Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:42

«QHT-ləri narahat edən bütün müddəalar sənəddən çıxarılıb»


Azay Quliyev
İyunun 29-da «Qeyri-hökumət təşkilatları haqqında» qanuna nəzərdə tutulan əlavə və dəyişikliklər layihəsinin dəyişdirilməsi barədə xəbər yayıldı. QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev «Azadlıq» radiosuna təsdiqlədi ki, QHT-lərin ən çox etiraz etdiyi əlavə - «Qeyri-hökumət təşkilatlarının əmlakının 50%-dən artıq hissəsi xarici mənbələr hesabına formalaşdırıla bilməz» layihədən tamam çıxarılıb. Ancaq elə həmin gün Azay Quliyev Media Mərkəzində keçirilən debatda dəyişikliklər barədə konkret danışmadı:

ƏLİ HÜSEYNOVLA QUBAD İBADOĞLUNUN DEBATI BAŞ TUTMADI

«Sabah Milli Məclisə çıxarılacaq «QHT-lər haqqında» qanuna dəyişikliklər indiyə qədər müzakirə olunan variantdan köklü şəkildə fərqlənir. QHT-lərin narahatlığına səbəb olan bütün müddəalar sənəddən çıxarılıb. Mən bilirəm ki, sabah müzakirə olunacaq sənəd Azərbaycanın milli maraqlarına, onun qoşulduğu beynəlxalq konvensiyalara tam uyğundur, QHT sektoruna hər hansı formada zərər gətirmir».

Əslində, Media Mərkəzində parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovla Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin təmsilçisi Qubad İbadoğlunun debatı olmalıydı. Ancaq debat müzakirəyə çevrildi. Səbəb Əli Hüseynovun debata qatılmaması oldu. O, qarşı tərəfə bildirib ki, debata gəlməsə də, QHT sektoruna deyiləcək sözlərini çatdırmaq üçün komitənin üzvü Azay Quliyevi göndərir.

Vətəndaş cəmiyyəti qurumlarının təmsilçiləri isə rəsmilərin məsələyə belə yanaşmasına etiraz etdilər. Onların Azay Quliyevə ünvanlanan «düzəlişlərin mətni artıq hazırdırmı, onlarla necə tanış olmaq olar» sualları açıq qaldı.

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsindən İlqar Məmmədovun fikrincə, ölkədəki qanunvericilik prosesi Azərbaycana utanc gətirir:

- Nəinki biz, heç sabah onu müzakirə edəcək deputatlar da hələ bu düzəlişlərin mətnini görməyib, artıq sabah yığışıb qanun qəbul edəcəklər. Belə qanun olar?

«HÖKUMƏT AÇIQLAMALIDIR Kİ, BU SİYASƏTLƏ BİZİ HARA APARMAQ İSTƏYİR?»

Komitədən Leyla Əliyeva isə düşünür ki, indiki durumda QHT-lərlə bağlı qanuna dəyişikliklər edilməsinin hansı zərurətdən yarandığını anlamır. Xüsusən xarici donorlarla bağlı təklif olunan məhdudiyyətləri. Onun fikrincə, baş verənlər Azərbaycanın milli maraqlarına ziddir:

- Söhbət Avropa və ABŞ-dakı qaynaqlardan gedir. Əksinə onlara bizə göstərdikləri köməyə görə təşəkkür etmək gərəkdir. Biz onları niyə təhlükə kimi qavramalıyıq? Bir tərəfdən deyirik ki, Avropaya inteqrasiya edirik,
Anar Məmmədli
o biri tərəfdən Avropa qaynaqlarına təhlükə kimi yanaşırıq. Bu, anlaşılan deyil. Hökumət açıqlamalıdır ki, ümumiyyətlə bu siyasətlə bizi hara aparmaq istəyir?

«İCTİMAİ MÜZAKİRƏLƏR APARILMALIDIR»

Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə düşünür ki, bütün hallarda QHT-ləri narahat edən məsələlərlə bağlı suallar qalmaqdadır:

- Məsələnin indiki formada müzakirəsi bizi qane etmir. Hələ də bəlli deyil ki, sabah parlament müzakirəsinə hansı dəyişikliklər çıxarılacaq. Sənədlə bağlı heç bir dəqiq məlumat yoxdur. Bu məsələ 24 saata çözüləcək məsələ deyil. İctimai müzakirələr aparılmalıdır. Təəssüf doğuran həm də odur ki, bu gün məsələ parlament komitəsində müzakirəyə çıxarılır, ancaq ora QHT sektorundan heç kim dəvət edilmir.

Baş verənlərə etiraz olaraq Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi iyunun 30-u Milli Məclisin binası önündə etiraz aksiyası keçirəcək. QHT nümayəndələri həm qanuna dəyişikliklərə, həm də dəyişikliklərin ictimai müzakirələrsiz keçirilməsinə etiraz edəcəklərini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG