Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:35
Rusiyada irqçi cinayətlər barədə məlumatları toplayan “Sova” Analitik Mərkəzi iyunun 22-də özünün yeni hesabatını yayıb. Hesabata görə, bu ilin 5 ayı ərzində ölkədə irqi zəmində 33 nəfər öldürülüb, 130-dan çox adam yaralanıb.

Təşkilatın sədr müavini Qalina Kojevnikova Azadlıq Radiosuna müsahibəsində deyib ki, Rusiyada irqçilərin hədəfləri bir qədər dəyişir.

- Yeni qruplar peyda olub ki, onlar “Rusiyanı gəlmələrdən təmizləmək”dən başqa həm də siyasi terrora əl atırlar. Burda məntiq çox sadədir - əvvəl onlar düşünürdülər ki, “qeyri-rusu döyəcəyik, o gedib öz ölkəsində başına gələnləri danışacaq və qalanları qorxub Rusiyaya gəlməyəcək”. İndi isə onlar görürlər ki, bu taktika işləmir.

Ona görə də düşünürlər ki, “biz miqrantların Rusiyaya gəlməsinə və burada yerləşməsinə şərait yaradan siyasi rejimlə mübarizə aparacğıq”. Artıq milis bölmələrinə, hərbi çağırış məntəqələrinə hücumlar, qəsdən törədilən yanğınlar haqda məlumatlar var. Amma eyni zamanda ötən illə müqayisədə Rusiyada irqi zorakılığın azaldığı müəyyən olunub.

Hərçənd çox güman ki burda bir məlumat boşluğu da var – bir çox belə cinayətlər haqda sadəcə xəbər verilmir.

- Bəs hüquq-mühafizə orqanlarının irqçilərə münasibəti dəyişibmi?

Qalina Kojevnikova
- Bunu demək çətindir. Biz son il yarımda milisin məsələyə yanaşmasında dəyişiklik elementlərini görürük. Amma bu daha çox siyasi hakimiyyətin məsələyə münasibətinin dəyişməsindən irəli gəlir. Biz artıq yüksək vəzifəli şəxslərin dilindən irqçilərin əleyhinə müxtəlif bəyanatlar eşidirik. Biz hüquq-mühafizə orqanlarından neonasistlərdən gələn terror təhlükəsi haqda eşidirik.

Bu – Şimali Qafqazda terrorçuluq təhlükəsindən sonra ikinci təhlükə adlandırılıb. Bu irəliyə doğru iri bir addımdır. Çünki əvvəllər hüquq-mühafizə orqanları ümumiyyətlə ölkədə skinhedlərin olmadığını iddia edirdi.

Siyasi hakimiyyətin mövqeyindəki dəyişiklikdən sonra milisin də yaxşı işini müşahidə etmək olar. Amma hələ ki, bu, irqçilərə qarşı məhkəmə hökmlərinin artması ilə nəticələnmməyib.

Hər halda bu ilin 5 ayı ərzində keçən ilin eyni dövrü ilə müqayisədə daha az hökm çıxarılıb. Amma bu hökmlərin əgər belə demək olarsa, keyfiyyəti yaxşılaşır.

- Nə mənada?


- Yəni əgər əvvəllər skinhedlərə qarşı daha çox Cinayət Məcəlləsinin 282-ci maddəsi – yəni nifrətin nümayişkaranə şəkildə bildirilməsi (“qaralara ölüm” və s. şüarlar səsləndirmə) ilə bağlı maddə tətbiq olunurdusa, indi tətbiq olunan maddələrin sayı artır. Axı baş verən cinayətlər yalnız 282-c maddənin tərkibi ilə məhdudlaşmır.

Bizim Cinayət Məcəlləsində milli zəmində nifrətə görə cinayətləri daha dəqiq ifadə edən maddələr var – məsələn, milli zəmində xuliqanlıq, milli zəmində döymə və s. Artıq bu maddələri fəal şəkildə tətbiq etməyə başlayıblar. Yazda milli zəmində cinayətlərə görə 8 hökm çıxarılıb və onların yalnız birində 282-ci maddə tətbiq edilib. Dəqiq maddələrdən istifadə də irəliyə doğru böyük addım sayılmalıdır.

“Sova” öz məlumatlarını mediadan toplayır. Bu ilin əvvəlindən bəri öldürülən və yaralananlar əsasən Orta Asiyadan, xüsusən də Özbəkistan və Tacikistandan olan miqrantlardır.

“Sova”nın məlumatına görə, martın 3-də Yaroslavlda iki rus gənc azərbaycanlı taksi sürücüsünə hücum edib. Bıçağı onun boğazına dirəyib maşından düşməyə məcbur ediblər. Qaçırılan maşın bir neçə kilometr aralıda tapılıb. Sürücü polis bölməsinə məlumat verib – ertəsi gün hücum edənlərin ikisi də yaxalanıb. Onlardan biri millətçidir.

Martın 23-də isə Moskvanın metro stansiyalarının birində bir qrup gənc milli zəmində iki azərbaycanlı yeniyetməyə hücum edib, onları bıçaqla yaralayıb. Hücuma məruz qalanlar tibbi yardım üçün xəstəxanaya müraciət ediblər.

Bundan başqa “Sova”nın topladığı məlumatlara görə, Podmoskovyedə və Sankt-Peterburqda iki azərbaycanlı öldürülüb, cinayətin motivləri arasında milli zəmində qətl də nəzərdən keçirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG