Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:28

«YAP bizim böyük qardaşımızdır»


«Birlik» blokunu yaradanlar – (soldan sağa) Sabir Tanrıverdiyev, Ağadır Müslimov, Kamil Seyidov, Mail Dəmirli

«Birlik» blokunu yaradanlar – (soldan sağa) Sabir Tanrıverdiyev, Ağadır Müslimov, Kamil Seyidov, Mail Dəmirli

Hökumətə yaxın olduğunu bildirən beş kiçik partiya – Azad Respublikaçılar, Milli Dövlətçilik, Milli Hərəkat, Demokratik Ziyalılar və Azərbaycan Mübarizləri partiyaları iyunun 30-da birləşdiklərini elan etdilər. Bu partiyaların rəhbərləri deyirlər ki, bundan sonra onlar «Birlik» siyasi blokunda fəaliyyət göstərəcəklər. Məqsədləri də odur ki, həm bələdiyyə, həm də parlament seçkilərində iqtidarı müdafiə etsinlər.

Həmçinin oxu
Milli Dövlətçilik Partiyasının başqanı Sabir Tanrıverdiyev deyir ki, onların 68 rayonda 60 mindən artıq üzvləri var. «Birlik» blokunda ona görə birləşirlər ki, hökuməti daha yaxşı müdafiə edə bilsinlər. O deyir ki, «biz Heydər Əliyev siyasətini davam etdirəcəyik, mən özüm Heydər Əliyevin fanatıyam, Yeni Azərbaycan Partiyası isə bizim böyük qardaşımızdır». Sabir Tanrıverdiyev eyni zamanda ölkədə məmur özbaşınalığının olduğunu da bildirir:

«Müxalifətdə də, iqtidarda da elə partiyalar var ki, bir özüdür, bir oğludur, bir gəlini. Biz isə qüvvəyik. Bundan sonra da hökuməti müdafiə edəcəyik».

Azad Respublikaçılar Partiyasının rəhbəri Kamil Seyidov isə dedi ki, yaratdıqları bu blok YAP-a alternativ deyil: «2005-ci ildəki parlament seçkiləri bizim üçün uğurlu olmadı. Ona görə də biz birləşirik».

2005-ci ildə deputatlığa namizədliyini vermiş Demokratik Ziyalılar Partiyasının rəhbəri Mail Dəmirli isə bildirir ki, həmin vaxt o son anda namizədliyini geri götürüb: «Namizədliyimi Şəmkirdən vermişdim. İcra hakimi dedi ki, sən namizədliyini götürsən yaxşı olar. Elə oldu ki, axırda geri götürdüm». Mail Dəmirli fikirləşir ki, gələn il parlament seçkisində o «Birlik» blokundan seçkidə iştirak edəcəyindən bir də belə problemlə üzləşməyəcək. O, öz partiyasının siyasi kursundan danışanda isə «bütün partiyalar iqtidaryönlüdür, biz də onların içində» dedi.

Yeni blokda birləşənlər YAP-la çiyin-çiyinə mübarizə aparacaqlarını, bloklarının qapılarının isə bütün partiyaların üzünə açıq olduğunu da bildirdilər.

Şərhləri göstər

XS
SM
MD
LG