Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:37

ATƏT Azərbaycandakı seçkilərə hazırlaşır…


ATƏT sədri Dora Bakoyannis və Xarici İşlər naziri Elmar Məmmədyarov

ATƏT sədri Dora Bakoyannis və Xarici İşlər naziri Elmar Məmmədyarov

ATƏT-in Azərbaycanda səfərdə olan sədri Dora Bakoyannis iyulun 2-də Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüb. Görüşdən sonra keçirilən brifinqdə qeyd edilib ki, onlar həm Dağlıq Qarabağ münaqişəsi, həm də demokratik islahatlarla bağlı müzakirələr aparıblar.

Dora Bakoyannıs Yunanıstanın Xarici İşlər naziri olduğundan iki ölkə arasında iqtisadi-ticari əlaqələrdən də bəhs edilib. Türkiyə-Yunanıstan-İtaliya qaz kəmərinin çəkilməsi məsələsinə dair fikir mübadiləsi aparılıb. Xanım Bakoyannis Azərbaycanın həm ATƏT, həm də Avropa Şurasının strukturlarına daxil olduğunu önə çəkərək bu ölkədə gedən proseslərin diqqətlə izləndiyini bildirib:

«Deyilən nailiyyətləri nəzərə alaraq biz ATƏT olaraq Azərbaycanda qarşıdan gələn bələdiyyə və parlament seçkilərinə hazırlaşırıq».

ATƏT SƏDRİ HAKİMİYYƏTİ İSLAHATLARIN ZƏRURİLİYİNƏ İNANDIRMAĞA CƏHD EDƏCƏK

İyunun 1-də isə ATƏT sədri Azərbaycandakı müxalifət partiyalarının rəhbərləri ilə görüşüb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, onlar əsasən iki məsələni müzakirə ediblər. Dağlıq Qarabağ münaqişəsini və Azərbaycanda getdikcə totalitar meyllərin artmasını. Əli Kərimlinin deməsinə görə, ATƏT sədrinin diqqətinə çatdırılıb ki, İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycan qismən azad ölkələr sırasından, azad olmayan ölkələr sırasına daxil olub. Onlar açıqca bildiriblər ki, ATƏT-in demokratik islahatlar istiqamətində verdiyi bütün tövsiyələr kağız üzərində qalıb. Artıq sərbəst toplaşmaq azadlığı təmin edilmir, jurnalistlər həbs edilir, siyasi mübarizə üçün rəqabət imkanları də getdikcə daralır:

«ATƏT sədri də bildirdi ki, Azərbaycandakı səfərindən istifadə edib, bir daha hakimiyyəti demokratik islahatlara çağıracaq və onları islahatların zəruriliyinə inandırmağa cəhd göstərəcək…»

BALACA DİKTATORLARI HƏRƏ ÖZ TƏRƏFİNƏ ÇƏKİR

«Far» İqtisadi-Siyasi Araşdırmalar mərkəzinin rəhbəri Hikmət Hacızadə isə ATƏT sədrinin demokratik islahatlarla bağlı çağırışının eşidiləcəyinə inanmır. O, beynəlxalq təşkilatların islahat çağırışlarının eşidilməz qalmasını əsasən 3 səbəblə izah edir. Hikmət Hacızadənin fikrincə, birincisi demokratik islahatlara getmək Azərbaycan hakimiyyətinin təbiətinə yaddır. İkincisi, nə qədər ki, daxildə ciddi müqavimət yoxdur beynəlxalq çağırışlar havadan asılı qalacaq. Üstəlik beynəlxalq təşkilatların Azərbaycana qarşı sanksiyalar tətbiq etmək imkanı da yoxdur. Hikmət Hacızadə deyir ki, Avropa Birliyi ayrı-ayrı Qərb ölkələri Azərbaycana sanksiyalar tətbiq edə bilər. Ancaq Rusiya amili üzündən bu baş tutmur. Onun fikrincə üçüncü başlıca səbəb isə dünyada yeni avtoritar düşərgənin yaranmasıdır.

Hikmət Hacızadə deyir ki, dünyada artıq «soyuq müharibə»nin ənənələri bərpa edilib. Bir tərəfdən Rusiya, Çin, o biri tərəfdən də Qərb xırda diktatorları öz tərəfinə çəkməyə çalışır:

«Cəmiyyət ayağa qalxsa, heç beynəlxalq təşkilatların çağırışına ehtiyac qalmaz. Ancaq bizim cəmiyyət çox zəifdir. Üstəlik neftimiz var və bu diktatorun əlindədir. Neft pullarından istifadə edən diktator da xırda narazılıqları boğur».
XS
SM
MD
LG