Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:38

«QHT-lərin labüd sonu»


Polis QHT təmsilçilərinin aksiyasına imkan vermir, Bakı, 19 iyun 2009 Foto: IRFS
«Bizim yol» qəzeti: «QHT-lərin labüd sonu» (Natiq Güləhmədoğlunun köşə yazısı)

250-dən artıq QHT yığışıb forum keçirdi. 250 balaca rəqəm sayılmır. Bir QHT-nin təsis olunması üçün azı 3 nəfər lazımdır. Sadə hesablama: 250 QHT-nin arxasında 750 ictimai fəal dayanır. Dayanırmı?

Haradadır bu qəhrəman ictimai fəallar? Vəziyyəti daha da dramatikləşdirmək üçün yazaq ki, ölkədəki QHT-lərin sayı 2 mini ötüb. Tənbəllik etməyib 2 mini də 3-ə vururuq.

6 min. Həm də azı 6 min.

Yaxşı mən ölü siz diri, 6 min ictimai fəal varmı bu ölkədə? Varsa niyə biz onları görmürük? Onlar nə ilə məşğuldurlar, məqsədləri, məramları nədir?

Bahəddin bəy son yazısında 3-cü sektorun vəziyyətini çox dəqiq analiz edib. Doğurdan da, bu sektordakı mikroskopik azlığı çıxmaqla əksəriyyətin dini-imanı, məsləki qrantdır.

Bütün fəaliyyətini qrant çırpışdırmağa hesablanmış təşkilatların varlığından yoxluğu əfzəldir. Əlbəttə, Azərbaycan hökumətinin ən böyük qrant yeyən struktur olduğunu da unutmamışıq.

Təsadüfü deyil; Azərbaycan mətbuatında çalışan qiymətli qələm sahiblərindən demək olar heç biri QHT-lərin qaldırdığı qiyama dəstək vermir. Hamı bilə-bilə ki, hakimiyyət mürtəce dəyişiklərə gedir, yenə də çoxumuz «cəhənnəmə ki» deyir. Çünki azad mətbuat əziləndə, siyasi partiyalar repressiya olunanda, Gənclər Hərəkatı susdurulanda bu QHT-lər «cəhənnəmə ki, mənə nə» fəlsəfəsiylə yaşayırdı.

QHT-lər bir subyekt ola-ola özlərini hədsiz aşağılayıblar. Onlar heç kimin edə bilməyəcəyi pisliyi özlərinə ediblər. Ötən 15 ildə onlar dəyər ola bilmədilər, qiymətli sərvətə çönmədilər. Lakin, «qeheteşniklər» özləri qiymətli ideyaları xaltura obyektinə çevrilib varlana biliblər. İndi isə onlar haqq etdikləri taleyi yaşayırlar.

Hakimiyyətlə də cici-bacı ol, müxalifətlə də... Bundan sonra hələ dur bir, haqq ədalətdən də danış. Bu ikiləşmiş həyata hakimiyyət son qoyur. Yaxşı deyil, amma insafən pis də sayılmaz...

İnsan itkiyə o zaman acıyır ki, itirilən şey qiymətli olsun. Rudimentlərin yoxluğu heç vaxt orqanizmdə fəsad yaratmayıb, yaratmayacaq da...

«Yeni Müsavat» qəzeti: «2-ci Xalq Cəbhəsinə ehtiyac var...» (Zahid Səfəroğlunun köşə yazısı)

... Baxın, Azərbaycanda artıq hüququ pozulmayan sosial-ictimai, siyasi təbəqə nümayəndəsi qalmayıb. Ölkədə iş adamı və ticarətçinin də, müxalifətçi və QHT-çinin də, jurnalist və dindarın da, tələbə və şagirdin də haqqı indi eyni dərəcədə tapdanır. Belədirsə, üstəlik Qarabağ dərdi, xarici təhlükələrlə bağlı problemlər 16 ildir yerindədirsə, neft nağılları dinləyən xalqın güzəranı yaxşılaşmaq əvəzinə ilbəil pisləşirsə, AXC hərəkat şəklində niyə də bərpa edilməsin?

Problem ondadır ki, Azərbaycandakı mövcud vəziyyəti yaxşıya dəyişmək üçün sivil ölkələrə xas müxalifətçilik fəaliyyəti çoxdandır yetərli deyil. Konstitusiyada, iqtidarın özünün də imza atdığı beynəlxalq konvensiyalarda əksini tapmış normal müxalifətçiliyə heç şərait, zəmin varmı ki?...

Belə görünür ki, proseslər həqiqətən ən pis variant üzrə inkişaf etməkdədir. Hər halda, acı gerçəklikdir ki, Azərbaycanda demokratiyanın onsuz da ağır gedib-gələn nəfəsini birdəfəlik kəsmək istəyirlər. Buna nail olsalar, hamı üçün, ən betəri, Azərbaycan və Qarabağ üçün, lap elə hakimiyyət üçün pis olacaq. Odur ki, siyasi, partiya və fərdi maraqları kənara qoyub Azərbaycan marağını önə çıxarmaq zamanıdır. Çünki milli, demokratiya maraqları təmin edilməyən yerdə ikinci dərəcəli maraqlar boş şeydir, təmin edilə bilməz və fiaskoya məhkumdur.

Buna isə hansısa əməkdaşlıq qurumu formatında baxmaq lazım deyil. Ona hərəkat şəklində, millətçilərdən solçulara, mətbuat zümrəsindən dindarlara qədər ölkənin narazı elektoratını 2-ci AXC-də birləşdirməklə nail olmaq mümkündür. İqtidar nə qədər qəddar üsullara əl atsa belə, narazı kütlənin yüksək səviyyədə təşkilatlanmasını ciddiyə almalı olacaq.

Nəhayət, unutmayaq ki, Azərbaycanda hakimiyyət hələ bircə dəfə də seçki yolu ilə dəyişməyib. Nədəni bəllidir: iqtidar azad seçkidən od sudan qorxan kimi qorxur. Bu o deməkdir ki, ölkədə totalitarizm meylləri öz xoşuna aradan qalxmayacaq. QALDIRILACAQ. Bunun üçünsə sivil müxalifətçilik yetərli deyil, bunun üçün ənənəvi müxalifətçilikdən də üstün bir fədakarlıq, cəsurluq lazımdır.

Politoloq Hikmət Hacızadənin sözü olmasın, əslində Azərbaycanda indi müxalifət yoxdur, dissident hərəkatı var. O zaman niyə AXC də olmasın? Əks halda dissident də olmayacaq...

«Yeni Azərbaycan» qəzeti: «Dünyada bu il taxıl qıtlığı gözlənilsə də, ölkəmizdə rekord həcmdə məhsul istehsal olunacaq»

Dünya maliyyə böhranı bir çox dövlətlərin aqrar sektoruna da ağır zərbə vurub və 2009-cu ildə dünya iqtisadiyyatı üzrə kənd təsərrüfatı məhsullarının azalması gözlənilir...

Ümumdünya Ərzaq Təşkilatı bu il taxıl istehsalçısı olan ölkələrdə hava şəraitinin pis keçməsi ilə yanaşı, bir sıra ölkələrdə əkin sahəsinin də ötən illə müqayisədə azaldığını vurğulayır. Əsas taxıl tədarükçüsü olan ABŞ, Braziliya və Avropa ölkələrində maliyyə böhranı ilə əlaqədar istehsalın azalacağı gözlənilir. Həmin ölkələrdə dünya böhranı ilə əlaqədar müflis olan iri fermer və kooperativlər taxılçılığa sərmayə qoymaq istəmir. Taxıl əkininə çəkilən xərclər maya dəyərini bəzən ödəmir, ona görə də fermerlər hazırda taxılçılığı gəlirli sahə hesab etmirlər.

Dünya iqtisadi böhranının təsirlərindən sığortalanan Azərbaycanda bu il kənd təsərrüfatı məhsullarının artımı proqnozlaşdırılır... Bu ilin ilk rübündə aqrar sahədə inkişaf 7 faizə yaxın olub ki, bu da mühüm göstərici kimi qiymətləndirilir. Ötən il bu sahədə artım dinamikası 10 faizə yaxınlaşıb, bu ilin sonunda isə aqrar bölmədə artım tempinin 10 faizi ötəcəyi proqnozlaşdırılır...
XS
SM
MD
LG