Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:36
“Amnesty İnternational” beynəlxalq hüquq nüdafiə təşkilatı iyunun 28-də Azərbaycanın Böyük Britaniya, Almaniya və Türkiyə səfirlikləri qarşısında etiraz alsiyası keçirir.

Təşkilatın Cənubi Qafqaz və Orta Asiya üzrə kampaniya koordinatoru Zülfiyyə Abdullayeva Azadlıq Radiosuna müsahibəsində deyib ki, bu - beynəlxalq səylərlə Azərbaycanla bağlı birdən-birə bir neçə ölkədə keçirilən ilk kampaniyalarıdır.


- “Amnesty İnternational” uzun müddətdir ki, Azərbaycandakı vəziyyəti izləyir, amma son illərdə bizim Azərbaycanda söz azadlığının vəziyyəti ilə bağlı narahatlığımız xeyli artıb.

Londonda, Berlində və Türkiyədəki Azərbaycan səfirlikləri qarşısında aksiya keçirməkdə məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda mətbuata qarşı təzyiqlərə, xüsusən də Eynulla Fətullayev və Qənimət Zahidin həbsinə yönəltməkdir.

Onlar vicdan məhbuslarıdır və məhbəsdə öz yazılarına görə saxlanırlar. “Amnesty İnternational” onların dərhal və şərtsiz azadlığa buraxılmasına çağırır.

Biz həmçinin qeyri-hökumət təşkilatları haqda qanuna təklif edilən və Milli Məclisdə müzakirəsi gözlənən qanun layihəsindən narahatıq.

Əgər qəbul edilərsə, bu, Azərbaycanda insan haqları müdafiəçiləri üzərində dövlət nəzarətinin artmasına, insan haqlarının müdafiəsi və günahkarların məsuliyyətə cəlb edilməsi işinin çətinləşməsinə gətirib çıxara bilər.

- Bu kampaniya çərçivəsində səfirliklər qarşısında etiraz aksiyaları keçirməkdən başqa hansı işlər görmək planlaşdırılıb?

- Bizim fəallar öz narahatlıqlarını Azərbaycan hökumətinin müxtəlif məsul qurumlarına göndərdikləri məktublarda da ifadə edəcəklər. Bundan başqa biz bu məsələnin beynəlxalq qurumların gündəminə gətirmək niyyətindəyik, məsələn, BMT və Avropa Şurasının.

- Kampaniya nə qədər davam edəcək?

- Biz istərdik ki, Azərbaycandakı problemlər tezliklə həllini tapsın və biz də bu kampaniyanı dayandıraq. Amma düşünmürəm ki, bu belə olacaq. Çünki vəziyyət çox ciddidir. Biz kampaniyanı vəziyyət yaxşılaşana qədər davam etdirəcəyik.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG