Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:52

Reyqanın siyahısında olan azərbaycanlı


O, Azərbaycanın ilk siyasi məhbusu oldu, amma sonuncusu olmadı

O, Azərbaycanın ilk siyasi məhbusu oldu, amma sonuncusu olmadı

O, həyatının təxminən 20 ili barədə düz 2 saat dayanmadan danışdı. Hər şey yadında aybaay, az qala günbəgün qalıb. Onu dindirən müstəntiqlərin, nəzarətçilərin, dəlixana həkimlərini adbaad xatırlayır. Adının «KQB-nin qara siyahı»na nədən düşdüyünü incəliyinə kimi danışır. O, memar olmaq, evlər tikmək istəyirdi, amma əvəzində onun evini yıxdılar. Arzuları unuduldu, ailəsi dağıldı, yurdundan didərgin düşdü, təzyiqlər gördü, adı ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın «sovetlərin siyasi məhbusları» siyahısına yazıldı. O, Nadir Ağayevdir. Adının qabağında «dissident» sözü işlədilən kəs... Ən azı Azərbaycanın dünyada tanınan ilk siyasi məhbusudur.

İLK ETİRAZ QAZAXISTANDA BAŞLAYIR

Nadir Ağayev danışır ki, 1963-cü ildə ali məktəbi bitirəndən sonra bir tələbə dostuyla təyinatla Qazaxıstana, Alma-Ataya işləməyə gedir: «Biz türkdilli ölkə kimi seçmişdik Alma-Atanı». Amma Qazaxıstana ayaqlarını qoyub yerbəyer olmamış onları kədər bürüyür. Hər yerdə rus dilində danışırmışlar. Gənc memar Nadir Ağayevin içində milli hiss oyanır, tez-tez qazaxlara «niyə doğma dilinizdə danışmırsınız» sualını verir, cavablardan öz gələcək taleyini oxuyurdu. Şəhərin mərkəzindəki üç otaqlı ev, gözqamaşdırıcı təkliflər belə onda bu taleyi seçməyə həvəs oyatmır. «Gördüyüm qazaxlar kimi doğma dilimi unuda, ruslaşa bilərdim. Bunu istəmədim».

(yazı videonun altında davam edir)



«CƏNCƏL İŞLƏRDƏN UZAQ»

Ev-eşik, ad-san, elmi dərəcə, vəzifə və rahat ömür… Bakının dağlı məhəlləsində böyüyən, özü dediyi kimi «cəncəl işlərə baş qoşmayıb başını aşağı salıb dərsini oxuyan» Nadir Ağayev elə bunları Bakıda da qazana biləcəyini düşünür. Qazana bilərdi də. Əgər hamı kimi başını aşağı salıb «yuxarıdan» göndərilən təlimatlara «barmaq» qoymasaydı: «İşlərimizi başqa respublikalara göndərirdik. Onlar da bizə özlərinkini göndərirdilər. Görürdüm ki, əhalisi xristian olan respublikalardan gələn layihələr onların öz dilində yazılır, xülasəsi rus dilində verilir, Azərbaycan kimi respublikalardan isə layihənin rus dilində yazılması tələb olunur. Ona da fikir verirdim ki, Azərbaycanda oxuyan yerli tələbələrə təyinatı başqa respublikalara verirlər, Ermənistandakı yerli tələbələri isə Azərbaycana işləməyə göndərirlər. Bunlar məndə ciddi narazılıq yaratdı».

KOLXOZLARIN ANA DİLİ TƏLƏBİ

Nadir Ağayev deyir ki, kolxozlar onlara layihə sifariş verirdi. Bu layihələr isə rus dilində yazılırdı. Rayonlara ezamiyyətə gedəndə isə görür ki, kolxozlarda rus dilini yaxşı bilmədiklərindən layihələri başa düşməyiblər, atıblar bir qırağa: «Onda başladım kolxoz rəhbərliyilə iş aparmağa ki, Konstitusiyada respublikanın dili Azərbaycan dilidir. Bakıya məktub yazın ki, layihələr ana dilində olsun. Rəhbərliyə bu ruhda məktublar gəlməyə başladı. Şübhələndilər ki, bu məktublar mənim rayonlara ezamiyyətimdən sonra gəlir».

İLK DİNDİRMƏNİN ƏKS-SƏDASI

1960-cı illərin axırında Nadir Ağayevə respublikanın inzibati rayonlarının kompleks planlaşdırılmasına rəhbərliyi tapşırırlar. «Başımı aşağı salıb işimi görürdüm. Amma dilimi də dinc saxlamırdım. Sovet quruluşunun əleyhinə danışırdım».

66-cı ilin son aylarında qapısını milislər döyür. Bu onların ilk gəlişi olsa da, sonuncu olmur. Milis idarəsində özünü Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları kimi təqdim eləyənlər Nadir Ağayevə hədə-qorxu gəlir, deyirlər ki, sən rayonlarda, işdə sovet quruluşuna əks-təbliğat aparırsan. Axırda dilindən iltizam alınır ki, siyasətlə bir daha məşğul olmayacaq.

Onu həbs etməsələr də, milisə çağırılması Ağayevə münasibətin dəyişməsinə bəsiymiş. Vəzifədən çıxarılır, adı işdə qalsa da, ona heç bir iş tapşırılmır. Dostlar üz döndərir: «Qərara gəldim ki, o vaxt Mərkəzi Komitənin birinci katibi Vəli Axundova ərizə yazım. Yazdım ki, əməllərində Konstitusiyaya zidd bir şey yoxdur, amma məni cəmiyyətdən təcrid eləyiblər».

Nadir Ağayev danışır ki, ərizə öz təsirini göstərir, Mərkəzi Komitənin göstərişiylə onun işi yenidən yoxlanır və yerinə bərpa olunur. Bundan sonra bəlkə də Nadir Ağayevin həyatı elə onun arzuladığı kimi gedəcəkdi, artıq elmi iş də götürmüşdü.

«TƏRİF BELİMİ QIRDI»

Nadir Ağayev danışır ki, Moskvadan onlara Azərbaycanın coğrafi relyefinə uyğun olmayan təlimatlar göndərir və tələb eləyirmişlər ki, layihələr bu təlimatlara əsasən hazırlansın: «Bizdə isə dağlıq, dağətəyi rayonlardır, Rusiyanın relyefiylə bizimki düz gəlmir axı».

1970-ci ilin əvvəlində Moskvadan, Dövlət Planlaşdırma Komitəsindən gələn komissiyanın və Azərbaycan Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevin də iştirak elədiyi yığıncaqda Nadir Ağayev bu məsələni qaldırır: «Bizi divara qısnadılar ki, filan işi düz eləmədiniz. Mən də dözmədim. Ayağa durub dedim ki, oturmusunuz Moskvada, gündə bir təlimat göndərirsiniz. Amma sizin yazdıqlarınız bizə uyğun gəlmir. Mən sərt tonda danışdım. Direktorumuzun rəngi ağappaq ağarmışdı. Mən sözümü qurtarandan sonra komissiyada olan bir professor ayağa qalxıb dedi ki, düz deyir, onunla razılaşmalıyıq».

Həmin ilin sonunda Bakının kompleks planıyla bağlı Heydər Əliyevin sədrliylə iclas keçirilir. Yanında da SSRİ Dövlət Tikinti Komitəsi sədrinin birinci müavini Gennadi Fomin oturub: «Gennadi Fomin çıxış elədi, bir xeyli danışdı, bizim sahəyə keçəndə birdən mənim adımı çəkdi ki, gənc, bacarıqlı kadrdır, cəsarətlidir. Məni bir xeyli təriflədi. Elə bu tərif də belimi qırdı».

MOSKVA MEHMANXANASINDA GECƏ HƏBSİ

1971-ci ildə işdən çıxarılan Nadir Ağayev barəsində cinayət işi qaldırılır, amma əsas olmadığından işə xitam verilir. Az keçmiş Cinayət Məcəlləsinin 167-ci maddəsiylə (vəzifədən sui-istifadə etmək) qaldırılan cinayət işi də dalana dirənir. Nadir Ağayevin işində bir nöqsan tapa bilmirlər. Üstəlik, dəlixanaya da göndərirlər. Amma bir aydan sonra həkimlər onda heç bir ruhi əsəb xəstəliyi əlaməti olmadığıyla bağlı rəy verirlər. O isə işsiz-gücsuz dolaşır, axırda Moskvaya gedib vəzifəli dostlarından iş istəyir. Qərarı qətiydi, Alma-Atada üz döndərdiyi taleyi ilə üz-üzəydi. Onu «ruslaşma» gözləsəydi də, artıq Bakıya dönməyəcəkdi.

İş çətinliklə düzəlir, çünki Bakının razılığı lazımıydı, Nadir Ağayevin keçmiş rəhbərliyi isə buna etiraz edir. Amma Moskvalı dostlar razılıq üçün başqa yol tapırlar, Bakı memarlığında səlahiyyət yiyəsi olan Əliş Ləmbəranski verəcəkdi bu razılığı: «Həmin gün kefim yaxşıydı. Bakıdakı üç otaqlı evimi də Moskvada bir otaqlı evə dəyişəcəkdim. İşim də olacaqdı. Mehmanxanadan evə də zəng elədim ki, hər şey yaxşıdır. Yuxu görən deyiləm, amma həmin gecə yuxuda gördüm ki, məni tuturlar, qızım isə elə qışqırır ki, ata, getmə, getmə. Tərin içində oyandım. Səhərə yaxınıydı. Birdən otağın qapısı döyüldü, açdım ki, iki nəfər. Bakıdan gəlmişdilər. Dedilər ki, siz həbs olunursunuz!»

İSTİNTAQSIZ, MƏHKƏMƏSİZ HÖKM

Bu dəfə o, Cinayət Məcəlləsinin 188-ci maddəsinin birinci hissəsiylə, sovet cəmiyyətinin mənəviyyatını korlayan fikirlərin yayılması ittihamıyla həbsxanaya salınır. Ailəsi isə onun hələ də Moskvadan qayıtmadığını düşünür. Bir neçə gündən sonra o, başqa kameradakı məhbusların köməyilə ailəsinə xəbər göndərir: «İkiadamlıq kamerada bir nəfərlə qalırdım. Nəzarətçi mənə demişdi ki, onun yanında artıq-əskik danışma. Bir gün içirdib yaxasından yapışıb öyrəndim ki, məndən söz almaq üçün burdadı. Dedi ki, mənim yoldaşlarımın kim olduğunu öyrənməlidir».
Bir müddət sonra barəsində istintaqsız-məhkəməsiz hökm çıxarılır. Nadir Ağayev 3 ilini barmaqlıqlar arxasında keçirməliydi. Siyasi motivlə həbs olunan məhbus kimi respublikadan çıxarılmasını istəyir. Amma onu Salyana gətirirlər. Burda turmə rəisi onun yerlisi çıxır, hörmət eləyib Ağayevi 14 ay tez azadlığa buraxır. Amma siyasi məhbusu azadlığa buraxmaq turmə rəisinə baha başa gəlir, bunun üstündə işini itirir. Və tələb eləyirlər ki, Nadir Ağayev yenidən həbsxanaya qayıtsın».

ARVAD DA ÜZ DÖNDƏRİR

O isə iki ay Bakıda gizlənəndən sonra Azərbaycandan qaçır. Tale onu Sibirə gətirir. Bir il bitər-bitməz geriyə qayıdır. Amma həyat yoldaşı onu yaxşı qarşılamır: «Mənə dedi ki, onu Dövlət Təhlükəsizlik Komitəsinə çağırıblar, deyiblər ki, ərin sovet dövlətinin düşmənidir, ona nifrətini bildir, mən də bildirdim. Başa düşdüm ki, artıq burda qalmağın yeri yoxdur. Bacımgilə getdim. Amma elə həmin gün məni yenidən həbs etdilər».

Gah ona deyirlər respublikadan çıxma, gah da deyilər ki, yox, bir dəfəlik get. Bu siçan-pişik oyununa nəhayət son qoyulur. Onu xuliqanlıq ittihamıyla həbs eləyib dəlixanaya salırlar. Özü də Moskvada. Onun SSRİ Daxili İşlər Nazirliyinin nəzdində olan həbsxana tipli xəstəxanada məcburi müalicə olunması məsləhət bilinir: «79-cu ilin dekabrın 6-da məni ora apardılar. 10 dəqiqəlik müayinədən sonra həkim dedi ki, ağır vəziyyətdə olan ruhi xəstəyəm, cəmiyyət üçün təhlükəliyəm».

9 İL DƏLİXANADA

9 illik həyat bu dəlixanada necə keçib? Onun yaşantıları, dünyası nə rəngdə olub? «Orda «srok» yoxuydu. Həbs eləsəydilər, uzağı 5 il verəcəkdilər, amma burda müddət yoxdur. İcazəni Təhlükəsizlik Komitəsi verirdi. Desəydilər, daha təhlükəsi yoxdur, buraxın, buraxacaqdılar, desəydilər, öldürün, öldürəcəkdilər. Gözümüzün qabağında neçə adamı öldürdülər. Adamın qollarını tuturdular, içi dolu, özü də çox iri şprisi onun baldırına batırırdılar. Adam başı kəsilmiş toyuq kimi çapalayırdı. Nə cür döyürdülər!.. Əynində cındır köynək, ayağında ağır əsgər çəkməsi... Gündə dörd dəfə tualetə getməyə icazə verirdilər. İstidə kamerada iydən beyin çatlayırdı. Bitin içində də üzürdük. Hərdən elə iynə vururdular ki, dilimiz söz tutmurdu, danışa bilmirdik. Həbsxana daha yaxşıydı».

REYQANN SİYAHISI

1988-ci ilin mayında ABŞ prezidenti Ronald Reyqan Moskvaya səfərə gəlir. O vaxt SSRİ-nin baş katibi olan M.Qorbaçova bir siyahı uzadıb burdakı şəxslərlə görüşmək istədiyini deyir. SSRİ-nin siyasi məhbusları hesab olunan bu siyahıda Nadir Ağayevin də adı olur. Qorbaçov görüşə razılıq vermir, amma söz verir ki, bu adamlar azadlığa buraxılacaq. Həmin ilin noyabrında Nadir Ağayev azadlığa çıxanlar arasında olur...

SON
Bu, yazının sonluğudur, Nadir Ağayevin yox. Onun ömrü davam eləyir, indi də müstəqil Azərbaycanda haqsızlığa, rüşvətə dözmür, keçmiş-indiki hakimiyyət rəhbərləri haqqında cild-cild kitablar yazıb onları bir çox şeylərdə günahlandırır.

Yenə də üzərində nəzarət, təzyiq hiss eləyir, amma daha onu bir də dəlixanaya sala biləcəklərinə inanmır.

O, Azərbaycanın ilk siyasi məhbusu oldu, amma sonuncusu olmadı. Dünya hüquq müdafiəçilərinin siyahılarından Azərbaycanın adı hələ pozulmayıb...

Şərhləri göstər

XS
SM
MD
LG