Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:49

«Çerkizov» bazarı bağlanarsa…


Moskvadakı «Çerkizov» bazarı iyunun 29-da sanitar normalara cavab vermədiyinə görə müvəqqəti bağlanıb

Moskvadakı «Çerkizov» bazarı iyunun 29-da sanitar normalara cavab vermədiyinə görə müvəqqəti bağlanıb

«TELMAN İSMAYILOV HAQDA BAZARIN KEÇMİŞ SAHİBİ KİMİ DANIŞILIR»

«Çerkizov» bazarının müvəqqəti də olsa bağlanması burda işləyən azərbaycanlılar üçün faciədir».

Bunu dörd ildir bu bazarda çörəkpulu qazanan, beləliklə də, Azərbaycanda üç ailənin yükünü çiyninə götürən Sahib İslamlı deyir.

Moskvadakı «Çerkizov» bazarı iyunun 29-da sanitar normalara cavab vermədiyinə görə, müvəqqəti bağlanıb. Bazarın nə zaman açılacağı hələ ki dəqiq bəlli deyil. Amma burda işləyənlər narahatdırlar ki, bazarın kitabı birdəfəlik bağlansın. Xüsusən də bazarda çalışan minlərlə azərbaycanlı. Yeri gəlmişkən, bu bazarda çalışan azərbaycanlıların sayı haqda dəqiq məlumat yoxdur. İndi isə qayıdaq Sahib İslamlının dediklərinə:

«Azərbaycana göndərilən pulun 30-40 faizi bu bazarın payına düşür. Ona görə bazarın bağlanması sosial gərginliyə gətirə bilər. Mən əminəm ki, belə də olacaq. Məncə, sanitar normalar-zad Rusiya hökumətinin öz oyunudur. Telman İsmayılov bahalı otel tikdirdiyinə görə, pul istəyirlər…»

Moskvadakı «Çerkizov» bazarının bağlanması və ya köçürülməsi təzə söhbət deyil. Bu söhbət bir neçə ildir davam edir. Amma onun sahibi kimi tanınan AST şirkətlər qrupunun rəhbəri, iş adamı Telman İsmayılov Türkiyədə 1,4 milyardlıq otel tikdirəndən sonra bazarın üstündə qara buludlar bir az da sıxlaşıb. Bundan sonra Rusiya hökuməti bazarda qaçaqmal və keyfiyyətsiz mallar satıldığını, ölçü götürülməsinin zəruriliyini bəyan etdi, Moskva meri isə məsələni birdəfəlik həll etməyə cəhd göstərdi. Mer bazarın bu ilin sonuna kimi bağlanacağını bildirdi. Nəhayət, iyunun 29-da bazar sadə səbəbdən, sanitar normalar pozulduğuna görə müvəqqəti bağlandı.

«Telman İsmayılov bahalı otel tikdirdiyinə görə, pul istəyirlər…»
Bazarda işləyən azərbaycanlı iş adamı Teymur Hüseynov deyir ki, daha Moskvada Telman İsmayılov «Çerkizov» bazarının keçmiş sahibkarı kimi təqdim olunur.

«GÜNAH BİZİM AZƏRBAYCAN HÖKUMƏTİNİNDİR»

Sahib İslamlı deyir ki, Rusiya hökuməti ilə Telman İsmayılov arasında gedən bu oyunda ən çox zərər də adi iş adamlarına, bazarda xırda-xuruş alver edənlərə dəyir. Onun sözlərinə görə, bazarın bağlanması gündə ən azı 100 dollar ziyan vurur. Bazarın nə zaman açılacağı isə bəlli deyil. Üstəlik də aylıq icarə haqqını əvvəldən ödəyiblər və ortada sənəd olmadığından bazar sahibləri onu geri qaytarmaq niyyətində deyillər:

«Bilmirik sonrası nə olacaq, Allah deyib durmuşuq. Bu da bizim Azərbaycan hökumətinin günahıdır, bizim nə işimiz vardı ki, burda? Azərbaycan hökuməti də yaxşı başa düşür ki, «Çerkizov» bazarının bağlanması nə deməkdir. Bazarda işləyənlərin 60-70 faizi isə Azərbaycana qayıda bilər. Azərbaycandakı vəziyyəti isə siz bizdən yaxşı bilirsiz. Sonrası nə olacaq, Allah bilir…»

Sahib İslamlıdan fərqli olaraq başqa iş adamı Teymur Hüseynov isə çox da narahat deyil. O ümidvardır ki, bazar bağlanmayacaq, sadəcə, başqa bazarlar kimi paytaxtdan kənara köçürüləcək:

«Bunu tələb edən hökumət də qanunsuz heç nə istəmir axı. Məncə, azərbaycanlılara təhlükə yoxdur. Moskvada bir dənə bazar yoxdur ki, 50-60 bazar var, yəqin azərbaycanlılar da orda yerləşəcəklər».

BAKI BU İŞƏ QARIŞA BİLƏRMİ?

Sahib İslamlı deyir ki, bazardakı azərbaycanlılardan bəzisi Rusiya hökumətindən və eləcə də Azərbaycanın bu ölkədəki səfirliyindən kömək istəməyə hazırlaşır.

Bu məsələylə bağlı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə əlaqə saxladıq. Tədbirdə olduğunu söyləyən səfir çox qısa danışdı. Onun sözlərinə görə, bazardakı azərbaycanlılar kömək üçün səfirliyə müraciət edə bilərlər:

«Çerkizov» bazarı mühafizə olunur, Moskva, 30Jun2009
«Səfirlikdə işçilər var, müraciət etsinlər cavablarını da alsınlar».

Yurddaş Partiyasının sədri Mais Səfərli bu qənaətdədir ki, Bakının birbaşa «Çerkizov» bazarındakı qalmaqalla bağlı Rusiya hökumətinə müraciəti düzgün olmazdı. Amma söz yox ki, Azərbaycan hökuməti Rusiyada işləyən vətəndaşlarının aqibətiylə mütləq maraqlanmalıdır. O deyir ki, «Çerkizov» bazarı kimi tanınan ticarət mərkəzində baş verənlər ciddi narahatlığa əsas verir. Çünki böhran dövründə minlərlə azərbaycanlı işsiz qala bilər:

«Yəni bazarın bağlanması təhlükəsi realdır. Bizi də ən çox narahat edən orda işləyən azərbaycanlıların aqibəti olmalıdır. Rusiya hökuməti də bu haqda düşünməlidir. Bu adamlar həm də Rusiya iqtisadiyyatına milyonlarla fayda verirdilər».

«AZƏRBAYCAN QAZINI, MƏNAFEYİNİ RUSİYAYA SATDILAR, BARI BİZİ DÜŞÜNSÜNLƏR»

İş adamı Sahib İslamlı isə inanmaq istəyir ki, prezident İlham Əliyev Rusiyanın dövlət başçısı Dmitri Medvedevin Bakı səfərində onların məsələsini də qaldırıb. Hər nə qədər Bakıdan bu xırda məsələ kimi görünsə də:

«Azərbaycan hökumətinə xəbərdarlıq edirəm, fikirləşsinlər, yüz min işsiz azərbaycanlı geri qayıtsa yaxşı olmayacaq, əlavə problem yaradacaq. Azərbaycan qazını, mənafeyini Rusiyaya satdılar, «Nabucco» layihəsini məhv etdilər, bu, milli mənafeyimizə ziddir. Barı bizi düşünsünlər. Bu dəqiqə Azərbaycanın təxminən 70 faizi Rusiyanın hesabına dolanır. Onun da 30-40 faizi «Çerkizov» bazarından gedir. Hesablayın görün nə deməkdir bu…»

Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva şöbəsinin rəhbəri İlqar Hacıyev isə hesab edir ki, bazarda işləyənləri heç bir təhlükə gözləmir. O, APA-ya açıqlamasında deyib ki, hazırda şəhər rəhbərliyi bazarın köçürülməsi yönündə variantlar üzərində işləyir. Yeni yerdə də azərbaycanlılar işlə təmin olunacaqlar. Bazarın yeni sahibinin azərbaycanlı iş adamı İlham Rəhimov olması haqda suala isə İlqar Hacıyev belə cavab verib: «Namizədlər arasında azərbaycanlıların adı yoxdur».

Şərhləri göstər

XS
SM
MD
LG