Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:45
Amerikanın keçmiş rəhbərliyini demokratiyanı siyasi alver predmetinə çevriməkdə, Putin hakimiyyətinin nazıyla oynamaqda ittiham edən rus müxalifəti Ağ evin yeni sahibinin Moskva səfərinə ümidlə baxır.

OBAMA VƏ KASPAROV BİR MASA ARXASINDA

Barak Obama iyulun 6-8-də Moskvaya edəcəyi səfər zamanı Rusiya rəhbərliyi ilə görüşəcək - axır illərdə iki nüvə dövləti arasında yaranan gərginliyi aradan qaldırmağa çalışacaq.

Səfər zamanı Amerika prezidenti Rusiya rəhbərliyi ilə yanaşı yerli müxalifət liderləri və müstəqil mövqeyi ilə seçilən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşməyi planlaşdırır.

Harri Kasparov müxalifətin etiraz aksiyasında hüquq-mühafizə orqanlarının təzyiqi ilə üzləşərkən. 24 noyabr 2007
Müxalifət liderlərindən biri Harri Kasparov Röyters agentliyinə deyib ki, bu, Amerikanın yeni rəhbərliyinin Moskva ilə sövdələşmək üçün demokratiya və insan haqlarını qurban vermək fikrində olmadığını göstərir.

Obama ilə görüşmək fürsəti qazanan müxalifət liderləri – “Başqa Rusiya” hərəkatının rəhbəri Harri Kasparov, komministlərin lideri Gennadi Züqanov, “Həmrəylik”dən Boris Nemtsov və “Yabloko”dan Sergey Mitroxindir. Amerika prezidentinin iqtidar partiyası olan “Vahid Rusiya“ ilə ayrıca görüşü planlaşdırılmayıb.

Kommunistlər parlamentdə təmsil olunsalar da, qərbyönümlü olan qalan üç qurum hökumətin təzyiqlərinə məruz qalır, onların axır illərdə keçirmək istədikləri etiraz aksiyalarının çoxuna imkan verilməyib.

“BUŞ VƏ RAYS BELƏ GÖRÜŞÜ HEÇ İSTƏMƏYİBLƏR DƏ”

Kasparova görə, Obamanın müxalifət və QHT-lərlə görüş planlaşdırması faktının özü Vaşinqtonun Rusiya liderlərinə münasibətdə axır illərdə istifadə etdiyi ikili standarlara son qoymasından xəbər verə bilər.

Müxalifət lideri deyir ki, təkcə Amerika yox, bir çox Qərb liderləri uzun müddət Rusiyada gəlirli kontraktlar almaq və bəzi məsələlərdə Moskvanı əməkdaşlığa cəlb etmək üçün Rusiyada insan haqlarının pozulması, mediaya təzyiqlərə göz yumublar.

“Bizim həmişə istədiyimiz nə olub? Amerika və başqa Qərb liderləri özlərini elə aparmasınlar ki, guya Putin rejimi demokratikdir və həmin rejimi dəstəkləməsinlər.

Bundan əvvəlki Amerika prezidenti Buş və dövlət katibi Kandaliza Rays heç vaxt Obama kimi Rusiya müxalifəti və QHT-ləri ilə görüş keçirməyiblər və düşünürəm ki, bunu heç istəməyiblər də. Obama isə özünü elə aparmayacaq ki, guya Rusiyada təkcə bir partiya var”.

Rusiyaya səfəri ərəfəsində Obama “Novaya qazeta”ya da müsahibə verib – həmin müsahibə iyulun 6-da çap olunacaq.

Bəzi ekspertlər hesab edir ki,

OBAMANIN “NOVAYA QAZETA”NI SEÇMƏSİ TƏSADÜFİ DEYİL.

“Novaya qazeta” Rusiyada ən çox tanınan müstəqil qəzet, Rusiya rəhbərliyini ən sərt tənqid edən meda orqanlarındandır. Bir neçə il qabaq qəzetin araşdırmaçı jurnalisti Anna Politkovskaya Moskvada qətlə yetrilib.

Axır ilıərdə Amerika ilə Rusiya arasında Soyuq müharibədən bəri ən dərin ziddiyyətlər yaranıb.

Rusiya Amerikanın Şərqi Avropada raketdən müdafiə sistemi qurmaq planını özünə təhlükə sayır. Amerika isə bunun İrandan gələn təhlükəni önləməyə xidmət edəcəyini bildirir.

Bundan başqa Rusiya NATO-nun Şərqə doğru genişlənməsinə etiraz edir. Keçən ilin avqustunda Rusiyanın Gürcüstana hücum etməsi də tərəflər arasında münasibətləri gərginləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG