Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:13

Mövqelər yumşalır


«QHT-lər haqqında» qanuna dəyişikliklərin müzakirəsi növbəti iclasa qaldı

«QHT-lər haqqında» qanuna dəyişikliklərin müzakirəsi növbəti iclasa qaldı

80, YOXSA 50

Qeyri hökumət təşkilatlarının əmlakının nə qədəri xarici fondlardan maliyyələşə bilər? Bu mövzuda Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi ilə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu barədə fərqli təsəvvürləri var. Şura təklif edir ki, QHT-lərin əmlakının 80%-ə qədəri xaricdən qaynaqlana bilər. Parlament komitəsi isə hesab edir ki, bu, 50 faizdən artıq olmamalıdır.

Bir çox qeyri-hökumət təşkilatları isə belə məhdudiyyətin qoyulmasını ümumiyyətlə məntiqsiz hesab edirlər. QHT nümayəndələrinin fikrincə, dəyişikliklər dövlət yardımından asılı olmaq istəməyən təşkilatları sıradan çıxarmaq üçündür.

Şura bu təklifləri iyunun 19-da QHT-lər haqqında qanuna beynəlxalq təşkilatların etirazları səslənəndən sonra açıqlayıb. Şura sədri Azay Quliyevin ilkin mövqeyi parlament komissiyası ilə üst-üstə düşürdü.

ÜMUMMİLLİ QHT OLMAQ ÜÇÜN NƏ ETMƏLİ?


Digər alternativ təklif isə QHT-lərin bütün ölkə üzrə fəaliyyət göstərməsi ilə bağlıdır. Qanun layihəsi tələb edir ki, ümumazərbaycan təşkilatları ölkənin heç olmasa üçdə birində filiallarla təmsil olunmalıdır, əks halda onların fəaliyyəti yalnız olduqları bölgə ilə məhdudlaşacaq. Yəni Bakıdakı təşkilat bölgələrdə iş apara bilməz. QHT Şurası bu məhdudiyyəti bir qədər yumşaltmağı təklif edir. Yeni təklifə görə təmsilçilik azı 10 inzibati ərazini əhatə etsə kifayətdir.

Şura təkliflərini iki variantda hazırlayıb. O biri variantda isə ümumiyyətlə xarici mənbələr hesabına maliyyələşmə ilə bağlı məhdudiyyətin tamamilə aradan qaldırılması təklif edilir.

REAL TƏKLİFLƏR, YOXSA İCAZƏLİ KOMPROMİS

Təklif müəlliflərindən biri - Əməkçilərin Hüquqlarını Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, onlar QHT-lərin xeyrinə əllərindən gələni ediblər. Məmmədova görə, Şura elə dəyişikliklər təklif edib ki, onların qəbulu real olsun.

QHT-lərin qeydiyyatsız fəaliyyətinə qoyulan qadağaya gəldikdə Sahib Məmmədov deyir ki, burda məhdudiyyətə fundamental dəyişiklik yoxdur. Sadəcə parlamentdə müzakirəyə çıxarılan dəyişikliklərin koalisiyalara və müvəqqəti yaradılan birliklərə aid edilməməsi təklif olunur.

CƏZA MÜDDƏTİ AZALDILSIN

Daha sonra təklif edilir ki, qanun pozuntularına yol verdiyinə görə müəyyən olunmuş qaydada ləğv edilən qeyri-hökumət təşkilatının təsisçisinə (təsisçilərinə) məhkəmənin qərarı ilə beş il yox, iki ilədək müddətə digər QHT təsis edilməsi qadağan edilsin.

Şura həmçinin qrantların qeydiyyatı əvəzində icra strukturlarından loyallıq tələb edir:

«Əgər qrantların qeydiyyata alınması QHT-lərin qarşısına vəzifə kimi qoyulursa, onda müvafiq icra hakimiyyətinin üzərinə də vəzifə kimi qoyulsun ki, onlar da qeydiyyatdan imtina edə bilməz».

Şura qanunun qüvvəyə minməsinə aid keçid müddəalarının layihədən çıxarılmasını təklif edir.

MƏHDUDİYYƏT İSTƏMİRİK, VƏSSALAM

Bir sıra QHT-lər ilkin müzakirələrdə qanuna dəyişikliklərə sözsüz etirazı, yəni bu mövzuda təşkilatların hökumətlə danışıqlar aparmayaraq, sadəcə dəyişikliklərə yox deməyi təklif edirdilər.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğluna görə, Şura tərəfindən irəli sürülən təkliflərin bir çoxu onu qane edir. Amma o da hesab edir ki, məhdudiyyətlər paketi müzakirədən tamamilə çıxarılmalıdır. İqtisadçıya görə, onsuz da qrant və hesabatlılıqla bağlı məsələlər ayrı-ayrı qanunlarla tənzimlənir və bu məsələlərin yenidən bu dəyişikliklərə salınması düzgün deyil.

KİM NƏYƏ İNANIR?

İbadoğlu parlamentdə də Şuranın təkliflərinin keçəcəyinə inanır.

Təklifi hazırlayanlardan biri - Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyir ki, onlar bu təklifləri Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsində müzakirə ediblər. Bu səbəbdən də Fond prezidenti təkliflərin nəzərə alınacağına ümidlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG