Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:33

İran Azərbaycanı hədələyir


«İranın islam ölkələrini Azərbaycana qarşı yönəltmək cəhdləri də baş tutmayacaq»

«İranın islam ölkələrini Azərbaycana qarşı yönəltmək cəhdləri də baş tutmayacaq»

«Azərbaycan Respublikasının rəsmiləri də bu həqiqətə varmalıdırlar. Şimon Pereslə, İsraillə münasibət, belə bir hərəkət islam dünyasına, 1,5 milyard müsəlman kütləsinə hörmətsizlikdir və təbii ki, təsirsiz ötməz».

Bu, iyunun 28-də İranın «Səhər» telekanalının «Kompas» verilişinin aparıcısı Bəhrul Üluminın dedikləridir. Veriliş boyu Azərbaycanı – xüsusilə onun rəhbərliyini hədələyən cənab Ülumi sonda rəsmi Bakını İsrail prezidenti Şimon Peresin Azərbaycana gəlməsinin mümkün nəticələri barədə yaxşı-yaxşı düşünməyə çağırmaqdan da çəkinmir.

«RƏSMİ BAKI NƏ QAZANIR?»


İsrail prezidentinin Azərbaycana səfəri məsələsi gündəmə gələndən indiyədək müxtəlif eyhamlarla hədə və təhdidlərə ara verməyən telekanal səfər reallaşan gün açıq şəkildə hücuma keçib. Verilişdə Moskvada Ş.Peresin Azərbaycana səfərinə etiraz aksiyasından tutmuş Bakıda və İrandakı narazılıqlardan danışılır. Tamaşaçılara ünvanlanan suallar da eyni məqsədə xidmət edir:

«İsrail rejiminə yaxınlaşmaq müsəlmanları hiddətləndirirsə, rəsmi Bakı nə qazanır?»

Təqdim edilən suallara da həm İrandan, həm də Azərbaycandan «Səhər» telekanalının iddialarını dəstəkləyən cavablar da eşidilir.

Veriliş boyu ekranda görüntüyə gələn yazılarda iddia olunur ki, Azərbaycan müsəlman xalqları tərəfindən təcrid olunmaq təhlükəsi ilə üz-üzədir, rəsmi Bakı müstəqil siyasət yürüdə bilmədiyi üçün Peresin ölkəyə səfəri baş tutur.

PƏNAH HÜSEYN: «BU TELEKANAL TƏXRiBATLA MƏŞĞULDUR»

«Səhər»in iddialarına münasibət bildirərkən Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü deputat Pənah Hüseyn deyib ki, bu telekanal etikaya, qonşuluq münasibətlərinə və müsəlman cəmiyyətinə uyğun olmayan təxribatla məşğuldur. Və bu təxribat İranın Azərbaycandakı nüfuzuna ciddi xələl gətirir:

«Səhər» telekanalının verilişlərindən sonra hətta İrana rəğbət bəsləyən bir çox şəxslər bu rəğbəti gizlətməyə başlayıblar. Bu, daxili işlərə qarışmaqdır. İranın Azərbaycanı cəzalandırması üçün birbaşa imkanları yoxdur».

Hakim YAP-dan olan millət vəkili Mübariz Qurbanlının fikrincə isə, Azərbaycan müstəqil dövlətdir və hansı ölkə ilə istəsə əlaqə yarada bilər. O cümlədən də İsrail dövləti ilə. O ki, qaldı «Səhər» telekanalının hədələrinə:

«Biz heç İrana Ermənistan prezidentinin gedib qucaqlaşmasından, yardım almasından danışmırıq. Bu gün 18-19-cu əsrlər deyil ki, kimsə kimisə cəzalandırsın. Dünya qununlarla idarə olunur».

«Səhər» telekanalı «Kompas» verilişində iddia edir ki, rəsmi Bakı Şimon Peresi qəbul etdiyinə görə islam dünyası qarşısında məsuliyyət daşıyır.

POLİTOLOQ: «İRANIN AZƏRBAYCANDA OLAN-QALAN NÜFUZU DA İTİB GEDƏCƏK»

Politoloq Rasim Musabəyov isə hesab edir ki, İranda dövlətin nəzarətindən kənarda olan informasiya vasitəsi yox dərəcəsindədir. Ona görə də «Səhər»in dediklərini rəsmi münasibətin ifadəsi kimi dəyərləndirmək olar:

«Ancaq verilişlərindən də görünür ki, bu telekanal və onu qidalandıranlar dünyadan bixəbərdirlər. Çünki onlar Azərbaycana qarşı hədələrlə heç nəyə nail ola bilməzlər.

Azərbaycanı müdafiə etmək istəyən və İranı daim təhlükə mənbəyi kimi göstərən qüvvələr çoxdur. Bu hədələr nəticəsində İran rəhbərliyində belə davranışın tərəfdarları tam əksinə nail ola bilərlər. Belə rəftar ona gətirib çıxada bilər ki, doğrudan da Azərbaycan heç də İrana xoş gəlməyən qüvvələr üçün bir meydana çevrilər».

O ki qaldı Azərbaycanın müstəqil siyasət yürütmək iqtidarında olmadığı üçün İsrail prezidentinin Bakıya gəlməsi bərədə deyilənlərə, R.Musabəyov hesab edir ki, bu da qərəzli yanaşmadır:

«Azərbaycan o zaman müstəqil dövlət olmazdı ki, İranın hərəkətlərini nəzərə alıb Şimon Peresin Bakıya gəlməsindən imtina edərdi. Bu siyasət Azərbaycanın müstəqilliyini qəbul etmək istəməyənlərə ölkənin suveren olduğunun nümayişidir».

R.Musabəyovun fikrincə, İranın islam ölkələrini Azərbaycana qarşı yönəltmək cəhdləri də baş tutmayacaq. Çünki hətta İsraillə eyni regionda yerləşən Misir və digər dövlətlərin də rəsmi Təl-Əvivlə ikitərəfli münasibətləri mövcuddur. Politoloqun fikrincə, «Səhər» telekanalında səslənən fikirlər İranın rəsmi siyasətinin təzahürüdür və bu, davam edərsə, qonşu ölkənin Azərbaycanda olan-qalan nüfuzu da itib gedəcək.

İranın bəzi siyasətçiləri də İsrail prezidentinin Bakıya səfərinin ikitərəfli münasibətlərdə problem yaradacağını, bu səfərin Azərbaycan-İran münasibətlərinə xələl gətirəcəyini deyirdilər. Azərbaycan rəsmiləri isə bildirib ki, ölkə xarici siyasətini öz milli maraqlarına uyğun aparır.

Şərhləri göstər

XS
SM
MD
LG