Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:03

«Yenidən Xalq Cəbhəsinə qayıdaqmı?»


Müxalifət liderlərinin prezident seçkisinin nəticələrinə dair mətbuat konfransı, 16 oktyabr 2008
Müxalifət liderlərinin prezident seçkisinin nəticələrinə dair mətbuat konfransı, 16 oktyabr 2008
«Yeni Müsavat»: «Xalq Cəbhəsi saman çöpü deyil, doğrudan da belə zamanlara adekvat bir modeldir. Üstəlik, bütün politoloji özəllikləri ilə yanaşı həm də birliyin, yenidən toparlanmağın modelidir. Bu ad olmadan da birləşmə ideyası illərdir gündəmdədir. Gecdir ki, tez deyil. Amma sevindirici haldır ki, ortada konkret ad, konkret forma və real təklif var. Bir şey də yaxşıdır ki, birlik artıq Azərbaycan siyasətçiləri tərəfindən qıcıqla qarşılanmır. Onların birliyə qarşı arqumentləri bir-birinə caladığı dövr artıq arxada qalıb. Keçənə güzəşt olsun, hər halda zaman yaxşı müəllimdir». Şahvələd Çobanoğlu «Yenidən Xalq Cəbhəsinə qayıdaqmı?» sərlövhəli köşə yazında belə iddia edir.

«Bəs Xalq Cəbhəsi yenidən yarana bilərmi? Azərbaycandakı və dünyadakı obyektiv şərtlər Azərbaycan üçün hər cür mübarizə formasına cavab verir, uyğundur. Lakin obyektiv şərtlərlə yanaşı subyektiv tələblər də ödənməlidir. Bu işi edəcək adam və adamlar lazımdır.

Təklifi İsa Qəmbər irəli sürdüyündən bu təklifin gələcəyi də daha çox ondan asılıdır. Bir də təklifin birbaşa ünvanlandığı siyasi partiya liderlərindən. Təkliflə yaranan Xalq Cəbhəsi hərəkatdan, axından yox, subyektiv çalışmalardan doğmalı və obyektiv şərtlərin vəd etdiyi resursları oyadaraq hərəkat yaratmalıdır. Mətbuat, ya da aşağılardan olan adamlar gəlib onları birləşdirəsi deyil. Bu, mümkün də deyil. Amma tərpəniş olduqda dəstək və kömək də ortaya çıxacaq. Aydın və möhkəm birlik, düzgün və konkret strategiya, istək və iradə zamanın özünün diktə etdiyi bir təklifi asanlıqla reallaşdıra bilər».

«Bizim yol»: «İqtidar indiyədək dəfələrlə ölkədə insan haqları, azadlıqlar və vətəndaş hüquqlarına doğru sınaq atəşləri açıb, hər dəfə də Qərbin reaksiyasını gözləyib. Avropa Birliyi və ABŞ da hər dəfə «pis müstəntiq-yaxşı müstəntiq» rollarını aralarında bölüşüblər, biri Bakını sərt tənqid edəndə o biri toxtadıb». Hüseyn Bakuvi «İqtidarın müxalifət anlamı» adlı məqaləsində belə yazır.

«Və hakimiyyət düşərgəsi də refleks səviyyəsində anlayıb ki, bu millətin başına nə oyun açsa - Qərb bir qədər hiddətlənəcək, sonra mızıldanıb barmaq silkələyəcək və Azərbaycanın adını müxtəlif «qara siyahılar»a salacaq, axırda da susacaq.
İqtidar üçünsə belə tənqid və siyahılar əsla rol oynamır.
Həmin vasitələr ölkəsinə investisiyaları cəlb etməyə çalışan dövlətlər üçündür. Yəni hansısa dövlətin adı çoxsaylı «qara siyahı»lardan birinə düşdümü, xaricdən gələn investisiyalar xeyli məhdudlaşır.

Rəsmi Bakı isə bundan əsla çəkinmir, çünki hakimiyyət mənsubları xalqın qanı və canı bahasına qazandıqları milyardlarla avroluq nağd aktivləri xaricdə gəlirli sahələrə yatırmağın hayındadır.
Bu hakimiyyət üçün ölkəyə pul gəlişi yox, pul çıxarılışının sadə və rahat olması daha önəmlidir.
Ölkədəki müxalifət isə siyasətlə maliyyə maraqlarının çulğalaşdığı səhnədə gərəksiz, arzuolunmaz, zərərli ünsürdür».

«Yeni Azərbaycan»: «Hər dəfə seçki məsələsində söhbət düşəndə və ya seçki yaxınlaşanda, məğlubiyyətin qaçılmaz olduğunu dərk edən müxalifət təmsilçiləri gülməli, məntiqsiz və mənasız «ideyalar»la çıxış edir. 2009-cu ilin sonunda isə bələdiyyə seçkiləri keçiriləcək. Və heç bir resursa, elektorata malik olmayan beş-üç nəfər yenidən xalqın iradəsinə qarşı cəbhə yaratmaq ideyasını irəli sürüblər». Pərviz Sayadoğlu «İdeologiyasız müxalifətin seçki manevrləri» yazısında belə iddia edir.

«Həmişə belə olub. Bütün seçkilərdən öncə təbliğat kampaniyaları vaxtı Yeni Azərbaycan Partiyasının təmsilçiləri xalqla təmasda olur, rayonlarda, kəndlərdə, qəsəbələrdə vətəndaşlarla görüşlər keçirir, öz məramlarını seçki hüququ olan Azərbaycan vətəndaşlarına çatdırır. Müxalifətçilər isə həmin vaxt bəzi ara qarışdırmaq həvəsində olan səfirlərin evinin kandarını yağır edir, əl acıb pul dilənir, «işləmək» üçün xarici emissar axtarırlar. Yeni Azərbaycan Partiyasının təmsilçiləri xalqla görüşlərində ölkənin inkişafından, problemlərin həllindən, proqram və konsepsiyalarından bəhs edirlər. Müxalifət düşərgəsində təmsil olunanlar isə əllərinə girəvə düşən kimi başlayırlar yalana, pafosa...»

«Üç nöqtə»: «Maliyyə böhranı ölkənin xarici ticarət dövriyyəsinə təsir edir». Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov belə deyir:

«Hazırda Azərbaycan dünyanın əksər ölkələri ilə mütəmadi olaraq ticarət dövriyyəsi həyata keçirir. Bu ölkələrə əsasən neft və neft məhsulları ixrac edilir. Hesab edirəm Ki, bundan böyük faciə qurmaq lazım deyil. Sadəcə olaraq, iqtisadiyyatımızı daha da diverfikasiya etmək yönündə işlərimizi davam etdirməliyik. Söhbət qeyri-neft sektorunun inkişafı, real sektora maliyyə yardımlarının artırılmasından gedir. Bunun həyata keçməsinə real zəmin yaranıb».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG