Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:44

Neft niyə bahalaşır?


Neftin qiyməti yenidən 150 dollara yaxınlaşa bilərmi?
Neftin qiyməti yenidən 150 dollara yaxınlaşa bilərmi?
Son günlər neftin bir barelinin qiyməti 71 dolları keçib. Ötən ilin dekabrında bareli 33 dollar olan nefti bir neçə ayda bu qədər qiymətə mindirən nədir? Ö, yenə ötən il olduğu kimi,150 dollara yaxınlaşa bilərmi?

Londondakı neft bazarlarının təhlili üzrə ekspert Harri Çilinquarian hesab edir ki, neftin bareli yaxınlarda 50 dollar səviyyəsinə düşəcək. İlin sonlarına doğru, ABŞ-da iqtisadiyyat dirçələn vaxtlarda isə qiymət 65-70 dollara çıxa bilər:

- Siz 2007-ci ilə - neftin qiymətinin 60 dolları keçdiyi dövrə baxın, onda dünya iqtisadiyyatı ilə 5% artırdı. İndi isə əksər proqnozlarda bu rəqəmin 1.5-2% olacağı deyilir. Bunu nəzərə alanda demək olar ki, neftin qiyməti uzun müddət yüksək səviyyədə qala bilməz. İqtisadi aktivliyin aşağı olduğu dövrdə neftin qiymətində də ciddi dəyişiklik gözləmək olar.

DÜNYA İQTİSADİYYATINDA BÖHRAN ARTIQ DAYANIR?

Qlobal Enerji Agentliyi də bu il neftə tələbatın azı 2.9% azalacağını bildirib. Bəs, bu cür proqnozlar olarkən, neftin qiyməti niyə qalxır?

Təhlilçilər bunu əsasən dünya iqtisadiyyatında böhranın artıq dayandığı haqqında ümidlərlə izah edirlər.

Norveçdə - Oslodakı Nordea Bankının neft məsələləri üzrə təhlilçisi Tina Saltvedt də həmin ekspertlərdəndir:

- Getdikcə ümidlər artır ki, biz artıq iqtisadi böhranın tezliklə, azı bu yay dayanacağını görəcəyik. Bazarda da gözləntilər var ki, bohran dayanan kimi iqtisadiyyat sıçrayışla yüksələcək. Bunun gələn payız, ya da qışda baş verəcəyi, neftə tələbatın artacağı gözlənir.

Neft ölkəsi olan Azərbaycanda da mütəxəssislər neftin qiymətini proqnozlaşdırmaqda çətinlik çəkirlər. Bakıda Neft Araşdırmaları İnstitutunun rəhbəri İlham Şaban bildirir ki, hökumət 2009-cu ilin büdcəsində neftin barelini 70 dollardan hesablayıb. Amma qiymətin ən aşağı olduğu vaxtlarda da qərara gəldi ki, büdcədə neftin qiymətini dəyişməsin.

AZƏRBAYCANIN PUL SARIDAN ÇƏTİNLİYİ HİSS OLUNMUR

İ.Şaban deyir ki, neftin qiyməti büdcədə hesablanandan az olsa da Azərbaycan hökumətinin pul sarıdan çətinliyi qətiyyən hiss olunmur:

- Şəhərdə binaların divarları qaşınır. Tikinti gedir. Dünən dedilər ki, Almaniyadan 5.7 milyon dollara eskalator gətirəcəklər. Metronun təzə təmir olunmuş «İçərişəhər» stansiyasını yenidən təmirə saxlayırlar.

İlham Şaban bildirir ki, son üç ayda neftin hər barelinin orta qiyməti 50 dollar olub. Amma son 10 gündə isə orta qiymət 68 dollara qalxıb. O, bir tərəfdən neftə tələbatın azaldığı, indinin özündə anbarlarda və tankerlərdə 100 milyon barelə yaxın neftin alıcı gözlədiyi bir vaxtda neftin qiymətinin artmasını normal iqtisadi hadisə hesab etmir.
XS
SM
MD
LG