Keçid linkləri

Təcili xəbərlər

Kərpicdən salınmış şəhər - Təbriz


Təbriz, may 2009-cu il
Bakı Təbriz ola bilməz. Eynalı zirvəsindən baxdıqda, bu şəhərin orta əsrlərin qarasına bürünmüş çiy kərpicli evləri deyir bunu. Mən əslində Təbrizdə Bakını gördüm. Qabriel Qarsiya Markez deyərdi: «Mən Kolumbiyanı Parisin küçələrində tapdım».

Təbriz təbrizlilərin spontan vəhdətinin ümumi adıdır. Bir təbrizlinin həyat tərzi, dünyagörüşü, zamana baxışı, geyim tərzi, saç düzümü, ailə münasibətləri, seks anlayışı, fərdi yaradıcılığı, sevinci və kədərinin ümumi məcmusudur Təbriz. Bir sözlə, təbrizli nədirsə Təbriz odur.

Təbriz dar küçələrindəki kərpicli evlərində, o evlərdə yaşayan kədərdə və üzərinə çökmüş qara hüzndə səmimidir. Yalançı deyil Təbriz, özü başqa, insanı başqa deyil onun. Təbriz və təbrizli iç-içə keçmiş şeydir, yəni onların varoluşu yalnızlıqda mümkün deyil. Təbrizlinin həyata baxışı ilə istehlak etdiyi məhsul arasında uyum var, Şərq təfəkkürlü səmimi təbrizli evindən iş yerinə bir Qərb markası «BMW»də deyil, piyada və ən yaxşı halda öz düşüncələrinin inikası olan «Peykan» avtomobilində gedir. Və onun çalışdığı, yaşadığı yer də bir Şərq tikilisidir. Yəni təbrizlinin düşüncələri ətrafında qurulur Təbriz. Təbriz ilə sakini arasında zərif tellərlə bir bağlılıq var və onlar bir-birilərinə xəyanət etmirlər.
Bunlardır Təbrizi inqilabi şəhər olaraq var edən.

Bakı buna görə Təbriz ola bilməz. Bakının inqilabiliyi bir eyfariyadır, gilavara bənzəyir, keçid zamanları hiss olunur. Çünki bu şəhərin özü və sakinləri arasında ciddi mədəniyyət problemi var, onlar fərqli mədəniyyət daşıyıcılarıdır. İçi-içə göründüklərinə baxmayın, əslində, bu şəhərin sakini bu şəhərə yaddır. Təbrizi təbrizlilər yaradıb, indi də Təbriz öz sakinini yaradır. Modern Bakını isə bakılılar yaratmayıb ki, biz arzusunda olaq nə zamansa Bakı da modern bakılının əsasını qoyacaq.

Bakı sakini bir təbrizli qədər şərqlidir, onların düşüncələri, yaşamda tutduğu yeri, öz varoluşunun dərki və həyata baxışı təməl olaraq bir-birilərindən çox da fərqlənmir. Əslində, onlar həyatdan eyni şeyləri arzu edirlər, amma bu arzu müxtəlif ləhcələrdə ifadə olunur. Təbrizlidən fərqli olaraq bakılı şərqli təfəkkürünün kompleksindən əziyyət çəkir və imkan daxilində qərbli kimliyinə bürünür, özünü Qərb markaları kölgəsində gizlədir.
Buna görə Şərq düşüncəsindən yaxa qurtarmayan, «insan» problemini hələ də həll edə bilməyən bu şəhərin sakini lüks Qərb tikililərində yaşayır, Qərb modalarına uyaraq geyinməyə çalışır, Qərb avtomobili sürür. Bu şəhərin insanları Qərb dizaynlı şadlıq saraylarında ailə qurur, amma yenə də ailədaxili münasibətlər şərqli olaraq qalır.

Təbriz bazarlarının divarlarındakı orta əsr naxışlarını bu bazarın insanları tamamlayır, onları bir-birindən ayırsan yarımçıqlaşacaqlar. Bakı Opera binası ilə bu opera binasının səhnəsindəkiləri və ya tamaşaçıları arasında bir uyum varmı? Və ya sadə bir bakılının özünün bir hissəsinə çevirdiyi minik maşını Qərb istehsalıdır, bəs onda nə üçün o, gündəlik həyatında tez-tez rastlaşdığı insan haqları pozuntularına bir qərbli kimi dözümsüz deyil? Məlum olur ki, maşınla onu idarə edənin başı bir-birilərini təsadüf nəticəsində tapıblar.

İnqilab sevginin və həqiqətdən doğan yalnızlığın romantikasıdır. Bakı isə realistdir, öz reallıqları ilə barışır, onunla da yaşayır. Bakı o zaman inqilabi olacaq ki, Təbriz kimi sakini ilə arasındakı mədəniyyət baryerlərini aşacaq və bütün varlığı ilə necədirsə o olacaq, yəni ya Bakı bakılılaşacaq, ya da bakılı Bakı olacaq.
XS
SM
MD
LG