Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:58

İpoteka krediti köhnə tikililərin qiymətini qaldırıb


İpoteka kreditlərinin verilməsindən sonra «Xruşovka» layihəli evlərin qiyməti qalxıb

İpoteka kreditlərinin verilməsindən sonra «Xruşovka» layihəli evlərin qiyməti qalxıb

- Neçəyə ev axtarırsan, məndə biri var, «Neftçilər» metrosunun yanında, «Xruşovka»dır, 1 otaqlı 38 min dollara...

- A kişi, bir ay əvvəl «Neftçilər»də 1 otaqlı «Xruşovka» 34 minəydi, indi nə oldu, 4 min bahalaşdı?

- Bir ay əvvəl ipoteka vermirdilər. İndisə camaat partapart növbəyə dayanıb, ona görə də qiymət də qalxıb...

Ev dəllallığı ilə məşğul olan Qalib Səfərov qiymətdə onunla razılaşmayan müştəriyə başa salmağa çalışırdı ki, qiymət artımı təbiidir. Hökumət ipoteka krediti verməyə başlayandan bir müddət əvvəl ucuzlaşma gedən ev bazarında qiymətlər qalxır. Özü də bu daha çox ikinci evlərdə, yəni təzə tikililərdə yox, sovet dövrü evlərinin qiymətində qalxıb.

Uzun müddət satılmayan evlərə yaşıl işıq yanıb

Mənzil bazarının monitorinqiylə məşğul olan ekspertlər də ev dəllalı Qalib Səfərovun dediyini deyirlər. Ancaq ondan fərqli olaraq qiymətlərin qalxmasının səbəbini daha yaxşı izah edirlər. Onlar da deyirlər ki, ipoteka kreditlərinin verilməsindən sonra əsasən köhnə tikililərin qiyməti qalxıb. Hansı ki, bir müddət bu evlərə tələbat yox idi. Bunlar əsasən, şəhərin mərkəzindən kənardakı 1-2 otaqlı, nisbətən ucuz qiymətə olan «Xruşovka», «fransız» layihəli evlərdir.

«Marketinq Biznes Analitika» məsləhət və qiymətləndirmə şirkətinin rəhbəri Nüsrət İbrahimov deyir ki, bu evlər uzun müddət idi ki, bazarda satılmırdı, indisə əhalinin ipoteka kreditindən yararlanmaq istəyən kasıb təbəqəsi daha çox bu cür evlərdən alır:

«Ona görə də bu evlərə tələbat artıb. Tələbat artdıqca, qiymət də artır. Məsələn, ipoteka krediti verilməmişdən əvvəl qiyməti 40 min dollara olan belə evlərin qiyməti 45 min dollara qalxıb».

Qiymət artımı bir-iki ay çəkəcək

Son illər Bakıda nə qədər çox yeni binalar tikilsə də, köhnə binaların da sayı çoxdur. İpoteka kreditinin işə düşməsi isə bu evlərin potensial alıcılarının sayını artırıb. İndi Bakıda ev alqı-satqısıyla məşğul olanlar deyirlər ki, əgər əvvəllər onlara ev alqı-satqısıyla bağlı 1-2 müraciət olurdusa, indi bu müraciətlər 6-7 dəfəyə çatıb.

Nüsrət İbrahimovsa deyir ki, bu proses bir-iki ay davam edəcək: «Çünki prosesin başlanğıcıdır. Sonra ajiotaj sakitləşəcək və sabitləşəcək. Sabitləşəndə də həm qiymətlər də sabit qalacaq, tələb-təklif də tarazlaşacaq. Bazarda həmişə başlanğıcda belə ajiotaj olur. Vaxt keçdikcə isə vəziyyət düzəlir».

Əsas səbəb köhnə evlərin sənədinin olması imiş

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin icraçı direktoru Ramil Osmanovsa deyir ki, köhnə tikililərdəki evlərin qiymətinin qalxmasının səbəbi onların Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçməsiylə bağlıdır. 3-5 il əvvəl tikilmiş, qeydiyyat vəsiqəsi olan yeni tikililərdə də qiymət qalxıb. Yəni əsas səbəb bu mənzillərin ipoteka predmeti kimi çıxış edə bilmələrindədir:

«İpoteka kreditlərinin başlanmasından sonra müraciətlərin sayı çoxalıb. Məlumdur ki, bir adam bir ev alanda 10-15 mənzilə baxır, ancaq birini alır. Çox mənzilə baxıldıqca satıcılar düşünürlər ki, baxanların sayı artıbsa, dinamika da artıb. Ancaq əslində heç də belə deyil, alıcı azdır. Düzdür, aktivlik artıb, bu təklifə çıxarılan mənzillər üzrə müraciətlərin çoxalmasıdır».

Qiymətləri artıran əmlak sahibləridir

Ramil Osmanov deyir ki, qiymətləri əsasən əmlak sahibləri artırır. Maklerlərin bu məsələdə böyük rolu ola bilməz:

«Çünki indi ev alqı-satqısıyla məşğul olan firmalar ipoteka kreditləşməsinə o qədər də ciddi maraq göstərmirlər. Bu ondan irəli gəlir ki, ipoteka kreditləşməsində iştirak edib mənzil alan adamların ya maklerin xidmət haqını ödəmək imkanları olmur, ya da ödəmək istəmirlər».

Ekspertlər deyirlər ki, ipoteka kreditləşməsi davam etdikcə mənzillərin qiymətlərində stabilləşmə olmayacaq. Artan tendensiya isə davam edəcək. Bu artım maksimal həddə qədər gəlib çata bilər. Stabilləşmə isə bundan sonra ola bilər.

Bəs artımın qarşısı necə alına bilər?

Belə fikirlər var ki, ipoteka kreditləşməsinin mərkəzində dayanan qurumlar Mərkəzi Bank, İpoteka Fondu mənzillərin qiymətinin süni şəkildə artırılmasının qarşısını ala bilər. Ramil Osmanov deyir ki, bunun üçün göstərişlər verilə bilər:

«Düzdür, əmlak sahibinin hüququ var ki, evini istədiyi qiymətə satsın. Ancaq ipoteka alqı-satqısının digər alqı-satqıdan fərqi ondan ibarətdir ki, alıcı və satıcıdan başqa bu prosesdə digər tərəflər də iştirak edir. Banklar, sığorta təşkilatları, qiymətləndirmə şirkətləri. Xüsusən də qiymətləndirmə şirkəti bu prosesin ilkin mərhələsində müstəsna hüquqa malikdir. Təklifə çıxarılan və razılaşdırılan mənzillərin qiyməti razılaşdırılmış qiymətlərə uyğun deyil, mövcud bazar dəyərinə uyğun ola bilər. Yəni, mənzil bazarında qiymət necədirsə, ona uyğun qiymətləndirilmə olsun və bu sənədlərdə göstərilsin. Belə halda süni şişirdilməyə yol verilməyəcək».

İpoteka Fondunun mətbuat xidmətinin rəhbəri Samirə Nəsibova deyir ki, bazarın tənzimlənməsi onların səlahiyyətində olan məsələ deyil. O ki qaldı ipoteka krediti ilə ev alanlara, bunların sayı 20-dir.

Bu il dövlət büdcəsində ipoteka kreditləri vermək üçün 14 milyon manat nəzərdə tutulub. Ötən ildən isə İpoteka Fonduna ayrılan 34 milyondan 12 milyon manat qalıq qalıb.

Şərhləri göstər

XS
SM
MD
LG