Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:16

Ayaz Salayevin filmində hakimiyyətə qarşı satira


Ayaz Salayev
«Ayaz Salayevin «Ehram TV» filminə qadağa var və bu siyasi səbəblə bağlıdır».

Bunu «Azadlıq» radiosuna məsələdən xəbəri olan bir neçə mədəniyyət xadimi deyir. Onlar adlarının gizli qalmasını istəyirlər:

««Ehram TV»də indiki hakimiyyətə qarşı satirik məqamlar var və hökumət orqanlarından göstəriş gəlib ki, rejissor filmdə dəyişiklik etsin».

«Ehram TV» dövlət sifarişidir və büdcə hesabına çəkilir.

Amma rejissor özü deyir ki, ona heç bir təzyiq olmayıb və filmin çəkilişi davam edir. Halbuki, Ayaz Salayev bu ilin fevralında «Azadlıq» radiosuna demişdi ki, «Ehram TV»ni bitirib, montaja hazırlaşır. Filmdə əsas rolları oynayan aktyorlar Rasim Balayev və Fuad Poladov da radiomuza deyirlər ki, çəkilişlər bitib, bircə səs effektləri qalıb. Ayaz Salayev deyir ki, çəkilişlərin nə vaxt bitəcəyini əvvəlcədən deyə bilməz.

Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsində sektor müdiri Yusif Şeyxov «Ehram TV»nin çəkilişlərinin iki aydan sonra başa çatacağını bildirir, amma deyir ki, rejissora təzyiq olunmayıb, qadağa yoxdur.

Ayaz Salayevin «Azadlıq» radiosuna dediklərindən:

- Filmə qadağa yoxdur. «Ehram TV»də siyasi məqamlar da yoxdur, bu, sosial-kulturoloji filmdir. Mən siyasət haqda düşünsəydim, siyasi publisistika ilə məşğul olardım. İndi sadəcə, bəzi məqamlar üzrə müzakirələr gedir.

- Filmə Prezident Aparatında baxıblarmı?

- Bilmirəm, xəbərim yoxdur.

- Bəzi mənbələrə görə, «Ehram TV»də siyasi dialoqlar hakimiyyətin xoşuna gəlməyib. Filmlə bağlı Sizə hakimiyyətdən hansısa təzyiq olubmu?

- Xeyr, olmayıb.

- «Ehram TV»nin ssenarisini dəyişdinizmi?

- İlkin ssenarinin dəyişməsi o qədər də əhəmiyyət daşımır, iş prosesində bu baş verir. Narahat olmayın, istənilən yaxşı rejissor kimi bu situasiyada filmin daha yaxşı olmasını təmin edəcəm.

Ayaz Salayev: «Filmin ideyası ABA telekanalı bağlananda ağlıma gəldi»

Ayaz Salayev deyir ki, təqdimatdan qabaq filmin məzmununu danışmaq istəmir. Keçən ilin yanvarın 16-da rejissor mediaforum.az saytına müsahibəsində filmin ideyası haqda bunları deyib:

«2001-ci ilin iyul ayı – ABA telekanalının bağlanması xəbərinin yayıldığı gecə idi. Bildiyiniz kimi, onda mən ABA-da işləyirdim. O vaxtdan bəri «Üçbucaq TV»nin ideyası (Bu, «Ehram TV»nin ilkin adıdır – Ü.Ə.) beynimdə dolaşır, onu gerçəkləşdirməyin yollarını axtarırdım».

Adını gizli saxlamaq istəyən mənbə «Azadlıq» radiosuna deyir ki, filmdə Azərbaycan bir teleməkan kimi göstərilir. Söhbət Sovet İttifaqı dağılandan sonra Azərbaycanda milli koloritin dəyişməsindən gedir.
Yerli media isə yazır ki, «Ehram TV»yə hökumət qadağa qoyub, çünki burada pornoqrafik səhnələr var imiş.

«Filmdə homoseksual məhəbbət və erotik məqamlar var, amma...»

Ayaz Salayev deyir ki, filmdə homoseksual məhəbbət və erotik məqamlar var. Amma homoseksual məqamlar o qədər əhəmiyyətli deyil ki, onları «səhnə» adlandırmaq olsun. Rejissor deyir ki, bu səhnələrlə bağlı heç vaxt məsələ qalxmayıb.

Adını gizli saxlayan mədəniyyət xadimləri də «Azadlıq» radiosuna deyirlər ki, rejissorun birinci filmi - «Yarasa»da erotik səhnələr «Ehram TV»dəki açıq–saçıq səhnələrdən daha çox idi və qadağa bununla yox, siyasi satira ilə bağlıdır.

Filmin çəkildiyi «Azərbaycanfilm» kinostudiyasının direktoru Xamis Muradov deyir ki, deyilənlərin əsası yoxdur, filmə qadağa qoyulmayıb, sadəcə, üzərində iş gedir.

«Ehram TV» Ayaz Salayevin ikinci bədii filmidir. 1995-ci ildə rejissor «Yarasa» filmini çəkib. İndiyə kimi «Yarasa» onlarla mükafat alıb, Avropa kinoteatrlarında göstərilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG