Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:17

«Qadağalar ölkəsi»


Yeni Azərbaycan Partiyasının seçki mitinqi, 17 sentyabr 2008

Yeni Azərbaycan Partiyasının seçki mitinqi, 17 sentyabr 2008

«Azadlıq»: «İran çalxalanır. Durulub-durulmayacağını demək çətindir. Amma belə təlatümlər heç vaxt nəticəsiz olmur. Ola bilsin, qərblilər demişkən, «irəliyə doğru bir addım atır» atır. Hələ bu addımlar bizimçün tısbağa yerişli olsa da, hər halda gələcəyə ümidlərimiz bitib-tükənmək bilmir. Asta-asta addımlayırıq…» Rövşən Hacıbəyli «Qadağalar ölkəsi» sərlövhəli köşə məqaləsində belə yazır.

«YAP hakimiyyəti də beləcə dünyaya dirəniş göstərib geriyə doğru addımlamaqda davam edir. Son illərdə qəbul edilən qanunlarla bağlı çox az müsbət söz eşidirik. Qəbul edilən bu qanunların əksəriyyəti, eləcə də sonuncu konstitusiya dəyişikliyi geriyə doğru addımdır. İnkişafdan, gələcəkdən danışan hakimiyyətin niyə keçmişə maraq göstərməsini, cəhalətə meyl ediməsini anlamaq çox çətindir.

Bütün mövcudluq qadağalara yönəldilib. Şüurlu həyat buna xidmət edir. Sərbəst toplaşmaq olmaz, bu, təkcə müxalifətcilərə aid deyil. Keçmiş kommunistlər bu gün üzdə dinə qayıtsalar da, əhalini də dini fanatizmə meylləndirsələr də, sonda bundan qorxuya düşüblər. Əhalinin kütləvi şəkildə dinə meyllənməsi, məscidə gedənlərin, ibadətə yığışanların sayının ildən-ilə artması bəzi «profilaktik» tədbirləri zəruri etdi. Artıq xeyli vaxtdır ki, məscidlərə qarşı hakimiyyətin «səlib yürüşü» başlanıb. Bir vaxtlar məscid tikənləri reklam edən, onların savab iş görməsindən danışanlar, başqalarını da bu yola gətirməyə çalışanlar indi bunun əksini deyirlər. Guya bu məscidlər vaxtilə qanunsuz tikilib, onların tikintisi icazəsiz aparılıb.

Xaricdə kilsənin tikintisi üçün pul ayıran hakimiyyət daxildə - müsəlman ölkəsində məscidləri bağlamaqla, uçurmaqla məşğuldur. Çünki bu məscidlər narazı əhalinin toplantı yerinə çevrilib. Hətta onlar məscidlərə yığışdıqları zaman siyasi söhbətlər etməsələr belə, hakimiyyət apardığı siyasətin nə vaxtsa kütləvi etirazlara yol açacağını dəqiq bilir. Ona görə indidən bunun qarşısını almağa çalışır. Nail olacaqmı?!..»

«Yeni Müsavat»: «…Bəzən kimisə qınayırlar ki, o, Zəngilanın işğal tarixini bilmir. Bu, əlbəttə, qüsurdur. Ancaq həmin şəxs texniki bilikləri güclü mənimsəyib böyük uğurlar qazansa, Azərbaycanı tanıtsa əsl vətənpərvərdir və işğal tarixini bilməməyi ona bağışlamaq lazımdır». Zamin Hacı «Bir vaqon vətənpərvərlik» adlı köşəsində belə iddia edir.

«Azərbaycanda əsas problem bax, budur: peşəkarlıq. Vətənpərvərliyin deyil, peşəkarlığın mühitini yaranmağa qoymurlar. Alayarımçıq adamları idarə etmək, fırlatmaq, lazım gələndə əzmək asandır axı. Yoxsa bu hakimiyyət 15 ildir peşəkar ordu yaratmaq üçün niyə bir barmaq boyda iş görmür? Tələbələri, burnufırtıqlı uşaqları orduya kütləvi basmaqdansa əmək haqqı alan ordu yaradılmalıdır. Yoxsa silahlı qüvvələrdəki biabırçı mühitin qurbanları hələ çox olacaq. Özü də qurbanlar təkcə sıravi heyət deyil. General Rzayevin qətlini xatırlayın. Korrupsiya mühitində hər kəs potensial qurbandır: generaldan tutmuş, çağırışçıya qədər. Müdafiə Nazirliyinin rəhbərliyindəki bəzi beyni piylənmiş generallar bunu unutmasınlar».

«Yeni Azərbaycan»: «1992-ci ildə qəbul edilən və hazırda qüvvədə olan «Siyasi partiyalar haqqında» Qanuna əlavələr və dəyişikliklər edilməsinə ehtiyac var. Bu dəyişikliklər siyasi partiyaların maliyyələşdirilməsi, onların gələcək fəaliyyəti, ictimai-siyasi həyatda və seçkilərdə iştirakı ilə əlaqəli məsələlərlə bağlıdır». Bu fikirləri Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, dünyanın bir çox ölkələrində bu istiqamətdə təkmilləşmələr gedir: «Hesab edirəm ki, Azərbaycanda da buna ehtiyac var. «Seçki Məcəlləsində elə müddəalar var ki, onlar «Siyasi partiyalar haqqında» Qanunla ziddiyyət təşkil edir. Odur ki, qanunun müddəalarının müasir dövrünün reallıqlarının o cümlədən Konstitusiya və Seçki Məcəlləsinə uyğunlaşdırılması lazımdır».

«Üç nöqtə»: «İrandakı hadisələr bölgə üçün təhlükə yaradır». Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc belə deyir.

«Bu bölgə üçün təhlükə əlbəttə ki, var. Fərz edək ki, hadisələr tamamilə nəzarətdən çıxarsa, bizim sərhədin bir addımlığında ən müxtəlif səviyyədə qarşıdurmalar ola bilər. İstənilən ölkənin xarici siyasət və milli təhlükəsizlik doktrinalarına baxsanız görəcəksiniz ki, həmin ölkə regionda sülhü, sabitliyi daha çox istəyir. Azərbaycan yerləşdiyi məkana görə o qədər də sabit bölgə sayılmır. Bir yandan da İrandaxili hadisələr gərgin müstəvidə cərəyan edəcəksə, bu müxtəlif proseslərə təsir göstərə bilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG