Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:29

İranda yoxa çıxanlar minlərlədir


Nümayişlərə çağıran Mir Hüseyn Musəvi keçən şənbədən camaat arasında görünmür

Nümayişlərə çağıran Mir Hüseyn Musəvi keçən şənbədən camaat arasında görünmür

MUSƏVİ: «MƏNƏ TƏZYİQ EDİRLƏR»

Mir Hüseyn Musəvi bu gün öz vebsaytında yazır ki, ona təzyiq edirlər. Təzyiq edirlər ki, seçkinin nəticələrini ləğv etmək tələbindən əl çəksin. Musəvi yazır ki, o «ən böyük seçki saxtakarlığına etirazını» davam etdirəcək. Musəvi, onun özünün ifadəsi ilə desək, «qanuni və sakit» nümayişləri davam etdirməyə çağırır və onun yazdıqlarında bir optimist not da var ki, belə nümayişlərlə etirazçılar sonda istədiklərinə nail olacaqlar.

İrandan son xəbərlər
Ancaq maraqlıdır ki, nümayişlərə çağıran Mir Hüseyn Musəvi keçən şənbədən camaat arasında görünmür. Etirazçılar isə, nümayişlərin qəddarlıqla dağıdılmasına baxmayaraq, etirazları davam etdirəcəklərini deyirlər. Dünən onlar eşitmişdilər ki, Musəvi parlamentə gələcək, ona görə parlament qabağına toplaşdılar, ancaq Musəvi gəlmədi, əvəzində polislər gəldi. Bu gün Musəvi yazır ki, ona etirazçılarla görüşməyə imkan vermirlər.

YOXA ÇIXANLAR MiNLƏRLƏDİR

İranda indiyə kimi nə qədər adam həbs olunub? Bunu isə bilən yoxdur. Rəsmi rəqəm 457-dir. Ancaq müxtəlif qrupların məlumatına görə, yoxa çıxanlar minlərlədir.

Musəvi öz vebsaytında yazır ki, onunla söhbətdən sonra universitetlərin 70 professoru həbs olunub. Musəvinin seçki kampaniyasının rəhbəri Qurban Behzedian da həbs olunub.

Həbsə atılanlar arasında İran islam inqilabının tanınmış simaları var. Əhmədinejad 2005-ci ildə prezident olana qədər onlar yüksək vəzifələr tuturdu. Bunlardan biri parlamentin keçmiş sədr müavini Behzad Nəbavidir. Xatəmi prezident olanda onun sözçüsü işləyən Abdulla Ramazanzadə də tutulub.

HÖKUMƏT SENZURANIN HƏRBİ SƏVİYYƏSİNİ TƏTBİQ EDİB

Həbslər, yoxa çıxmalar haqda isə yazmağa qoymurlar. «Amnesty İnternational» təşkilatının Parisdəki bölməsinin sözçüsü Rza Möini «Azadlıq» radiosuna deyir ki, hökumət senzuranın hərbi səviyyəsini tətbiq edib, sanki müharibə xəbərləridir:

«Hazırda 36 jurnalist həbsdədir. Bizim fikrimizcə, vəziyyət kritikdir. Tutulanlar haqda ailə üzvlərinə heç nə deyilmir. Bizdə olan məlumata görə, jurnalistləri çox pis ad çıxarmış «Evin» həbsxanasında saxlayırlar».

Hökumət senzura ilə yanaşı baş verənlərə öz yozumunu da verir. Məsələn, deyilir ki, ölümü etirazların simvoluna çevrilmiş 26 yaşlı Nida Ağa Sultan adlı qadını hərbi müqavimətin agentləri vurublar ki, təhlükəsizlik qüvvələrini gözdən salsınlar.

Hadisələrin xronologiyası
NİDANIN AİLƏSİNƏ ƏMR VERİLİB Kİ, TEHRANI TƏRK ETSİNLƏR

«Guardian» qəzeti yazır ki, hakimiyyət Nidanın ailəsinə əmr verib ki, Tehranı tərk etsinlər.

Musəvi tərəfdarları sabah göyə minlərlə hava şarı buraxacaqlar, şarların üstündə isə «Nida, sən həmişə bizim qəlbimizdəsən» sözləri yazılacaq.

Hökumət ölənlərə yas mərasimlərinin də qabağını alır. Prezident seçkilərində 3-cü gələn Kərrubi bu gün matəm mərasimi keçirmək istəyirdi, ancaq ləğv etdi. Kərrubinin yaxınları deyiblər ki, hökumət bu mərasimə yer ayırmaq istəməyib.

Seçki saxtakarlığından şikayət edən namizədlərdən biri isə öz şikayətini geri götürüb. Bu, seçkilərdə 4-cü gələn Möhsün Rzaidir. İnqilabi Qvardiyanın keçmiş komandanı deyib ki, o bu hərəkətini İranın maraqları naminə edir.

Möhsün Rzai, Mir Hüseyn Musəvi və Mehdi Kərrubi 12 iyundakı prezident seçkilərindən 600 şikayət vermişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG