Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:10

«Bu hadisədən Təhsil Nazirliyinin məlumatsız olması şübhə yaradır»


«21-ci Əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev
«21-ci Əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev
«Mənə Gədəbəydən hörmət elədiyim bir şəxs zəng edib dedi ki, bu il rayonun məktəblərində hər bir məzundan attestat almaq adı ilə 200 manat pul yığıblar. Sonradan məlum olur ki, hansısa bir iclasda məktəb direktorlarına göstəriş verilib ki, hansı məktəbdə attestat az alınsa, o məktəbin direktoru işdən azad ediləcək. Direktorlar da işlərini itirməmək üçün sözü bir yerə qoyub bu addımı atıblar».

Milli Məclisin Gədəbəydən olan deputatı Nazim Məmmədovun bu günlərdə «Azadlıq» radiosuna dediyi bu fikirlərin üstündən çox keçməmişdi ki, növbəti attestat əhvalatının sorağı Göranboydan gəldi.

Əvvəl media yazdı ki, Goranboy rayon Təhsil Şöbəsinin müdiri Elmar Əliyev korrupsiyada ittiham olunaraq həbs edilib. Sonra - yəni iyunun 18-də Baş Prokurorluq orta məktəb şagirdlərindən buraxılış imtahanlarını müvəffəqiyyətlə keçmək üçün rüşvət yığan korrupsiya şəbəkəsinin ifşa edilməsi barədə məlumat yaydı. Məlumatda deyilir ki, artıq bir qrup Goranboy rayon sakininin ərizəsinə əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi müvafiq yoxlamalar aparıb, Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma maddələri ilə cinayət işi başlanıb. Goranboy rayon Təhsil Şöbəsinin müdiri və işçisindən başqa bir neçə məktəb direktoru da cinayət işinə cəlb edilib.

«BİZ ÖZÜMÜZ DƏ TƏƏCCÜB QALMIŞIQ Kİ, BU, NƏ MƏSƏLƏDIR?»

Təhsil Nazirliyinin kənd rayonları üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Aydın Əhmədov isə deyir ki, haqqında danışılan faktlar barədə indidən nəsə demək çətindir. Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Goranboyda həyata keçirdiyi tədbirlərdən sonra gələcəyi qənaətə uyğun olaraq nazirlik də müəyyən addımlar atacaq. Ancaq ümumilikdə mərkəzləşdirilmiş test imtahanları tətbiq edildikdən sonra belə halların baş verməməsi üçün Təhsil Nazirliyi paytaxtda və bölgələrdə həm şagirdlər həm də valideynlər arasında maarifləndirici təbliğat işləri aparır:

- Biz təbliğatımızı neçə ildir aparırıq. Bakı şəhərində də, rayonlarda da.
- Onda bəs niyə Goranboyda belə hadisə baş verib?
- Biz özümüz də təəccüb qalmışıq ki, bu, nə məsələdir?

Baş Prokurorluğun məlumatında o da qeyd olunur ki, axtarış tədbirləri zamanı Goranboy rayon Təhsil Şöbəsinin müdiri Elmar Əliyevin evindən və xidməti otağından külli miqdarda pul, həmçinin xeyli yazılı və boş əsas təhsil haqqında şəhadətnamə, orta təhsil haqqında attestat, məktəblər üzrə pul siyahıları aşkar edilib götürülüb.

«İNANMIRAM Kİ, BELƏ BİR HAL BAŞQA RAYONLARDA YOXDUR»

«21-ci Əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevin sözlərinə görə, problem ondadır ki, indiyədək rayonlarda təhsil şöbəsinin müdirinin kimə tabe olduğu dəqiqləşməyib. Bu şəxslər vəzifəyə icra hakimiyyətinin təqdimatı ilə Təhsil Nazirliyi tərəfindən təyin edilir. Amma nədənsə təhsil şöbələrində və orta məktəblərdə baş verən neqativ halları prokurorluq işə qarışmazdan əvvəl bu qurumlar aşkar etmirlər:

«Bu hadisədən icra hakimiyyətinin və Təhsil Nazirliyinin məlumatsız olması şübhə yaradır. Və mən inanmıram ki, belə bir hal başqa rayonlarda yoxdur. Bu prosesin yalnız bir rayonda getdiyini düşünmək də gülüncdür».

Etibar Əliyev hesab edir ki, şəffaflıq üçün rayonlarda təhsil şöbələrinin və orta məktəblərinin fəaliyyətinə QHT-lərin nəzarətini təmin etmək lazımdır. Ekspertin fikrincə, Goranboy rayon Təhsil Şöbəsinin müdirinin evində və kabinetində xeyli yazılı və boş attestatın aşkar edilməsi də diqqətdən kənarda qalmamalıdır. Araşdırılmalıdır ki, həmin attestatlar haradan əldə edilib.

Bölgələrdə mərkəzləşdirilmiş testlər iyunun əvvəlində, Bakı və Sumqayıtda isə iyunun 16-da keçirilib. Bakı şəhəri üzrə Təhsil İdarəsindən deyirlər ki, sonuncu imtahanın nəticələri iyunun 21-də açıqlanacaq.
XS
SM
MD
LG