Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:16

«Birləşdirməyə adam azdır»


Hikmət Hacızadə
Hikmət Hacızadə
Xalq Cəbhəsinin konsepsiyasının yazılmasına Hikmət Hacızadə hazır olduğunu bir neçə gün əvvəl bildirib. Müsavat Partiyasının başqanı İsa Qəmbərin «Xalq Cəbhəsi yaradılmalıdır» təklifi haqqında «FAR» Siyasi və İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq «Azadlıq» radiosunun «İşdən sonra» proqramına danışıb:

- Hikmət bəy, Xalq Cəbhəsinin yaradılmasının ideoloji əsasları haqda nə deyə bilərsiniz?

- Həm ideoloji əsasları var, həm də təşkilati imkanları. Xalq Cəbhəsi geniş koalisiyadır. Olduqca ümumi ideyalar ətrafında yaradılır. Məsələn, demokratiya, vətəndaş cəmiyyəti, qadın-kişi hüquqlarının bərabərliyi, müstəqillik uğrunda mübarizə, Cürbəcür təşkilatlar olsalar da, proqramları fərqlənsə də, əsas bir şey - müstəqillik istəyirsənsə, gəl cəbhəyə qoşul. Müstəqillik necə olacaq, demokratiya milli olacaq, liberalizm nə cür olacaq və s. məsələlər artıq ikinci dərəcəli məsələdir.

- Belə çıxır ki, 1980-ci illərin sonunda da eyni ideyalar idi?

- Əlbəttə.

- İndi də eyni vəziyyətdir?

- Bəli. Amma o vaxt əsas ideya ölkənin suverenliyi, müstəqilliyi, Qarabağ məsələsi idi. İndisə, əsas ideya demokratiya, insan haqları, mətbuat azadlığıdır. Artıq müstəqil olmuşuq. Qalanları ətrafında Xalq Cəbhəsi yaratmaq olar. Amma hamı bu müzakirədə bir şeyi unudur. Bunun ideoloji əsasları var, təşkilatı sxemləri var, fəallıq isə azdır. Birləşdirməyə adam azdır. Budur əsas problem. Əks halda, çoxdan birləşdirən olardı. 50-yə qədər təşkilat sayaram ki, hansılar birləşməyə hazırdır. Lakin onlar hamısı zəifdir. Arxasında isə, əfsuslar olsun ki, böyük kütləvi etiraz dalğası yoxdur. Əsas çətinik budur.
XS
SM
MD
LG