Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:45

«Pul qalıb əlimdə, işimi düzəldə bilmirəm»


Orduya çağırışda müsbət dəyişikliklərin baş verdiyi deyilir

«ÖZ QOHUMUMUN PULU QALIB ƏLİMDƏ, İŞİ DÜZƏLDƏ BİLMİRƏM»


«Qaynımı Bakı tərəflərə hərbi xidmətə saldırmaq istəyirdim. Hərbi komissarlıqda şöbə müdirlərindən biri tanış idi. Müraciət edib soruşdum ki, bu, mənə neçəyə başa gələr. Dedi mümkün deyil. Öz qohumumun pulu qalıb əlimdə, işi düzəldə bilmirəm».

Bu, Bakı bir sakininin dedikləridir. Reportajdakı bir çox müsahiblərim kimi onun da adını şərti verəcəyik. Kamran Quliyevin fikrincə, hərbi xidmətə çağırış məsələsi Müdafiə Nazirliyinin digər qurumunun - Təşkilat Səfərbərlik İdarəsinin ixtiyarına keçəndən sonra rüşvətin qarşısının alınması işində müsbətə doğru dəyişiklik baş verib. Yəni indi pul verib övladını istədiyin yerə saldırmaq müşkül məsələdir. Belə işi yalnız böyük məbləğə düzəltmək olar ki, o da hamıda yoxdur.

Orduya çağırış məsələsində dəyişikliklərin baş verməsindən danışan təkcə Kamran Quliyev deyil. Söhbət etdiyimiz vətəndaşlar deyirlər ki, həqiqətən də müsbət dəyişikliklər nəzərə çarpır. Amma hələ ki, tətbiq olunan mexanizm lazımınca işləmir.

«QAYNAR XƏTTƏ DÜŞMƏK MÜMKÜN DEYİL»

Oğlunu iyul ayının əvvəlində hərbi xidmətə yola salmağa hazırlaşan İsmayıl Həsənov deyir ki, övladının harada xidmət edəcəyi hələ ki, ona məlum deyil. Bu məlumatı Müdafiə Nazirliyində xidmət göstərəcək qaynar xəttin telefon nömrələrindən almaq mümkün olacaq:

«Əvvəl dedilər ki, iyunun 20-dən sonra zəng edin. O vaxtdan hər gün qaynar xəttə zəng edirik, ancaq düşmək mümkün deyil. Sonra dedilər 25-dən sonra zəng edin. İndi istəyirəm rayonun hərbi komissarlığındakı tanışıma zəng edib soruşum ki, uşağın harada xidmət edəcəyini vaxtında öyrənə bilməsək nə edək»?

İsmayıl Həsənov deyir ki, bəzi adamlar hansı yollasa oğullarının harada xidmət edəcəyini artıq öyrəniblər. Amma qaynar xətt hələ açılmadığı halda bunu necə etdikləri bəlli deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin bu barədə yaydığı məlumatda deyilir ki, hərbi çağırışa cəlb olunanların yaxınları övladlarının hansı hərbi hissədə xidmət edəcəyini əvvəlcədən öyrənmək üçün nazirliyin Təşkilat Səfərbərlik İdarəsinin nəzdində yaradılan qaynar xəttin telefon nömrələrinə zəng edə bilərlər (438 61 10, 439 23 55, 439 90 28, 439 55 14).

BƏZİ VƏTƏNDAŞLAR TƏRXİSİN GECİKMƏYİNDƏN NARAHTDIRLAR

Məlumatda həmçinin vətəndaşların şikayət və müraciətləri üçün də telefon nömrələri qeyd olunub.

Elan olunan nömrələrə dəfələrlə biz də zəng etdik. Amma əlaqə yaratmaq mümkün olmadı.

Bir neçə gündən sonra hərbi xidmətə getməyə hazırlaşan Fərid isə deyir ki, o artıq qaynar xəttə nə vaxt zəng etmək barədə məlumat əldə edə bilib:

«Öyrənmişəm ki, iyunun 29-da zəng eləmək lazımdır».

Bəzi vətəndaşlar isə yaxınlarının ordudan tərxis olunma vaxtının başa çatmasına baxmayaraq, hələ də evə buraxılmadığından narazıdırlar. Nişanlısının yolunu gözləyən Simuzər deyir ki, əslində belə halın olması mümkündür. Ordudur, onun bilmədiyi məsələlər var. Hər halda intizarın uzun çəkə biləcəyi ehtimalı böyüdükcə onun nigarançılığı da artır:

MÜDAFİƏ NAZİRLİYİNİN SÖZÇÜSÜ: «QAYNAR XƏTT İYUNUN 27-dən AÇIQ OLACAQ»


«Oradakı əsgərlərə deyiblər ki, siz iyulun 21-22-də buraxalıcaqsınız, çünki əsgər çatışmır. Belə çıxır ki, onlar 20-21 gün artıq xidmət edəcəklər. Mən də gözləyirəm».

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə deyir ki, gözü yolda olanların narahatlığına əsas yoxdur. Ordudan tərxis olunma prosesi qaydalara uyğun həyata keçirilir. Kimin xidmət müddəti başa çatıbsa, evinə buraxılacaq. Bu məsələdə ləngimə 2-3 gün fərqlə ola bilər.

O ki qaldı çağırışçıların məlumatlandırılmasına, bundan ötrü təşkil edilmiş qaynar xətt iyunun 27-dən açıq olacaq:

«Sabahdan qaynar xətt açılacaq. Bu gün bayram olduğu üçün işləmir. Ancaq öyrənməyin ən asan yolu hərbi komissarlıqlara getməkdir. Orada siyahılar asılıb. Kimin hara düşməsi də göstərilib».

Eldar Sabiroğlu deyir ki, vətəndaşlar müvafiq hərbi komissarlıqlar vasitəsi ilə də yaxınlarının hansı hərbi hissədə xidmət edəcəyini öyrənə bilərlər. Bu barədə bütün hərbi komissarlıqlara Müdafiə Nazirliyi tərəfindən lazımi göstərişlər verilib.

«TAM ŞƏFFAFLIQDAN SÖHBƏT GEDƏ BİLMƏZ»

Hərbi ekspert Üzeyir Cəfərov da deyir ki, müsbət dəyişiklikləri qiymətləndirmək lazımdır. Ancaq çağırış məsələsinin Hərbi Komissarlıqdan alınıb dəftərxana rolunu oynayan Təşkilat Səfərbərlik İdarəsinə verilməsi, işin peşəkarlardan alınıb təcrübəsi olmayanlara həvalə edilməsi anlamına gəlir:

«Düzdür, deyirlər bölgü məsələsini kompyuter həll edir. Amma onun arxasında da əyləşən müəyyən göstərişləri yerinə yetirən hərbi qulluqçudur. Ona görə də burada tam şəffaflıqdan söhbət gedə bilməz».

Üzeyir Cəfərov hesab edir ki, digər tərəfdən əvvəllər övladlarının necə deyərlər, yerini isti eləmək üçün valideynlər hərbi komissarlıqlara üz tuturdularsa, bundan sonra məsələni hərbi hissələrin komandirləri ilə həll edəcəklər.

Müdafiə Nazirliyi mətbuat xidməti isə yaydığı məlumatda həmçinin çağırışçıların yaxınlarının şikayət və müraciətlərini araşdırmaq üçün Tərbiyəvi İşlər İdarəsi yanında fəaliyyət göstərən işçi qrupun telefon nömrələrini ictimaiyyətin diqqətinə çatdırır (439 23 76, 438 61 31, 438 61 74)

Şərhləri göstər

XS
SM
MD
LG