Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:22

Azərbaycanı dost sayan rusların sayı artıb


Prezidentlər Dmitri Medvedev və İlham Əliyev, Moskva. 17 aprel 2009
Prezidentlər Dmitri Medvedev və İlham Əliyev, Moskva. 17 aprel 2009
Levada Analitik Mərkəzinin apardığı sorğunun nəticələrinə görə, respondentlərin 10 faizi Azərbaycanı «Rusiyaya dost münasibət bəsləyən» ölkə kimi görür. Azərbaycan bu siyahının əvvəllərindədir – 8-ci yerdə.

Rusiyanın dostları arasında Belorus birincidir - 50 faiz. Sonrakı yerlərdə Qazaxıstan (38), Çin (18), Almaniya (17), Ermənistan (15), Hindistan (12), Kuba (11) qərarlaşıb. Levada Mərkəzinin 4 il əvvəlki araşdırması ilə müqayisə edəndə Azərbaycanın adını «dost ölkələr» arasında çəkənlərin sayı 2 dəfə artıb, «Rusiyaya düşmən münasibət bəsləyən ölkə» sayanlar isə azalıb. İndi cəmi 2 faizdir.

Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, Rusiyanın ictimai rəyində Azərbaycana münasibətlə bağlı dəyişiklik – rəsmi Bakının Azərbaycanın son illərdə yürütdüyü rusiyayönlü siyasətlə bağlıdır.

«Mədəni-siyasi əlaqələr inkişaf edib. Prezident başda olmaqla Azərbaycan rəsmilərinin səfərləri ümumi xarici səfərlər siyahısında əhəmiyyətli yer tutmağa başlayıb».

Rusiyaya ən çox düşmən münasibəti bəsləyən ölkə - Gürcüstandır. Levada Mərkəzinin keçirdiyi sorğu zamanı respondentlərin 62 faizi belə deyib. «Düşmənlər» siyahısında ikinci ən çox adı çəkilən Amerikadır – 45 faiz. Daha sonra Ukrayna (41), Latviya (35), Litva (35), Estoniya (30), Polşa (10) gəlir. Levada Mərkəzinin 2006-ci ildəki araşdırmasında da Gürcüstan «düşmən ölkə» siyahının əvvəllərində idi, amma o vaxt belə düşünənlər təxminən 40 faiz az idi, yəni respondentlərin 44 faizi bu fikirdə idi. 3 il əvvəlin «1 nömrəli düşmən»i isə Latviya idi – 46 faiz. İndi Latviya 35 faizə enib.

Maraqlıdır ki, sorğunun nəticələrinə görə, respondentlərin «ən qatı düşmən» siyahısına saydığı ölkələr ya demokratik ölkələrdir, ya da demokratiyaya can atan keçmiş sosialist respublikaları.

Ərəstun Oruclu deyir ki, bu tendensiyada qəribə heç nə yoxdur: «Rusiyada həmişə təkcə hakimiyyət yox, adi vətəndaşlar səviyyəsində də imperialist, şovinist düşüncə üstünlük təşkil edib. Təbii ki demokratiya yayan və ya demokratiyaya can atan ölkələrə münasibət yaxşı ola bilməz».

Levada Mərkəzi qeyri-hökumət qurumudur. Sorğu 1600 nəfər arasında Rusiyanın 50-yə yaxın bölgəsində keçirilib – statistik yanlışlıq faizi – 3,4 faizdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG