Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:03

Təzə təmir olunmuş Ombudsman Aparatına köhnə şikayətlər


Hökumət Evinin birinci mərtəbəsində yerləşən Ombudsman Aparatı təzə təmirdən çıxıb

Hökumət Evinin birinci mərtəbəsində yerləşən Ombudsman Aparatı təzə təmirdən çıxıb

Hökumət Evinin birinci mərtəbəsində yerləşən Ombudsman Aparatı təzə təmirdən çıxıb. Girişin sağ tərəfində divara Azərbaycan Konstitusiyasının 12-ci maddəsi «İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir» yazılmış lövhə vurulub. Sol tərəfdə isə qızılı hərflərlə ombudsmanın müstəqil və qərəzsiz fəaliyyət göstərməsi haqda andı yazılıb.

ŞİKAYƏTLƏR NƏDƏNDİR?

Ombudsman Aparatına şikayətə gələnlərdən bəziləri şikayətləri qeydə alınan müddətdə bu yazıları oxuyurlar. Ombudsmana şikayət edənlər isə məhkəmələrdən tutmuş işə bərpa məsələlərinə qədər çox şeydən şikayət edir.

Bakı sakini Samir Əmirov deyir ki, onun şikayəti evlərini uçuran tikinti şirkətindəndir:

«Bir il bundan əvvəl günorta vaxtı evin yaxınlığındakı aqreqat evin üstünə uçdu. İkinci mərtəbə tamam dağıldı. Bir ildir bu günə kimi məhkəmə gedir, ancaq şirkət bizə 1 qəpik də olsun kompensasiya ödəməyib».

Bərdə rayonundan şikayətə gələn Dəmir Əmirovsa deyir ki, dövlət orqanları onun şikayətlərini bir-birlərinə ötürürlər:

«Mənim 1 hektarlıq pambığımı yandırıblar. Ərazimin 100 faizi məhv olub, ancaq 20 faiz yazıblar. Ədliyyə Nazirliyinə, Ali Məhkəməyə, Ali Məhkəmənin Kollegiyasına, Prezident Aparatına yazmışam, baxmırlar, gəlmişəm ki, bəlkə burda baxdılar».

Yaşı 70-i haqlayan qarı isə şikayətini ancaq ombudsmana deyəcəyini bildirirdi: «İki kəlmə sözüm var, özünə deyib gedəcəyəm».

Bazarda satıcı işləyən Sahib Əhmədovu isə polis vurub. Həmin polisdən o məhkəməyə şikayət edib. Ombudsmanasa ona görə üz tutub ki, işi it-bata düşməsin:

«Heç kim heç kimi vura bilməz, o ki ola polis, ondan olan şikayətimin üstündə axıra qədər dayanacağam».

Bu gün qəbul günü olsa da, şikayətə gələnlər çox deyildi. Bakı sakini Tahir Məmmədov deyir ki, o bir vətəndaş kimi hüquqlarının pozulmasıyla çox yerdə rastlaşır. Ancaq artıq neçə illərdir ki, harasa şikayət eləmir:

«Çünki boş yerə vaxt itirirsən. Bir məsələ uzandıqca uzanır. Adam da boğaza yığılır, əsəbləri pozulur».

BÜTÜN PROBLEMLƏRİN HƏLLİNİ OMBUDSMANDAN GÖZLƏMƏK DOĞRU DEYİL

Hüquq müdafiəçisi Murad Sadəddinovsa deyir ki, bütün problemlərin həllini ombudsmandan gözləmək doğru deyil. Ancaq o hesab edir ki, ombudsman öz səlahiyyətlərindən istifadə edib çox iş görə bilər:

«Azərbaycanın bugünkü günündə bütün problemlərin həllini ombudsmandan istəmək də düzgün deyil. Ombudsmanın müəyyən dairədə çalışdığını hiss edirik. Ancaq Azərbaycanda insan haqlarıyla bağlı o qədər problem var ki, onların həllini ombudsmandan tələb eləmək mümkün deyil. Ancaq hesab edirəm ki, Ombudsman Aparatı bu gün daha geniş fəaliyyət göstərə bilər. Biz hüquq müdafiəçiləri heç bir səlahiyyəti olmaya-olmaya nəyəsə nail ola biliriksə, ombudsmanın səlahiyyətləri çox olduğundan çox iş görə bilər».

Ombudsman Elmira Süleymanova ölkədə insan haqlarının vəziyyətiylə bağlı illik hesabatında deyib ki, keçən il ona edilən 9 minə yaxın müraciətin 93 faizi şikayət olub. Şikayətlərin çoxu isə məhkəmələrdəndir.
XS
SM
MD
LG