Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:09

Uşaqlara böyüklərsiz istirahət


Dərs ili başa çatmamışdan uşaqlar dəniz sahilində dincəlmək, dərs ilinin ağrı-acısını çıxarmaq üçün səbirsizlənirlər

Dərs ili başa çatmamışdan uşaqlar dəniz sahilində dincəlmək, dərs ilinin ağrı-acısını çıxarmaq üçün səbirsizlənirlər

Dərs ili başa çatmamışdan uşaqlar özləri üçün yay xəyalları qurmağa başlayırlar, dəniz sahilində, bağda-dağda dincəlmək, dərs ilinin ağrı-acısını çıxarmaq üçün səbirsizlənirlər. Ancaq bəzən uşaqların yay xəyalları valideynlərin iş qrafiki ilə uyuşmur. Bu yerdə valideynlərin, onlardan da çox balacaların yardımına yay istirahət düşərgələri gələ bilər.

«PİONER DÜŞƏRGƏLƏRİ» NECƏ OLDU?

İndi valideynlik dönəmlərini yaşayan xeyli insanın yaddaşında bu istirahət mərkəzləri «pioner düşərgələri» kimi qalıb. Sovetlər çağında Azərbaycanın ən məşhur pioner düşərgələrindən biri olan «Qağayı» Xəzərin Abşeron sahilində - Bilgəh qəsəbəsində yerləşirdi. Bura göndərişləri daha çox həmkarlar birliklərinin xətti ilə əldə etmək mümkün olurdu. Orta məktəblərdə isə bu göndərişlər məktəbin əlaçı, o zamankı dillə desək nümunəvi şagirdlərinə təklif olunurdu.

Ancaq indi Bilgəh «Qagayı»sının yerində imkanları elə quşlar kimi sərhəd tanımayan insanların malikanələri tikilib. Mərdəkan qəsəbəsində, Qusardakı istirahət düşərgələrinin yerini isə indi böyüklər üçün əyləncə mərkəzləri tutur.

UŞAQLAR DİNCƏLƏ BİLƏR – ANCAQ BÖYÜKLƏRLƏ

Azərbaycanın bir neçə istirahət zonasında uşaqlar üçün yay düşərgələrinin olub-olmadığı ilə maraqlandıq. Nabrandakı İstirahət Mərkəzlərindən öyrəndik ki, buralar daha çox ailəvi istirahət üçün nəzərdə tutulub. Bu səbəbdən uşaqlar burada dəniz suyu ilə dolu hovuzlarda su əyləncələrinin, axşam klounlarla maraqlı oyunlarda əylənib yay tətilinin dadını çıxara bilərlər. Ancaq böyüklərlə bir yerdə. Nabrandakı istirahət mərkəzlərində deyirlər ki, burada uşaqlar üçün dayələr var. Valideynlər uşaqları rahatlıqla onlara etibar edib istədikləri kimi istirahət edə bilər:

Nabrandakı «Ober lux» istirahət mərkəzinin inzibatçısı Emil Rüstəmovun sözlərinə görə, uşaqlar üçün düşərgə yaratmaq gələn ilə planlaşdırılır:

««Ober lux»da 7 yaşına qədər uşaqların istirahəti pulsuzdur. 12 yaşına qədər uşaqlar üçün isə xidmət haqqının 50 faizini alırıq. Qarşıdakı qış aylarında uşaqlar üçün tikilən əyləncə məkanında işlər tamamlanacaq. Gələn il uşaqlar qrup halında bizim məkanda dincələ biləcəklər».

Nabrandakı «Palma» İstirahət Mərkəzi isə təşkilatçı şirkətlərdən təklif gözləyir. Mərkəzin meneceri Vidadi Sadıqov:

«Bizdə uşaqların istirahəti üçün imkanlar var. Hər hansı şirkət belə bir təşəbbüs göstərsə qapılarımız onların üzünə açıqdır».

DİN-NİN YAY EVİNDƏ UŞAQLAR NEÇƏYƏ DİNCƏLİR?

İndi Azərbaycanda reklam olunan uşaq yay istirahət düşərgəsi Daxili İşlər Nazirliyinin (DİN) Zuğulbadakı İstirahət Evində yerləşir. Burada uşaqların 21 günlük istirahətləri təxminən 400 manata başa gəlir. Bir neçə ildir düşərgədə dincələn Elxan Zeynalzadə deyir ki, burada intellektual oyunlara o qədər də üstünlük verilmir. Xidmət orta səviyyəlidir. Uşaqlar həm səhər yeməyindən, həm də gündüz istirahətindən sonra dənizə gedir. Axşam yeməyindən sonra isə komandalara bölünüb müxtəlif oyunlar oynayırlar.

UŞAQLARI DÜŞƏRGƏYƏ GÖNDƏRƏK?

«Yay düşərgələri olsaydı, övladınızı rahatlıqla ora istirahətə göndərərdiniz» sualına Bakı sakinlərinin münasibəti müxtəlif olub:

-Çox istəyərdim belə düşərgələrin olmasını. Ancaq düşünürəm ki, normal xidmət olsa qiymətlər mənim kimi aşağı təbəqənin cibinə uyğun olmayacaq. Geniş mənada isə bu çox yaxşı olardı. Xüsusən uşaqların ünsiyyət dairələrinin genişlənməsi üçün.

-Əlbəttə istəyərəm olsun. Ancaq yoxdur. Bu haqda heç nə eşitməmişəm.

-Bəs uşaqlarınız yayda necə dincəlir?

-Oturublar evdə. Hərdən də dənizə gedirlər. Yay düşərgələrinin olmasına çox sevinərdim.

-Azərbaycanda istirahət məkanlarının sayı artır. Sizcə, nədən bu sahə inkişaf etdirilmir?

-Bunu demək çətindir. Ancaq düşünürəm ki, bu məsələ ilə rəsmi səviyyədə məşğul olmaq gərəkdir.

-Mən uşaqlarımı düşərgəyə göndərməyə ürək eləməzdim. Özüm müəlliməyəm. Düşünürəm ki, düşərgələr yaradılsa belə, orada xidmət və nəzarət arzu edilən səviyyə olmayacaq.

GÖRƏK GÖTÜRƏK

Qonşu Rusiya və Türkiyədə uşaqların yay istirahətini təşkil edən yüzlərlə turizm agentlikləri var. Həm ölkə içərisində, həm də dünyanın bir çox ölkəsindəki uşaq yay kamplarına səfərlər düzənləyən şirkətlərin təklifləri çox cəlbedicidir. Bu təkliflər sırasında nələr yoxdur? Avropanın məşhur kurort şəhərlərində ingilis dilinin, kompüter proqramlarının mənimsənilməsindən tutmuş uşaqların rejissorluq, aktyorluq, ssenaristlik qabiliyyətlərini üzə çıxaran dərnəklərə qədər qulaqlarımızın artıq alışdığı xidmətlərlə yanaşı, həm də nağıl kimi görünən ekzotik səyahətlər, dəniz gəzintilər, adalara səfərlər.

Qiymətlər də təbii xidmətin növündən və keyfiyyətindən asılıdır.

Qonşu dövlətlərdə uşaqların yay istirahəti ilə bağlı ən yaddaqalan məqam həm də fiziki qüsuru olan uşaqlar üçün ixtisaslaşdırılmış yay düşərgələrinin olmasıdır. Fiziki problemləri olan uşaqlar üçün yaradılan düşərgələrdə onlar üçün xüsusi qida rasionundan başlayaraq sağlıq durumlarına yaxşı təsir göstərəcək sağlamlaşdırıcı proqramlara qədər bir çox vacib məqam diqqətə alınıb.
XS
SM
MD
LG