Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:11
«Eca İnternational» veb-saytı Bakının adını dünyada ən bahalı şəhərlər sırasında çəkib. 50 şəhər arasında Bakı hətta Moskvanı da qabaqlayır, Azərbaycan paytaxtı bu siyahıda 20-ci yerdədir, ötən ilsə 109-cu yerdə olub. Amma bu araşdırma əcnəbilərə münasibətdə aparılıb. Yəni Bakı bura gələn xaricilərə fantastik qiymətlər təklif edir.

SƏSİNİ EŞİDİB QİYMƏTİ QALDIRIRLAR

Altı ildir Bakıda yaşayıb-işləyən Türkiyə vətəndaşı Eyyub Koksal bu rəylə razıdır, deyir ki, Bakı bahaçılıqda Avropanın bir çox şəhərlərini qabaqlayır. Eyyub danışır ki, dünyada qiymətlər düşdüyü bir vaxtda onun Bakıda xərcləri günü-gündən artır, məsələn, qaldığı evin yiyəsi kirayə haqqını artıq 500 manata qaldırıb. E.Koksal əvvəllər yeməyə restorana, kafeyə gedirdisə, indi bazarlığını edir, qolunu çırmalayıb aşpazlıq öyrənir:

- Bəs bazarlıq edəndə, xarici olmanız qiyməti qaldırmır ki?

- Əlbəttə, nə qədər ki, susub dururam, qiymət hamı üçün necədirsə, mənim üçün də elədir. Elə ki, danışdım, qiymət qalxır. Amma birtəhər bazarlığımı edirəm, baxıram, yerli alır, arxasınca da mən istəyirəm ki, satıcılar qiyməti qaldıra bilməsin. Amma Bakı çox bahalı şəhərdi. Birtəhər dolanırıq burda.

QİYMƏT ƏCNƏBİNİ DƏ QORXUDUR, YERLİNİ DƏ

Hollandiyalı Sofiya isə deyir ki, o, Bakıya gələndən xərcləri planlaşdırdığıyla üst-üstə düşməyib, elə bahaçılıqla üzləşib ki, matı-qutu quruyub.

Bakıda elə mağazalar var ki, ordakı qiymətlər adi dükanlardan xeyli fərqlidir, burdan əsasən bir şəhərin imkanlı sakinləri alver edir, bir də əcnəbilər. Məsələn, şəhərin «Torqovı» deyilən küçəsində duran taksi sürücülərinin çoxu 2 km-lik məsafəyə ən azı 20 manat istəyirlər, çünki adətən onların müştəriləri əcnəbilər olur.

Amma Bakı təkcə əcnəbilər üçünmü bahalı şəhərdir?

30 yaşlı Rüfət deyir ki, Azərbaycan paytaxtı ancaq varlılar üçündür:

- Sözün düzü, hər şey bahadır. Yemək, geyinmək, hədiyyələr…Məncə, Bakıda əhali belə yüksək maaş almadığı üçün qiymətlər baha sayılmalıdır.

Bəzi yerli sakinlər isə hesab edirlər ki, Bakıda işləyən xaricilər yüksək əməkhaqqı aldığı üçün onların gileylənməsinə əsas yoxdur. Bəzi sakinlər də Bakını elə də bahalı şəhər saymırlar, bir neçəsi isə deyir ki, qiymətlər pis deyil, amma pul olsa.

«BU, TURİZM AXININA DA MƏNFİ TƏSİR EDİR»

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu isə deyir ki, Bakını xaricilər üçün əsasən yaşayış xərcləri baha edir. Yəni otelə düşən əcnəbilər bir gecə üçün az qala dünyanın ən bahalı şəhərlərindəki mehmanxana qiymətinə bərabər pul ödəməli olurlar. Yerlilərin də bahaçılıqdan gileylənməsinə gəlincə, Q.İbadoğu deyir ki, neftdən varlananların əksəriyyəti Bakıda yaşadığından onların xərclədiyi pullar paytaxt bazarlarına da təsir edir. Nəticədə imkansız adamlar bahaçılıqdan əziyyət çəkməli olurlar.

Qubad İbadoğlu deyir ki, Bakının dünyada bahalı şəhər imiciylə tanınması ölkə paytaxtına turizm axınına da mənfi təsir edə bilər.

Bəs siz necə bilirsiz, Bakı əcnəbilərə niyə bahalı görünür?

Şərhləri göstər

XS
SM
MD
LG