Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:17

İsti hava, qızmar günəş, ağ ləpələr... və çirkli dəniz


Çimərliyə girişdə adambaşına 1 manat alıblar

Çimərliyə girişdə adambaşına 1 manat alıblar

İyunun 12-dən Bakı çimərliklərində dəniz mövsümü açılıb. Şəhərin istisinə dözməyənlər artıq çimərliklərdədir. İsti hava, qızmar günəş, ağ ləpələr... və çirkli dəniz. Çimərliyə gələnləri də elə ən çox narahat edən budur.

ADINI DA QOYUBLAR DƏNİZ…

Tələbə Sahib deyir ki, imtahandan sonra dostlarını da götürüb gəlib Şıx çimərliyinə. Dənizə bir-iki dəfə baş vurandan sonrasa kənara çıxıblar:

«Çirklidir. Görürsünüz zibillər sahilə necə çıxıb? Adını qoyublar dəniz, biz də gəlmişik guya istirahət eləməyə. Ancaq başdan ayağa çirkabdır».

Vaqifsə deyir ki, çimərliyə girişdə onlardan adambaşına 1 manat alıblar. Baxmayaraq ki, şəhər icra hakimiyyəti hər il dəniz mövsümü açılanda çimərliklərin pulsuz olduğunu elan edir:

«Hər adamdan 1 manat alırlar, heç olmasa təmizliyə fikir versinlər. Təmizlikdə problem var. Başqa çimərliklər də belədir, təkcə bura deyil ki».

Təqaüdçü Vəli Əmirovsa da baxımsızlıqdan şikayətlənir:

«Baxımsızlıqdır, suda gözlə görüləsi çirklilik var, başdan-ayağa xəstəlik, mikrobdur».

«ELƏ ADAM VAR, ONA DEYİRİK Kİ, GİRİŞ 10 MANATDIR»

Özünü inzibatçı kimi təqdim edən Siyavuş Əliyevsə iddia eləyir ki, su təmizdir: «Gəliblər, baxıblar, rəy də veriblər».

Çimərliyin pullu olması haqqında deyilənləri isə əvvəlcə yalan olduğunu dedi. Sonra isə bunları əlavə edir:

«Elə adam var, ona deyirik ki, giriş 10 manatdır. Ona görə belə deyirik ki, çox adam gəlməsin, oğrusu var, xuliqanı var».

Artıq xilasedicilər də işə başlayıb.

DƏNİZ SUYU - VƏBA VƏ MƏDƏ-BAĞIRSAQ XƏSTƏLİKLƏRİ

Çimərlik inzibatçısıının təmiz dediyi Şıx çimərliyini Gigiyena və Epidemiologiya mərkəzi hər il çimmək üçün təhlükəli zona elan edir. Dəniz suyunun təmiz olub-olmamasıyla bağlı dünəndən monitorinqlərə başlanılıb. Mərkəzin şöbə müdiri Zirəddin Kazımov deyir ki, nəticələri 10 günə açıqlayacaqlar:

«Monitorinqlərimiz Abşeron, Qaradağ, Binəqədi, Sabunçu, Əzizbəyov rayonlarını əhatə edir. Bu il yəqin ki, keçən il bağlanmış Mərdəkan Şüvəlan çimərliklərini açacağıq. Çünki orada təmizləyici qurğular işə salınıb. Yerdə qalanlara da baxırıq. Özü də biz ilkin məlumatlara əsaslanmırıq, dəniz suyundan üç dəfə analiz götürülür, bundan sonra bir rəyə gəlirik».

Həkim-infeksionist Mehdi Mehdiyev isə deyir ki, dəniz suyunda bağırsaq çöplərinin miqdarının artması vəba və mədə-bağırsaq xəstəlikləri yaradır: «Bu cür suda çimmək çox təhlükəlidir».

Ekoloqlar deyirlər ki, ilk növbədə dənizə axıdılan suların tərkibinə nəzarət güclənməlidir. Kanalizasiya sularının Xəzərə axıdılması davam etdikcə, dənizdə çimmək təhlükə mənbəyi olaraq qalacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG