Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:49

Çörəyi torpaqdan çıxanların arzusu


Fermerlər indi əsasən taxıl əkməyə üstünlük verirlər

Fermerlər indi əsasən taxıl əkməyə üstünlük verirlər

Yay mövsümü ərzaq səbətini təzələyib, mövsüm meyvələri, təzə xiyar-pomidor, tərəvəz uzaqdan gəl-gəl deyir. Amma qiymətlər elə bahadır ki, yaxın düşmək olmur. Uzaqbaşı tərəvəz alırsan.

FERMER «ƏLİ AŞINDAN DA OLUR, VƏLİ AŞINDAN DA…»

Mer-meyvənin qiyməti isə od tutub yanır. Amma Göy-göl rayonunda işləyən fermer Hamlet Quliyev deyir ki, bazarın bahalığı bizi aldatmasın, fermerlər heç də «qaz vurub qazan doldurmurlar». Əksinə, onların məhsuluna elə ucuz qiymət təklif olunur ki, fermer «əli aşından da olur, vəli aşından da», yəni nə gəlir götürür, nə maya dəyərini çıxara bilir. Hamlet Quliyev:

«Deyək ki, əti alverçiyə aparıb satırdıq, 5 manata, qatığı 50 qəpiyə, xiyarı satırdıq 70 qəpiyə, pomidoru 50 qəpiyə. İndi xiyar 20 qəpikdir. Üzümü 1 manata verirdik, indi olacaq 30-40 qəpik. Bazar yoxdu ey…»

Bazarda alıcılıq qabiliyyətinin zəifləməsini Gəncə Biznes Qrupun icraçı direktoru Arif Cahangirov da deyir. Onun sözlərinə görə, tələbatın azalması kənd təsərrüfatı məhsullarının satışına ciddi təsir göstərib:
«Qiymətlər aşağı düşür. Onların gəlirləri azalıb. Yumurtanın qiyməti düşüb. Bu da böyük problemlər yaradıb fermerlər üçün».

Arif Cahangirov deyir ki, dünya maliyyə böhranı bir çox fermer təsərrüfatına böyük ziyan vurub.
Məhsulunu xarici bazara, daha çox Rusiyaya çıxaran fermerlərin gəliri azalıb:

«Rusiyada dolların qiyməti qalxanda bizim fermerlər ziyana düşdülər. Məhsulları ucuzlaşdı. Azərbaycanın Qərb bölgəsindən Rusiya bazarlarına tərəvəz məhsulları göndərilir».

KREDİT ALMAQ MÜMKÜN DEYİL

Azərbaycan Kəndli-Fermer Təsərrüfatları İstehsalat Birliyinin rəhbəri Sadiq Murtuzayev də deyir ki, qlobal böhran Azərbaycanda kənd təsərrüfatının bütün sahələrini tərpədib:
«Məsələn, quşçuluq artıq səmərəli deyil, yem qıtlığı var. Pambıq əkənlərin sayı azalıb. Dünya bazarında pambıq ucuzlaşıb. Pambıq becərən texnika yoxdur, köhnə texnika sıradan çıxıb. Ona görə də pambıq əkmək fermerə baha başa gəlir. Pambıq demək olar ki, əkmirlər. Vaxtilə 1 milyondan çox pambıq verirdilər, indi düşüb 50-60 tona. İndi heç onu da əkmirlər. Vaxtilə 2 milyon tondan çox üzüm verib Azərbaycan, amma indi 100 min tona düşüb. Bir hektar yer 5-6 min dollara başa gəlir. Fermer də nə kredit ala bilir bu qədər, nə də özündə vəsait var».

Sadiq Murtuzayev deyir ki, kiçik fermerlər çıxış yolu kimi heyvandarlığa üstünlük verib, amma onların mal-qarası da barmaqla sayılır. Bir də taxıl əkməklə çullarını sudan çıxarmağa çalışırlar.

Fermer Hamlet Quliyev də bizə danışdı ki, öz kiçik təsərrüfatını qorumaq üçün bir neçə işin qulpundan yapışıb. Həm toyuq-cücə saxlayır, mal-qaraya baxır, arı saxlayır, əkin-biçinlə məşğuldur, həm də perspektiv üçün üzüm bağı, moruqluq salıb. Amma 2 ha torpağının yarısı hələ də boşdu. İmkanı yoxdur ki, onu əkib-becərə:
«Üzümü əkmişəm, dərmanına, məftilinə pul yoxdu. Moruq əkmişəm. Kol böyüyəndə gərək onu dirəyə sarıyasan axı, məftil almağa isə pul yoxdur. İmkan olsa, 500-1000 dənə xurma ağacı əkərəm, başqa meyvə ağacı əkərəm. 5 il sonra da sataram. Suyunu çəkməyə bir xeyli maya qoymuşam».

«ÇƏTİNLİK ÇƏKİRİK»

Elə Azərbaycanın Şəmkir rayonunda yaşayan fermer İbrahim İbrahimov da vəziyyətin çətinliyindən gileylidir. Deyir ki, bir müddət əvvəl fermerlər kredit ala bilirdilər və bu vəsaitlə təsərrüfatlarının idarə edirdilər. Amma indi fermerlərdə nağd pul yoxdur, kredit götürmək də çətinləşib, faizlərin yüksəkliyi kredit arzusunu boğub. İbrahim İbrahimov ötən əkin-biçin illərində öz texnikasıyla başqa fermerlərə də xidmət göstərib pul qazanıb. Amma indi ona sifariş verənlərin sayı azalıb, tapılan sifarişçi də işini nisyə gördürmək istəyir:
«Yanacaq almağa pulumuz da yoxdur. Ehtiyat hissələri çox bahadır. Çətinlik çəkirik».

Azərbaycan Kəndli-Fermer Təsərrüfatları İstehsalat Birliyinin rəhbəri Sadıq Murtuzayev də deyir ki, get-gedə əkinə yararlı torpaqlar boşalır. Öz təsərrüfatını dayandıranlar da sayı artır. Həmsöhbətimiz deyir ki, Rusiyaya iş dalınca gedənlərin çoxu torpaqdan gəlir götürə bilməyənlərdi. O, Azərbaycanın kənd təsərrüfatı sahəsinin gələcəyindən nagümandır.

Amma Kənd Təsərrüfatı Nazirliyinin şöbə rəhbəri Sabir Vəliyev onunla razı deyil. O hesab eləyir ki, əksinə, ölkənin aqrar sahəsində inkişaf tempi var və dünya maliyyə böhranı nə iri, nə də kiçik fermerlərin işinə təsir eləyib. Sabir Vəliyev deyir ki, ölkədə əsas strateji məhsul taxılçılıq inkişaf eləyir və bu inkişafa da dövlətin dəstəyi var:

«Əkilən hər hektara 40 manat, buğda əkənə isə 80 manat verilir. Toxum da subsidiya kimi verilir. Buğda əkənə gübrə 70 faiz, digər əkin üçün 50 faiz güzəştlə verilir. Bizim sadəcə xaricə məhsul göndərməkdə çətinliyimiz var. Rusiyada, Ukraynada, Belorusda ənənəvi bazarlarımız var. O bazarlarda özəlləşmə tam başa çatmayıb deyə problemlər var. Bir çox tərəvəz məhsulları daxili tələbatdan 2,5 dəfə çoxdur, ona görə xaricə məhsul göndərmək imkanımız var».

«Bu halda niyə İrandan, Türkiyədən Azərbaycana pomidor, badımcan, kartof gətirilir» deyə Sabir Vəliyevdən soruşuruq. O isə deyir ki, azad bazardır, kim nə istəyir, onu da gətirib sata bilər.

Maliyyə naziri Samir Şərifov isə prezident yanında keçirilən ötən büdcə ilinin yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, aqrar sektora 270 milyon manatdan çox (330 milyon dollardan çox) vəsait ayrılmışdı.

FERMERİN ARZULARI…

Fikrini öyrəndiyimiz fermerlər və ekspertlər isə deyirlər ki, Ümum Daxili Məhsulda cüzi payı olan aqrar sahəni nəinki dünya iqtisadi böhrandan qorumaq, həm də inkişafına təkan vermək üçün daha əməli tədbirlərə ehtiyac var. Məsələn, onlar arzu eləyirlər ki, kreditlər əlçatan olsun, yayda dərdikləri məhsulu qışda sata bilmək üçün iri soyuducular alınsın, anbarlar tikilsin, ölkədə fermerin əli çatan qiymətə kiçik kənd təsərrüfatı texnikası istehsal edilsin, fermerlərin kooperasiyası yaradılsın. Bunlar çörəyini sözün əsl mənasında torpaqdan çıxaranların arzusudur. Yerinə yetəcəkmi?

Hazırda Gürcüstanın kənd təsərrüfatında vəziyyət necədir?

Ermənistanda fermerləri hökumətin siyasəti narahat edir

XS
SM
MD
LG