Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:57

Mülki geyimli, sən kimsən, polis, yoxsa?


Müxalifətin piketi, 11 iyul 2008

«SİZ KİMSİNİZ?»

Aksiyaçı: Siz kimsiniz, kimi təmsil edirsiniz, sənədinizi göstərin, adınızı deyin.

Mülki geyimli polis: Olmaz, özümü təqdim edə bilmərəm.

Aksiyaçı: Sizin polis geyiminiz yoxdur.

Mülki geyimli polis: Olmaz, olmaz...

Aksiyaçı: Qarşıdurma yaransa kim məsuliyyət daşıyacaq?

Mülki geyimli polis: Nəyə görə qarşıdurma yaranır?

Aksiyaçı: Çünki biz sizi tanımırıq, kimsiniz siz?

Mülki geyimli polis: Olmaz, olmaz...

Mülki geyimli Azərbaycan polisinin aksiyalarda etirazçıları dağıtması birinci hadisə deyil. Ancaq qeyri-hökumət təşkilatlarının iyunun 30-dakı etiraz piketində kütləvi şəkildə mülki geyimdə iştirak edirdilər. Onlar aksiyaçıları qovur, əllərindəki şüarları alıb cırır, asayişi təmin etməyə çağırırdılar. Aksiya iştirakçıları onlardan özlərini təqdim etmələrini istəyəndə isə imtina edirdilər.

Polisin mülki geyimdə aksiyada iştirak etmək, adamları dağıtmaq, qaydalara əməl etməyə çağırmaq hüququ varmı? Aksiyaçılar onların polis olduğunu hardan bilməlidirlər?

«POLİSİN MÜLKİ GEYİMDƏ OLMASI DÜZGÜN DEYİL»


Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, polisin etiraz aksiyalarında mülki geyimdə iştirak etməsi hüquqi baxımdan doğru deyil:

«Bu cür aksiyalarda, hansısa hərəkətlərin qarşısını alanda polis özünün xüsusi geyimində olmalıdır. Bu, polisin təlimatında da göstərilir, bütün ölkələrdə də belədir. Polisin mülki geyimdə olması düzgün deyil. Bu, polisin özü üçün də ağır fəsadlar verə bilər. Məsələn, polisdən narazı olan hər hansı bir adam mülki geyimdə aksiyaya qarışıb elə bir hərəkət edə bilər ki, onu nüfuzdan salar. Vətəndaş da elə bilər ki, o mülki geyimli polisdir. Ona görə də polis formada olmalıdır».

«QANUN BUNA YOL VERİR»


Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov isə deyir ki, polisin etiraz aksiyalarında mülki geyimdə olması yolveriləndir. Qanun buna yol verir:

«Qanunla polis mülki geyimdə ola bilər. Bütün polislər yox, Əməliyyat Aparatının işçiləri mülki geyimdə olmalıdırlar. Aksiyalarda polislər formada olurlar, ancaq mülki geyimdə olanlar da olur. Mən bilmirəm həmin aksiyada polislər kütləvi şəkildə mülki geyimdə olublar, yoxsa yox, bunu araşdırmamışam. Ancaq mülki geyimdə olmağa icazə var».

«BU CÜR AKSİYALARDA POLİS FORMADA OLMALIDIR»


«Femida» qəzetinin baş redaktoru Əyyub Kərimov isə deyir ki, polis əməliyyat tədbirində mülki geyimdə ola bilər, bu cür aksiyalarda isə yox:

«Bu əməliyyat-axtarış tədbiri, hansısa cinayətkarın yaxalanması deyil. Dinc piketdir. Belə vəziyyətdə vətəndaş nə bilsin ki, o polisdir, yoxsa başqa adam. Ona görə də bu cür aksiyalarda polis formada olmalıdır».

Hüquqşünas İsaxan Aşurov isə deyir ki, polis iş başında xüsusi geyimdə olmalıdır. Xüsusilə kütləvi aksiyalarda:

«Qanunda onu qadağan edən birbaşa norma mövcud deyil, amma kütləvi aksiyalarda iştirak edən polis əməkdaşları uniformada olmalıdırlar. Çünki vətəndaş bilməlidir ki, bu, hakimiyyət nümayəndəsidir və onun da əsas atributu geyimi, uniformasıdır. Bundan başqa, hər bir halda polis özünü təqdim etməlidir. Vəsiqəsini göstərib adını-soyadını deməlidir. Aksiyalarda polisin mülki geyimdə olması başa düşülən deyil».

«MƏN AZƏRBAYCAN POLİSİNİ DƏSTƏKLƏYİRƏM»


Hüquqşünaslar onu da deyirlər ki, ola bilsin ki, polislər aksiya iştirakçılarını dağıdan, zorakılıq göstərən vəziyyətdə şəkillərinin yayılmasını istəmirlər. Ona görə də mülki geyimdə iştirak edirlər.

Prezident İlham Əliyevsə iyunun 30-da Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin yeni binasının açılışında polisin işini yüksək qiymətləndirib. Deyib ki, Azərbaycanın uğurlu inkişafında polisin xidməti böyükdür.

Bundan əvvəl də İlham Əliyev 2005-ci ilin parlament seçkiləri zamanı bəzi xarici qüvvələrin aksiyaçılara qarşı kobudluq göstərən polis əməkdaşlarının cəzalandırılmasını tələb etdiyini xatırladıb demişdi ki, bir nəfər də olsun polis işçisi cəzalandırılmayacaq: «Mən Azərbaycan polisini dəstəkləyirəm».

Şərhləri göstər

XS
SM
MD
LG