Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:01

Bakının parkları hasarlardan nə vaxt azad olacaq?


Səməd Vurğun bağında hələ təmirə başlanılmayıb, Fəvvarələr bağında iş təzə başlayıb
Səməd Vurğun bağında hələ təmirə başlanılmayıb, Fəvvarələr bağında iş təzə başlayıb
İndi Bakının bir çox parklarını gurultu, təmir səsləri başına götürüb. Havalar istiləşəndən parklarda da təmir işləri başlayıb. Hazırda Bakı bulvarındakı ayrı-ayrı sahələr, Fəvvarələr bağı, Elmlər Akademiyasının ətrafındakı bağ, Səməd Vurğun bağı, onunla üzbəüzdəki Muğam parkı adlanan ərazi və şəhərin bir çox yerlərindəki bağlar dəmir hasara alınıb.

«BİZ GÖRƏSƏN HARDA DİNCƏLMƏLİYİK?»

Bakı sakini Günay Əliyeva deyir ki, o bu gün azyaşlı qızının əlindən tutub az qala şəhərdəki bütün bağları gəzib:

«İndi istidir, böyük də, uşaq da parkda, bağda olmaq istəyir. Ancaq harda? Axundov bağına getdik olmadı, Səməd Vurğun bağı hasarlanıb, indi bura Fəvvarələr bağına gəlmişik, bura da bağlı. Biz görəsən harda dincəlməliyik?»

Bağların dəmir hasara alınması əhalinin hərəkətini də məhdudlaşdırır. Kamil Dadaşov deyir ki, onun yolu hər gün Nizami bağından düşür. Bura qədər yaxşı gəlir, sonra başlayan dəmir hasarlar başqaları kimi ona də mane olur.

Səməd Vurğun bağı hasara alınsa da, burda işləyən kimsə gözə dəymir. Özünü təqdim etmək istəməyən bağban deyir ki, eşidib ki, burda çoxlu dəyişiklik olacaq.

Fəvvarələr bağında isə camaat danışır ki, yollar darıldığından sıxıla-sıxıla yol getməkdən beziblər:

«Belə də gün olar?! Yayda da təmirə başlayırlar, bunlar bizi adam yerinə qoymurlar;

O boyda qışda heç kimin yadına təmir düşmədi, yay gələndə, camaata oksigen lazım olanda təmirə başlayırlar...»

ƏHALİYƏ DƏ ZİYANDIR, AĞACLARA DA…

Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynova da deyir ki, yay vaxtında parkların təmirə dayanması əhali üçün də ziyandır, burdakı yaşıllıq üçün də:

«Yayın ortasında ağacları budayırlar. Onlar da xəstələnirlər, quruyurlar. Təmir adıyla parkların görkəmlərini dəyişirlər. Guya bağları gübrələyirlər, amma tarakanlar peyda olur. Üstəlik kənarları daxilindən fərqləndirmək üçün hündür ağaclar bağın kənarında olmalıdır. Belə də oksigen çox, səs az olur. İndi isə təzə dəb düşüb, təmir vaxtı ağacların aşağı hissələrini budayırlar, nəticədə nəqliyyatın tullantıları həmin bağın içində olur, oksigen azalır».

Hüquqşünas Aslan İsmayılov deyir ki, parkların təmir adıyla uzunmüddətli bağlanması vətəndaşların istirahət hüququnun pozulmasıdır:

«Park açıq olmalıdır. Payızda, qışda, uzaqbaşı yazda qısa müddətə təmir olmalıdır. Bizdə isə hər şey tərsinədir. Bizdə əvvəlcə asfalt salırlar, sonra qazıb boru çəkirlər.
Bu məmurların vətəndaşa olan münasibətidir, vətəndaşını fikirləşən belə iş görməz».

RƏSMİLƏR NƏ DEYİR?

Parkların nə vaxt təmirdən çıxacağıyla bağlısa düz-əməlli cavab verən tapılmadı. Bakı Şəhər İcra Hakimiyyətindən dedilər ki, bununla Yaşıllaşdırma İdarəsi, Yaşıllaşdırma İdarəsindənsə dedilər ki, Parkların İnkişafı və Abadlaşdırması İdarəsi məşğul olur. Burdansa bildirdilər ki, Şəhər Təsərrüfatı idarəsi ilə əlaqə saxlamaq lazımdır. Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər Təsərrüfatı şöbəsinin rəisi Xalid Ələkbərovun sözlərinə görəsə, onda olan məlumat budur ki, Səməd Vurğun bağında hələ təmirə başlanılmayıb, Fəvvarələr bağında iş təzə başlayıb.

Təmirə dayanan başqa bağlar haqqında isə şəhər təsərrüfatının rəhbəri dedi ki, onlar haqqında məlumat verə bilməz.
XS
SM
MD
LG