Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:25
Azərbaycanda 50-dən çox partiya var, onların bir çoxunu ya kimsə tanımır, ya da adı var, özü yoxdur. Bir neçəsi də vaxtilə müxalifət-iqtidar düşərgələri arasında var-gəl eləyib, sonra Əli aşından da olub, Vəli aşından da...

Biz son illərin seçkilərində görünməyən partiyaları soraqlamağa qərar verdik.

Azadlıq Partiyasını on-on beş il əvvəlin müxalifət düşərgəsinə bələd olanlar tanıyır. Sədri Əhməd Orucdur. Media ictimaiyyəti sədrdən başqa, Azadlıq funksionerini tanımır. Partiyanın qərargahı isə yerli-dibli olmayıb. Daha doğrusu, partiya «Müxalifət» qəzetinin redaksiyasında bir otağa sığınıb. Elə biz də yönümüzü ora saldıq.

Məni qapıda qarşılayan «Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli partiya sədri Əhməd Orucun qəzetin məsləhətçisi olduğunu, ona ğörə də ona ayrıca bir otaq ayrıldığını dedi.

Qapısında buranın bir partiya qərargahı olduğunu bildirən hər hansı lövhə asılmayan otaqda isə məni sədr, partiyanın baş katibi və Təşkilat Komitəsinin sədri qarşıladı. İki yazı stolunun, üc-dörd stulun yerləşdiyi bu otaqda gözümə köhnə samovar, pəncərəyə iç-icə yığılmış boş dibçəklər dəydi. İllərlə əl dəyməyən divarların rəngı bozarıb.

PARTİYANIN HESABINDA 0 QƏPİK VAR

Söhbətə yenicə başlayan kimi Əhməd Oruc qərargahsızlıqdan gileyləndi:

- Partiya normal fəaliyyət göstərmir. Qəzetin qaydalarına uyğunlaşmaq lazımdır. Fəalların yığıncağını çağıra bilmirik. Məsələn, biz ziyalılarla görüşlər keçirmək istəyirik, gənclərlə iş aparmaq istəyirik.

Partiyanın neçə üzvü var? Rəqəm barədə danışmayan Əhməd Oruc deyir ki, üzvlərinin sayı əsas deyil, partiya daha çox intellektual adamları ətrafına yığmağa çalışır:

- Biz özümüzü kadr partiyası sayırıq. Partiyaların hər evdə, hər kənddə yaranmasının əleyhinə olmuşuq. Bizdə ideyalılıq, funksionerlik əsasdır.

Bəs niyə Azadlıq Partiyasında ondan başqa kiminsə adını bilmirik?

Partiya «Müxalifət» qəzetinin redaksiyasında bir otağa sığınıb
- Kifayət qədər tanınan funksionerləri olan partiyaların yaxşı maddi təminatı var. Bu partiyaların bəzisi Qərbdən maliyyələşir, Qərb onlarla Azərbaycanda müxalifət yaradıb. Amma Azadlığı, Əhməd Orucu satın almaq olmaz.

«Satılmayan» partiyanın hesabında 0 qəpik var. Azadlıq Partiyasında heç kəs əməkhaqqı almır. Elə partiya sədri də sonuncu dəfə möhürünü Vergilər Nazirliyinə göndərdiyi arayış üçün işlədib:

- Bizə müraciət göndərmişdilər ki, nə qədər adam əməkhaqqı alır. Mən də yazdım ki, burda heç kəs maaş almır. 40 dəfə sizə bildirmişik.

SÜNİ DİV YOXSA, SAĞLAM CIRTDAN

Əhməd Orucun bizə Məclisin baş katibi kimi təqdim etdiyi Qənbər Yusifli isə deyir ki, sədrləri onların fikirlərini yetərincə yaxşı ifadə elədiyindən onlara ehtiyac yoxdur.

Partiya sədrinin bir gileyi də var, mətbuat ictimai-siyasi proseslərlə bağlı onun rəyini öyrənmir. Əhməd Oruc deyir ki, media onlara qadağa qoyub. Etitaf edir ki, elə bizim zəngimiz də onu təəccübləndirib ki, nə yaxşı yada düşüblər.
Xatırladıram ki, siyasi partiyalarla bağlı qanun layihəsində fəaliyyəti olmayan partiyaların qeydiyyatının ləğvi məsələsi qoyulub. Bu, onları narahat etmir ki?

- Qeydiyyatın bizə heç bir xeyri olmayıb. Bir möhürümüz var.

Elə ona pul xərcləmişik, Qeydiyyatımızı ləğv eləsələr də faciə olmayacaq.

Bəziləri sədrindən başqa bir üzvünün də tanınmadığı partiyalara «cırtdan partiyalar» deyir. Əhməd Orucun bu fikrə münasibəti necədir?

- Süni div olmaqdansa, sağlam cırtdan olmaq daha yaxşıdır. Məsələn, onun-bunun, Amerikanın, Rusiyanın divi, pələngi olmaqdansa, millətin cırtdanı olub milli maraqlara xidmət eləmək daha şərəflidir.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG