Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:23

Gənclər ciddi qüvvəyə çevrilə bilərlərmi?


«May aksiyalarından sonra gənclər qüvvə kimi üzə çıxıblar»

«May aksiyalarından sonra gənclər qüvvə kimi üzə çıxıblar»

Azərbaycandakı gənclər təşkilatları adətən prezident, parlament seçkiləri ərəfəsində fəallaşır. Ona qədərsə hansısa gənclər təşkilatının aksiya keçirməsi az qala hadisəyə çevrilir. Son vaxtlar gənclər təşkilatlarının fəaliyyətində dinamiklik, haqsızlığa etiraz daha çox sezilir. Bunu deyən politoloq Ərəstun Oruclu bildirir ki, belə olanda cəmiyyətin özündə də az da olsa hərəkətlilik nəzərə çarpır.

«MAY AKSİYALARINDAN SONRA GƏNCLƏR QÜVVƏ KİMİ ÜZƏ ÇIXIBLAR»

Ötən ay - həm mayın 10-da Heydər Əliyevin doğum günüylə bağlı keçirilən gül bayramına etirazla bağlı, həm də 28 may Respublika Günündə gənclər aksiyalar keçirdilər.

Mayın 10-da keçirilən aksiyalar polislə qarşıdurma, gənclərin həbsiylə yadda qaldı. Həmin aksiyada «Ol», «Dalğa» və Müsavat Partiyasının gənclər təşkilatları fəallıq göstərdilər.

Mayın 28-də isə gənclər etirazlarını sakit keçirdilər. «Stimul» Gənclər Təşkilatının fəallarından olan Elçin Güləliyev deyir ki, onların məqsədi daha çox adamı məhz sakit aksiyayla cəlb etmək idi.

Politoloq Ərəstun Oruclu isə deyir ki, may aksiyalarından sonra gənclər qüvvə kimi üzə çıxıblar. Onun fikrincə, siyasi aksiyalarda fəallaşan gənclər ciddi qüvvəyə çevrilə bilərlər:

«Gənclər təşkilatlarında siyasi fəallığın artması müşahidə olunur. Bu da onunla bağlıdır ki, gənclər artıq hansı ölkədə yaşayacaqlarına, sabah təhsilini başa vurandan sonra hansı şəraitdə işləyəcəklərinə laqeyd deyillər. Bir çoxları da bu zəruri şəraitin yaradılması yolunu siyasi şəraitdə görürlər».

«2010-CU İLDƏ GƏNCLƏR ÖNƏMLİ ROL OYNAYACAQ»

Müsavat Partiyasının Gənclər Təşkilatının rəhbəri Tural Abbaslı isə fikirləşir ki, gənclərin fəallaşması gələn il keçiriləcək parlament seçkilərində bir qüvvə kimi ortaya çıxmalarına yardım edəcək:

«Gənclər hər zaman fəal qüvvəyə çevrilə bilərlər, ancaq hakimiyyət süni əngəllərlə bunun qarşısını alır. 2010-cu ildə gənclər önəmli rol oynayacaq. Ancaq bunu da stimullaşdırmaq lazımdır. Siyasi düşərgələr gənclərin siyasi ambisiyalarını təmin edəcək qərarlar verməlidir. Məsələn, onların namizədliyi verilməli, irəli çəkilməlidirlər».

«GƏNCLƏRİN CİDDİ QÜVVƏYƏ ÇEVRİLMƏSİNƏ İMKAN VERİLMİR»

Adətən gənclərin təhsil hüquqlarının pozulmasına, ya da mətbuat azadlığının boğulmasına qarşı aksiyalar keçirən «Dalğa» Gənclər Hərakatında isə düşünürlər ki, gənclər fəal hərəkət edə bilmirlər. Təşkilatın rəhbəri Vəfa Cəfərova deyir ki, şərait gənclərin ciddi qüvvəyə çevrilməsinə imkan vermir:

«Bizim əhatəmiz bir az fəaldır. Ancaq biz universitetlərdə fəal təbliğat apara bilmirik. Çünki gənclərin meydanı dardır, biz də bu meydanda işləyirik. Ona görə də çox adamlara çıxışımız yoxdur. Ətrafına insanları yığıb təbliğat aparmaq çox çətindir. Biz on aksiyadan beşini keçirdə bilmirik. Çünki polislər aksiyalarda iştirak edənlərin hamısını sifətdən tanıyır. 10 nəfər bir yerə yığışan kimi polis dağıdır. Gənclər fəallaşa bilərlər, ancaq harada təbliğat aparacaqlar. Televiziyalar üzümüzə bağlıdır, azad toplaşmaq hüququmuz yoxdur, bir internetdir, artıq ona da məhdudiyyət qoyulur».

Ölkədəki siyasi partiyaların gənclər təşkilatları və müstəqil gənclər qurumları yaxın vaxtlarda həm ordudakı özbaşınalıqlar, həm də gənclərin təhsil hüquqlarının pozulmasıyla bağlı silsilə aksiyalar keçirməyi də planlaşdırırlar. Hakimiyyətə yaxın «İrəli» Gənclər Təşkilatı isə iyunun 15-də Qurtuluş Günü ilə bağlı musiqili tamaşanın premyerasını keçirəcək.

Gənclər və İdman naziri Azad Rəhimov isə bu yaxınlarda gənclərin ölkənin ictimai-siyasi həyatında önəmli rol oynadığını vurğulamışdı. O düşünür ki, gənclər arasında elm və təhsilə maraq daha çox artıb. 10 maydakı etiraz aksiyalarında polisin gənclərə zorakı davranmasına isə nazir haqq qazandırıb demişdi ki, onlar məsələni şişirdiblər və heç bir zorakılıq baş verməyib.

Şərhləri göstər

XS
SM
MD
LG