Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:23

QHT-lər rahat nəfəs ala bilər?


İyunun 30-da bir çox QHT-lərin təmsilçiləri aksiya keçirməyə cəhd etdilər

İyunun 30-da bir çox QHT-lərin təmsilçiləri aksiya keçirməyə cəhd etdilər

İyunun 30-da bir çox QHT-lərin təmsilçiləri QHT haqqında qanuna təklif olunan əlavə və dəyişikliklərə etiraz edərək parlamentin binası qarşısında aksiya keçirməyə cəhd etdilər. Həmin vaxt Milli Məclisdə qanuna təklif olunan dəyişikliklərin ikinci oxunuşda müzakirəsi gedirdi.

NƏ DƏYİŞDİ?

Layihəyə birinci oxunuşdan sonra edilən düzəlişlərdən danışan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov dedi ki, irəli sürülən təklif və iradların əksər hissəsi nəzərə alınıb.

Belə ki, QHT-lərin məcburi qeydiyyatı, buna görə nəzərdə tutulan inzibati məsuliyyət, QHT üzvlərinin məcburi reyestrinin aparılmasını tələb edən maddələr layihədən çıxarılıb:

«Fondların nizamnamə kapitalı 50 min təklif edirdik, indi bu məbləğ 10 min manatadək azaldılıb. QHT-lərin filial və nümayəndəliklərinin yaradılması üçün yeni norma müəyyənləşdirmişik. Azərbaycanda daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisində QHT təsisçisi ola bilərlər».

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev deyir ki, onun rəhbərlik etdiyi qurum bu işdə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışdı. Və qəbul edilən layihə onu qane edir:

«Bu barədə artıq QHT-lərin narahatçılığına demək olar ki, əsas qalmadı. Müzakirələrdə deputatlar da hər hansı bir irad irəli sürmədilər».

Azay Quliyev hesab edir ki, məhdudlaşdırıcı maddələrin layihədən çıxarılması Milli Məclislə ictimaiyyətin, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının birgə əməkdaşlığının nəticəsidir.

BƏZİ KİÇİK PROBLEMLƏR QALIB

Respublikaçı Alternativ İctimai Birliyinin həmtəsiscisi İlqar Məmmədov isə hesab edir ki, layihədə QHT-lərin fəaliyyəti üçün zərərli olan bəzi kiçik problemlər qalıb. Məsələn, ictimai birliklərinin üzvlərinin məcburi reyestrinin tərtib olunması barədə maddə tələb edir ki, təşkilatlar bütün üzvlərinin sayını və adlarını təqdim etsinlər. Bu isə fəal insanların sonradan təqib olunmasına imkan yara bilər:

«Məncə Venesiya Komissiyası ilə qarşıdan gələn dialoq zamanı bu məsələ də ortadan qaldırılacaq. Çünki Aqo qrupu Azərbaycan hökumətinə tövsiyə edib ki, bütün dəyişikliklər mütləq Venesiya Komissiyası ilə razılaşdırılmalıdır. Venesiya Komissiyası birmənalı bu dəyişikliyə qarşı çıxacaq».

İlqar Məmmədov hesab edir ki, bu layihəni gündəmə gətirənlər Azərbaycanda vətəndaş cəmiyyətini tam nəzarət altına götürmək istəyirdilər. Amma vətəndaş cəmiyyəti mütəşəkkillik göstərib bunun qarşısını aldı.

«BU, SİYASi MƏSƏLƏYƏ OXŞAYIR»

Onu da deyim ki, qanun layihəsinin hələ müzakirəsi başlamamışdan parlamentin dəhlizlərində sənədin yeni variantında məhdudlaşdırıcı maddələrin aradan qaldırıldığı barədə fikirlər səslənmişdi. Amma bununla belə çıxışı zamanı bəzi deputatlar – o cümlədən İqbal Ağazadə yenə də qanun layihəsinin müzakirədən çıxarılmasını istəyirdi. Əlbəttə ki, qanun layihəsi müzakirədən çıxarılmadı. Millət vəkili Pənah Hüseyn isə onun müzakirəyə necə daxil olmasını izah etməyə çalışdı. Dedi ki, layihənin ortaya gəlməsi və sonradan məhdudlaşdırıcı maddələrin oradan çıxarılması siyasi məsələyə oxşayır:

«Mən çox təəssüf edirəm ki, bizim çox hörmətli millət vəkillərimiz, bütöv bir komitə belə bir teatrda sadəcə aktyorlar kimi iştirak eləməyə məcbur edilir. Nədi bu? Hamımız görürük ki, bu sadəcə təqdim olunmuş bütün o qanunların geri çəkilməsidir. Elə isə Azərbaycanı bütün dünyada rüsvay eləmək kimə lazım idi?»

Pənah Hüseyn hesab edir ki, bu cür addımlarla Azərbaycanda siyasi rejimin mahiyyətinə onun psevdo demokratik formasının uyğunlaşdırılması gedir. Millət vəkili bu dəyişikliklərin rəsmiləşdirilməməsi üçün mübarizə aparan təşkilatları təbrik etdi, amma bu cür düzəlişlər Milli Məclisə yenə gələcək. İndiyə olan vəziyyət isə ondan ibarətdir ki, parlament QHT-lər haqqında qanun layihəsinə təklifləri qəbul etdi və vətəndaş cəmiyyəti fəallarını narahat edən bütün müddəalar qanun layihəsindən çıxarıldı.
XS
SM
MD
LG