Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:58

İngiltərənin Azərbaycana 90 il əvvəlki neft borcu


Bakı mədənləri

1918-20-ci illərdə Böyük Britaniya Azərbaycandan neft alıb, amma indiyə qədər pulunu verməyib. İndi bununla bağlı sənəd üzə çıxıb.

Deputat Nəsib Nəsibli deyir ki, o, bu sənədi 10 il əvvəl Dövlət Arxivində araşdırma apararkən üzə çıxarıb. Sənəd ingilis dilində yazılıb. Deputatın deməsinə görə, həmin sənəddə göstərilir ki, Böyük Britaniya ordusu Azərbaycanda olanda yerli hökumət onları yanacaqla təmin edib. Amma yanacağın pulu Azərbaycanda sovet hakimiyyəti qurulana - 1920-ci il aprelin 28-nə qədər ödənilməyib.

Borcu Əlimərdan bəy Topçubaşov istəyib

N.Nəsibli deyir ki, həmin sənədin surətini o vaxt Xarici İşlər naziri olan Həsən Həsənova verib. Amma bu məsələ ilə bağlı hər hansı bir araşdırma aparılmayıb:

«O vaxt Əlimərdan bəy Topçubaşov Azərbaycan nümayəndə heyətinin rəhbəri və parlamentin keçmiş sədri kimi bu məsələni qaldırıb. Çalışıb ki, Azərbaycan bu pulu ala bilsin».

N.Nəsibli sənəddə nə qədər borcun olmasını unudub. Sənəd onun şəxsi arxivindədir. N.Nəsibli deyir ki, 10 il əvvəl arxivə qoyduğu sənədi indi tapmaq üçün ona xeyli vaxt lazımdır. Elə nazirlik də deputata ümidlidir.

«Həmin sənədin əsli əldə olmalıdır ki, sonra danışıqlar aparılsın»

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyir ki, nazirlikdə yalnız həmin sənədin əlyazma formasında olan surəti qalır. Bu isə ciddi bir məsələ üçün yetərli deyil. E.Poluxov hesab edir ki, həmin sənədin əsli əldə olmalıdır ki, sonra danışıqlar aparılsın:

«Yalnız sənəd əldə olunandan sonra onu göndərəcəyik ki, hüquqi qiymət verilsin. Aydın olsa ki, beynəlxalq qanunvericiliyə görə, bu sənədə əsasən müraciət etmək olar, onda müraciət edib-etməməyimizlə bağlı mövqeyimizi müəyyənləşdirəcəyik».

E.Poluxov deyir ki, istər bir qəpik, istərsə də bir milyon - borc elə borcdur:

«Ancaq gərək bu araşdırılsın. Ola bilər nə vaxtsa ödənilib, bəlkə müqavilədə hansısa maddələr nəzərdə tutulub».

XİN nümayəndəsinin ehtimallarına görə, ola bilər ki, həmin müqavilə hansısa fərdi şəxslə bağlanıb və Britaniya hökuməti bunun üçün hər hansı məsuliyyət daşımır.

Nazirlik ehtiyatlı olmağı məsləhət görür. E.Poluxov düşünür ki, bu məsələnin Azərbaycana ziyanı da dəyə bilər:

«Azərbaycan bu gün Britaniyadan pul istəsə, sabah da buna baxıb Nobelin varisləri Azərbaycandan mədənləri, o vaxt qoyduqları sərmayələri istəyə bilərlər».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG