Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:24
Ayşə hər il isti yay günlərində beş-on gün dincəlmək, təbiət qoynunda istirahət etmək fürsətini buraxmayıb. Hətta ötən ildən planlaşdırıb ki, bu yay tətilini xarici ölkələrin birində ailəsi ilə birgə keçirsin. Amma işlər tərsinə gedib, ailəsinin gəlirləri azaldığından planları alt-üst olub. İndi heç Azərbaycanın da istirahət məkanlarını ağlından keçirmir. Niyəsini belə izah edir:

«Bakıdan qıraqdakı istirahət zonaları çox bahadır. Həmin pulla xarici ölkəyə getmək olar. Mən tək gedəcəyəm. Müalicəm üçün getməyə məcburam. Amma həyat yoldaşım, uşaqlarım Bakıda qalacaq. Onlarla birgə getməyə imkanımız yoxdur».

«QİYMƏTLƏR KƏSKİN ŞƏKİLDƏ DÜŞMƏSƏ DƏ, HEÇ ARTMAYIB DA»

Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin meneceri Sergey Lavrentyev deyir ki, dünya maliyyə böhranına baxmayaraq, onlara müraciət eləyənlərin sayı azalmayıb:

«İndi çox məşhurdu, maliyyə böhranından danışmaq, amma mən deyərdim ki, bu, bizə elə də təsir eləməyib. Müraciət eləyənlər sayı hətta artıb da. Əvvəl daha çox Türkiyəni istəyirdilərsə, indi Maltaya, Yunanıstana, Kiprə sifarişlər verirlər. Hətta yerli istirahət məkanlarını da seçənlər olur».

Sergey Lavrentyev deyir ki, qiymətlər kəskin şəkildə düşməsə də, heç artmayıb da. Amma başqa bir turizm şirkətinin meneceri Elçin Novruzov bununla razılaşmır. Deyir ki, həm xarici ölkələrdə otellərin qiyməti düşüb, həm də istirahət etmək istəyənlərin sayı azalıb:
«- Ötən illə müqayisədə gələn-gedən azalıb. Keçən il fərqliydi, sifarişlər çoxuydu. Amma indi yox
- Bəlkə hələ yay indi başlayır, sifarişlər hələ qabaqdadi?
- Yox, ötən il bu vaxtı artıq xeyli sifariş almışdıq. Onu müqayisə edib belə nəticəyə gəlmişəm».

Elçin Novruzov deyir ki, sifariş verilən ölkələr arasında Türkiyə öz üstünlüyünü qoruyur. Onun sözlərinə görə, Bodrum, Antalya və Kəmərdə otellərin də qiyməti düşüb. Məsələn, bir nəfər üçün aviabiletin, 5 ulduzlu oteldə qalmaqla və gündə 3 dəfə yeməyin daxil olduğu 1 həftəlik paket 600 manata (təxminən 800 dolara) təklif olunur. Elçin Novruzov deyir ki, ötən il bu paketin qiyməti təxminən 800-900 manatıydı – (1000-1100 dollar)

Müsahibimiz deyir ki, bəlkə də xarici ölkələrdə qiymətlərin düşdüyünü çoxları bilmir. Onun sözlərinə görə, hətta yerli istirahət məkanlarında da otellərin qiyməti düşüb. Amma maraqlananda məlum olur ki, məsələn, Şamaxıda bir istirahət məkanında bir gecə qalmaq ötən il 50 manat idisə, indi 45 manatdır. Özü də bu qiymətə yalnız səhər yeməyi daxildir. Fikrini öyrəndiyimiz Bakı sakinləri də deyirlər ki, dünyada qiymətlərin düşməsinə baxmayaraq, Azərbaycan elə bil ki, başqa planetdə yerləşir, çünki qiymətlər, necə deyərlər, od tutub yanır.

BƏS YERLİ TURİZM NİYƏ BELƏ BAHADIR?

İqtisadçı Natiq Cəfərli deyir ki, bu sahədə rəqabət olmadığından başqa ölkələrdəki ucuzlaşmanı Azərbaycanın istirahət mərkəzlərində müşahidə etmək mümkün deyil.

Məsələn, Azərbaycanda bir çox dövlət strukturu var ki otel açanda onunla razılaşdırmaq lazımdır. Bu da faktiki olaraq, biznesmenin xərcini artırır, o da öz növbəsində qiymətləri artırır. Son zərbə də istehlakçıya dəyir. Biz gedib bir istirahət mərkəzində dincəlmək istəyəndə, həmin obyektin sahibinin çəkdiyi izafi xərcləri bizdən çıxır. Ona görə də Azərbaycanda daxili turizmdə qiymətlər bu qədər bahadır.

Bir problem də var. Şamaxıda yerləşən istirahət mərkəzlərinin birinin adının çəkilməsini istəməyən meneceri isə deyir ki, yerli turizm mərkəzlərini Antalyayla müqayisə etmək düzgün deyil. Çünki Antalyaya turizm axını var, amma yerli istirahət mərkəzləri, xüsusilə dağlıq yerlərdə yerləşən istirahət mərkəzləri yayda işləyir, qışda bağlı olur. Yalnız yay aylarında qazanmaq olursa, onun saxlanması üçün il boyu xərc çəkmək lazım gəlir. Müsahibimiz deyir ki, bu da qiymətlərə təsir eləyən amillərdən biridir.

BMT-nin İnkişaf Proqramının Turizminin İnkişafı layihəsinin milli koordinatoru Fuad Qürbətov isə hesab eləyir ki, qiymətlər nə bahadı, nə ucuz, reallığa uyğundur:

«Razıyam ki, hər kəsin məvacibi eyni deyil. Amma hər kəsin cibinə uyğun istirahət mərkəzi var. Amma burda bir psixoloji məqam da var. Sovet dövründə həmkarların xəttiylə gedirdilər, istirahət edirdilər. İndi də müqayisə edib deyirlər ki, 50 manat verib 2 həftə istirahət edirdim. Axı indi həmkarlar elə aktiv deyil. Ona görə də istirahət pulunu özün ödəməlisən».

Fuad Qürbətov hesab eləyir ki, xidmət artdıqca məbləğ də artır və bundan təəccüblənmək lazım deyil.

Mədəniyyət və Turizm Nazirliyindən isə deyirlər ki, dünya maliyyə böhranına görə bu il turistlərin sayının azalacağı proqnozlaşdırılır. Ötən il Azərbaycana gələnlərin sayı əvvəlki illərlə müqayisədə 40 faiz artmışdısa, artım göstəricisinin indi 10 faiz olacağını gözləyirlər.

Həmçinin bax

Müharibə Gürcüstanda turizmi sarsıdıb
Ermənilər Türkiyədə istirahətə üstünlük verir

Şərhləri göstər

XS
SM
MD
LG