Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:14
«Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı olan professor Şirməmməd Hüseynovun sözlərinə görə, ötən yüzilin 50-ci illərində baş verən o məlum olayın ən böyük əhəmiyyəti ondan ibarət idi ki, insanlar özlərini respublikanın həqiqi sahibi kimi hiss etməyə başladılar. Hörmətli müəllimimiz şahidi olduğu məzəli bir əhvalatı da yada salır: Sən demə, dilimiz dövlət dili olandan sonra, bir bakılı kişi gedib oturubmuş Biləcəridə və başlayıbmış Moskvaya gedən neft çənlərini saymağa…

İndi bildinizmi, Moskva 26 nəfərlik komissiya ilə niyə gəlib oturmuşdu 8-ci plenumda və bu komissiya, onsuz da isti olan Bakı yayını niyə cəhənnəmə döndərmişdi? Elə isə, yazıya davam edək.

MİRZƏ MÜƏLLİM PLENUMDA ONA ÜNVANLANAN HEÇ BIR TƏNQİDİ CAVABSIZ QOYMUR!

Hətta iyunun 17-də plenumun ikinci günü yekunda da söz alıb danışır və deyir ki, il yarımdır mən vəzifədən getmişəm, bəs niyə çalışıb işləri düzəltmirsiniz?..

İki günlük plenum başa çatdı. Plenumun qərarında yazıldı ki, İbrahimov yoldaş məruzəçinin tənqidinə düzgün qiymət vermədi, işində yol verdiyi səhvləri etiraf etmək əvəzinə, İmam Mustafayeva qarşı əsassız ittihamlar irəli sürmək yolunu tutdu…

Moskvadan gələn komissiyanın sədri İ.Şikin yoxlamanı yekunlaşdırdı və geniş arayışı mərkəzə təqdim etdi. 1959-cu il iyunun 24-dən 29-dək keçirilən Sov.İKP MK-nın plenumu da Azərbaycan rəhbərliyini həm təsərrüfatda, həm də milli siyasətdə və ideoloji işdə buraxılan səhvlərə görə tənqid etdi. N.Xruşşov dönə-dönə dil məsələsinə qayıtdı və bu fikrə gəldi ki, valideynlər hansı dildə istəsələr, uşaqlar o dildə oxumalıdırlar. Rus dilinin milli dillərə təsirindən qorxmaq lazım deyil. Hətta əlavə etdi: nə demək istəyirsiniz, istəyirsiniz Türkiyə təsiri olsun?...

İMAM MUSTAFAYEV CANINI QURTARA BİLMƏDİ

O, çox müqavimət göstərdi. Sonda təslim oldu. Qərarda yazılmışdı ki, işin öhdəsindən gələ bilmədi, ümidləri doğrultmadı və artıq 1-ci katib kimi yaramır… Tövsiyə edildi ki, milli məsələni xüsusi şəkildə qabartmaq lazım deyil. Bu, düşmənə hədiyyə vermək olardı.

İyulun 6-da Bakıda MK bürosunun iclasında İ.Mustafayev Vəli Axundovla əvəzləndi (1969-cu ildə onu da «səhhəti ilə bağlı öz xahişi ilə» işdən çıxaracaqdılar). Elə həmin gün keçirilən 9-cu plenumda söz alıb çıxış edən Mirzə İbrahimov (o büro üzvü idi) dilin tətbiqi məsələsində, bəlkə də, tələskənliyə yol verdiyini etiraf edib, bir Molla Nəsrəddin lətifəsi danışdı: Bir neçə kəndli mollanı dilə tutub məmurlardan şikayət etmək məqsədi ilə Əmir Teymurun yanına aparır. Əsəbiləşmiş Teymuru görən kimi hamı qorxub qaçır. Molla geriyə dönəndə, bir nəfər də olsun, vicdanlı adamın qalmadığını görür. Mirzə müəllim deyir: Dil məsələsində mənimlə, demək olar ki, bu cür rəftar etdilər…

ÜÇLÜK MÜXTƏLİF ADLARLA PARAM-PARÇA EDİLSƏ DƏ, SƏBƏB BIR İDİ:

Millətçilik! Onların üçünü də vəzifədən çıxardılar, sonrakı dövrlərdə birinci katiblər yenidən rus dilində danışmağa başladılar. Balalarını rusca oxudanlar azalmadı. Rusca danışmaqdan qürur duyanlar azalmadı. Ancaq 1954-59-cu illərdə Azərbaycan dili, ana dili ictimai fikrə o dərəcədə möhkəm yerləşdi ki, ondan imtina etmək mümkün olmadı. Dil artıq ictimai proseslərin aparıcı qüvvəsinə çevrilməyə başladı. Professor Cəmil Həsənli deyir ki, Sovet tarixi şəxsiyyətsiz tarix idi, yəni şəxsiyyətlərin iştirakı olmadan anonim tarix yazılırdı. O dövr –1954-59-cu illər, sovet dövrü tarixinin, bəlkə də, nadir məqamlarından idi ki, xalq - siyasi elita - ziyalılar eyni şeyi deyirdilər. Onlar bilirdilər ki, Moskva bu işə razı olmayacaq. Ona görə də, MK ilə məsləhətləşmədən, məhdud dairədə iclas keçirib, Azərbaycan dilini yenidən dövlət dili elan etdilər. Təkcə vəzifələrinə görə yox, həyatlarına görə də risk etdilər…

ELƏ İSƏ NƏDƏN «AZƏRBAYCAN DİLİ GÜNÜ» AVQUSTUN 1-İ OLSUN?

1918-ci il iyunun 27-də Cümhuriyyət hökuməti Azərbaycan dilini dövlət dili elan etdi. 1956-cı il avqustun 20-də dilimiz yenidən Konstitusiyada öz yerini tutdu. Bəs nədən hər il avqustun 1-i biz «Azərbaycan dili günü» kimi qeyd edirik? Bu nə qondarma tarixdir?

ÜÇÜNCÜ İMTAHAN…

1978-ci ildə SSRİ-də yeni Konstitusiya qəbul olunanda, müttəfiq respublikaların konstitusiyalarına dövlət dili ilə bağlı maddə əlavə edilib-edilməməsi müzakirə mövzusuna çevrilmişdi. Zaqafqaziyada ilk olaraq Gürcüstan 1978-ci il aprelin 14-də layihəni müzakirəyə çıxardı. On mindən çox adam həmin gün hökumət evinin önünə toplaşıb gürcü dilinin ana dili kimi saxlanmasını tələb etdi. Öndə tanınmış yazıçılar, akademiklər, ziyalılar gedirdi. Hökumət 1937-ci il konstitusiyasındakı maddəni dəyişməz saxlamağa məcbur oldu.

Aprelin 20-də həmin məsələ Azərbaycan SSR Ali Sovetinin sessiyasında müzakirəyə çıxarıldı. O günlərin canlı şahidi kimi onu söyləyə bilərəm ki, Bakıda heç bir mitinq olmadı. Ancaq gərginlik var idi. Biz səbirsizliklə yeni Konstitusiyanın 73-cü maddəsində nə yazılacağını gözləyirdik. Orada yazılmışdı: «Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir».

Ermənistan da elə bu yolla getdi və SSRİ-də yalnız üç respublika milli dilini saxlaya bildi. Gürcüstan və Ermənistanı deyə bilmərəm, məncə biz buna görə haqqında neçə gündür söhbət açdığımız üçlüyə, ən çox da «Milli ideyanın memarı» saydığımız o böyük kişiyə - Mirzə İbrahimova minnətdar olmalıyıq…

Mirzə İbrahimov (1911) zamanın bütün sınaqlarından çıxdı. Tanrı ona Azərbaycanın müstəqilliyini görmək xoşbəxtliyi də nəsib etdi. 1993-cü il dekabrın 17-də dünyadan köçdü. Onu son dəfə elə həmin ilin payızında indiki Sahil bağında dincələn gördüm. Yaxınlaşıb danışmadığıma həmişə üzülürəm. Biz hərdən həyatın keçəriliyini unuduruq…

İmam Mustafayev (1910) də Azərbaycanı müstəqil görə bildi. 90-cı illərdə televiziyada onun həmin dövrlə bağlı söhbətlər etdiyini xatırlayıram…1997-ci ildə dünyadan köç etdi.

Sadıq Rəhimov (1914 ) Nazirlər Sovetinin sədrliyindən sonra da müxtəlif vəzifələrdə çalışdı. Nə vaxt dünya ilə vidalaşdığını öyrənə bilmədim. Bilən varsa yazsın…

DİLİM-SEVGİLİMDİR!

Vəssalam. «Qayıdış… Dilimiz necə dövlət dili oldu?» burda bitir. İstədiyim o idi ki, Cümhuriyyətin çöküşündən sonra ana dilimizin nə halda olduğunu, hansı mübarizələrdən keçdiyini, nəyin bahasına özünü qoruyub-saxladığını sizə çatdıra bilim. Əgər çatdıra bildimsə, bunu doğma dilim-ana dilim, həm də balalarımın dili qarşısında kiçicik bir xidmət kimi qəbul edin… Ya da heç qəbul etməyin. Adam sevdiyinə nə edirsə, təmənnasız edir…

Qayıdış… Dilimiz necə dövlət dili oldu?
Qayıdış…və ya dilimiz necə dövlət dili oldu? (2-ci yazı)
Qayıdış… Dilimiz necə dövlət dili oldu? (3-cü yazı)

Şərhləri göstər

XS
SM
MD
LG