Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:14

«Meşə qardaşları»nın məhkəməsi başlandı


«Meşə qardaşları»nın bir qrupu (İlqar Mollaçıyev ortada)

«Meşə qardaşları»nın bir qrupu (İlqar Mollaçıyev ortada)

İyulun 6-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ötən il avqustun 17-də «Əbu-Bəkr» məscidində baş vermiş partlayışla bağlı 26 nəfərin məhkəməsi başlandı. Müttəhimlərdən ikisi Türkiyə, biri Rusiya, qalanları Azərbaycan vətəndaşlarıdır.

Bugünkü məhkəmə prosesində müttəhimlərdən bəziləri dövlətin ayırdığı vəkillərdən imtina etdiklərini, hüquqlarını özləri müdafiə edəcəklərini bildirdilər.

Müttəhimlər terrorçuluq, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratmaq, qəsdən adamöldürmə, qanunsuz silahsaxlama və başqa maddələrlə ittiham olunular.

«MEŞƏ QARDAŞLARI»NIN ÇOXU BİR-BİRİNİ TANIMIR

İstintaqı Milli Təhlükəsizlik Nazirliyi aparıb. İstintaq materiallarında göstərilir ki, 2008-ci ilin avqustun 17-də «Əbu-Bəkr» məscidində partlayış törədilməsində İlqar Mollaçıyev başda olmaqla radikal dini təmayüllü şəxslərin əli olub. Onlar «Meşə qardaşları» adlı silahlı dəstədə birləşiblər. İndi məhkəməsi başlananlar da bu qrupun üzvləri olublar. Ancaq müdafiə tərəfi ittihamı «qurama» adlandırır. Vəkil Müzəffər Baxışov deyir ki, cinayət işində onların cinayət törətmələri ilə bağlı kifayət qədər sübutlar yoxdur:

«Əslində bu işi «Meşə qardaşları» adı altında birləşdiriblər. Bunların bir-biriylə əlaqəsi yoxdur. İstintaq hesab edir ki, bu cinayətləri bu şəxslər «Meşə qardaşları» adı altında törədiblər. Təqsirləndirilən şəxslərin əksəriyyəti bir-birini tanımır. Cinayət işində kifayət qədər sübutlar olmadığı halda onlara Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham edirlər. Əslində bu şəxsləri ittiham etməklə Azərbaycan cəmiyyətində bir xof yaratmaq istəyirlər ki, onlar dini cərəyanlarda olmaqdan çəkinsinlər».

«SİLAH BİRİNİN AYAQQABISININ İÇİNDƏN, O BİRİNİN PALTARININ ARASINDAN ÇIXIB»

İttiham olunanlardan Məmməd Məmmədovun anası Zoya Bağırova iddia edir ki, evlərindən çıxan silahı əməliyyatçılar özləri qoyub:

«Bizə gəlməmişdən əvvəl qonşulardan birinin ayaqqabısının içindən qumbara çıxartdılar, o birisinin yuduğu paltarın içindən. Bizdən də elə, ağlımıza gəlməyən yerdən silah çıxdı».

Bibixanım Orucova isə bildirir ki, o hələ də oğlunun nədə ittiham olunduğunu bilmir: «Oğlum deyir ki, heç nədən xəbərim yoxdur. Tutulandan sonra onlara «Meşə qardaşları» adı qoyublar. Guya meşədə istehkam qazıblar, and içir ki, nə meşə tanımışam, nə meşə görmüşəm. İndiyə qədər bilmirik ki, onu niyə görə tutublar».

2008-ci il avqustun 17-də Bakıdakı «Əbu-Bəkr» məscidində axşam namazı vaxtı baş vermiş qumbara partlayışı nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanmışdı. Partlayışı törədən 2 nəfər indiyə qədər həbs olunmayıb.

Şərhləri göstər

XS
SM
MD
LG