmasın.

- Siz mətbuata arxalanırsız, amma mətbuat daha çox qiymət artımı ilə bağlı narazılıqlardan yazır.

- Bu, düzgün deyil. Biz cəmiyyəti tərbiyələndirməliyik, cəmiyyətə dərs keçməliyik. Demirəm ki, hamı tərbiyəsizdir, sadəcə, tərbiyəsiz təbəqəni nəzərdə tuturam.

- Amma hesab etmirsiz ki, qiymətləri çox qaldırmısız?

- Bu, dövlətin siyasətidir, qiyməti qaldıranlar ağıllı adamlardır, məndən də ağıllıdırlar. Mən deyə bilmərəm ki, düz eləyiblər, ya əyri. Amma hər halda qiymət artımı məsələsində adamların özünün də rolu var. Əgər sən oğurluq edirsənsə, dövlət də qiymətləri qaldırır. Vətəndaş pomidor satanda dövlət demir ki, niyə baha satırsan və gedib vətəndaşdan pomidor oğurlamır ki. Dövlətin də ixtiyarı var öz satdığı malın qiymətini qaldırsın. Qoy əhali məni bağışlasın, yenə də deyirəm, qazın qiymətinin bahalaşmasında əhali günahkardır.

- Nüsrət müəllim, qazpulu almağa görə villalara necə, yaxınlaşa bilirsizmi?

- Nə qədər bacara bilirik villalarla da mübarizə aparırıq. Düzdür, müqavimətlə rastlaşırıq, həmin villalara yaxın buraxmasalar da, 50-100 metr uzaqlıqdan onların qazını kəsə bilirik.

- Sonra həmin villa sahibləri sizə problem yaratmırlar?

- Yox. Mənə nə edə bilərlər, oğlum yox əsgər aparsınlar, özümün də müharibəyə yaşım düşmür. Mənə nə edəcəklər. Mən onlardan qorxmuram. Mən dövlətin qanunlarına arxalanaraq işləyirəm.

- Hələ qiymət ucuz ola-ola bu qədər oğurluq olduğunu deyirsiz. Qiymətlər iki dəfə qaldırılandan sonra bu oğurluq halları daha da artmayacaq ki?

- Əlbəttə, çoxalacaq.

- Bəs onda niyə qiymətlərin bu qədər qaldırılması təklifiylə çıxış etdiniz?

- Vallah, mən dövlətin siyasətinə qarışa bilmərəm. Amma köhnə qiymətlə qazpulu yığımında çox əziyyət çəkirdik. Həm yığım planını doldura bilmirdik, həm də oğurluğun qarşısını ala bilmirdik. Sayğacların başına oyun açırlar. Misal üçün qazanc götürən qeyri-dövlət idarələri var, onların oğurluq etməsinin qarşısını ala bilmişik, amma əhaliylə bacara bilmirik, bir milyondan çox abonentimiz var, onların hamısına nəzarət etmək çətindir. Biz istəyirik ki, adamlar qanunla da, şəriətlə də qadağan hesab edilən, günah sayılan oğurluğa getməsin.

- Amma qiymət artımı adamları daha çox oğurluğa çəkmirmi?

- Sizcə qızılı çox oğurlayırlar, yoxsa misi? Əlbəttə, qiymətli şeyi. Ona görə oğurluq təbii çoxalacaq.

- Amma siz də qiymətləri ona görə qaldırmısız ki, israfçılıq, oğurluq olmasın, onda qiymət artımını necə başa düşmək olar?

- Sadəcə, insanları başa salmaq lazımdır ki, oğurluq çıxış yolu deyil, işlətdiyin qazın pulunu ver. Bunun əvəzində yüksək səviyyəli xidmət tələb elə.

- Nüsrət müəllim, siz bir ayda nə qədər qazpulu verirsiz?

- Ayda 10 manat.

- Yeni qiymətlə bundan iki dəfə çox pul verəcəksiz. Bu, sizin üçün çox deyil ki?

- Yox. Mənim maaşım yüksəkdir.

- Sizin yaşda olan elə adamlar var ki, qazdan istifadə etmək istəyirlər, ancaq imkanları yoxdur. Bəs onlar nə etsin?

- İndi mən nə edim? Öz günahımızdır. Ona görə də özü yıxılan ağlamaz. İsrafçılığa yol verməsəydik, oğurluq edən qonşumuza irad tutsaydıq, danışmağa dilimiz olardı, amma bunu eləməmişik.

- «Azəriqaz»ın şöbə rəisi kimi yox, vətəndaş kimi qiymət artımı sizin ürəyinizcədirmi?

- Qiymət artımı kimin ürəyincə ola bilər ki?! Hamı istəyir cibində çox pul qalsın.

- «Azəriqaz» da qiyməti ona görəmi qaldırdı?

- «Azəriqaz» kimdir ki, qazın qiymətini qaldıra...

- Tarif Şurasına qazın qiymətinin qaldırılmasıyla bağlı «Azəriqaz» müraciət etməyib ki?

- Mənim xəbərim yoxdur, biz elə təklif verməmişik.
XS
SM
MD
LG